Rusiyanın T-72 və T-90 tanklarının yaradılmasında mühüm rol oynamış konstruktor Nikolay Molodnyakov 89 yaşında vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Rostex” dövlət korporasiyasına daxil olan “Uralvaqonzavod” konserninin mətbuat xidməti məlumat yayıb.
Nikolay Molodnyakov Ural Nəqliyyat Maşınqayırma Konstruktor Bürosunun (UKBTM) baş konstruktorunun müavini vəzifəsində çalışıb və zirehli texnika sahəsində aparıcı mütəxəssislərdən biri hesab olunub. O, Uralvaqonzavod və UKBTM-də ümumilikdə 66 il fəaliyyət göstərib. Karyerasına mühəndis-tədqiqatçı vəzifəsindən başlayıb.
Molodnyakov T-72 və T-90 tanklarının hazırlanması, silahlanmaya qəbul edilməsi və modernləşdirilməsi üzrə işlərdə iştirak edib. O cümlədən, T-90 tankının ilk versiyasının yaradılmasında və onun seriyalı istehsalının təşkilində mühüm rol oynayıb. Konstruktor həmçinin döyüş maşınlarının mühafizəsinin və silahlanmasının gücləndirilməsi məsələlərinə kuratorluq edib.
Sonrakı illərdə Nikolay Molodnyakov hərbi texnikanın ixracı istiqamətində fəaliyyət göstərib, T-72S və T-90S tanklarının xarici ölkələrdə keçirilən sınaqlarına rəhbərlik edib. Onun təşəbbüsü ilə 1997-ci ildə IDEX beynəlxalq sərgisində T-90S tankının ilk dinamik nümayişi həyata keçirilib.