28 yanvar 2026 19:39
118

Dişləri ağartmağın YENİ ÜSULU - OXUYUN XƏBƏRİNİZ OLSUN

Ev şəraitində təhlükəsiz ağartma mümkündür

Çinli alimlər elektrikli diş fırçasının titrəyişləri ilə aktivləşən, prototip mərhələsində olan yeni diş ağardıcı toz hazırlayıblar. Alimlər bu yeniliyin dişləri təhlükəsiz şəkildə ağartmaqla yanaşı, ağız boşluğunun sağlamlığını da yaxşılaşdıran effektiv və ev şəraitində tətbiq oluna bilən yeni müalicə üsuluna yol aça biləcəyini bildiriblər.

Dişlər genetik səbəblərdən, eləcə də pomidor, qəhvə və çay kimi qida və içkilərin təsiri nəticəsində, müntəzəm fırçalansa belə ləkələnə bilir. Geniş yayılmış kimyəvi ağardıcı vasitələr ləkələrin azalmasına kömək etsə də, onların diş minasına zərər verdiyi məlumdur. Xüsusilə stomatoloji klinikalarda tez-tez istifadə edilən peroksid əsaslı ağardıcı gellər və qarqaralar, ləkə yaradan molekulları parçalamaqla yanaşı, diş minasına zərər verən reaktiv oksigen növləri (RON) istehsal edir. Yeni hazırlanmış toz isə elektrikli diş fırçasının titrəyişləri ilə aktivləşərək dişləri həm ağardır, həm də qoruyur.

Tədqiqatın nəticələri elmi rəyli “ACS Nano” jurnalında dərc olunub. Araşdırmanın müəlliflərindən biri- Min Sin qeyd edib ki, bu yanaşma diş ağardılması, mina bərpası və ağız mikrobiomunun balansını birləşdirən, uzunmüddətli ağız boşluğunun sağlamlığı üçün təhlükəsiz və evdə tətbiq edilə bilən strategiya təqdim edir.

Yeni toz yalnız elektrikli diş fırçasının titrəyişləri ilə aktivləşdikdə reaktiv oksigen növləri yaradır və bu proses zamanı dişləri gücləndirir, eyni zamanda, bərpa edir. Stronsium və kalsium ilə yüklənmiş hissəciklərdən, eləcə də məhlulda olan barium ionlarının birləşməsindən ibarət maddə qızdırılaraq BSCT adlı keramika tozuna çevrilir. Alimlərin sözlərinə görə, toz titrədikdə kvars kristallarının saat mexanizmini işlətməsinə bənzər şəkildə kiçik elektrik sahəsi yaradır. Bu elektrik sahəsi isə tozda reaktiv oksigen növlərinin yaranmasına səbəb olan kimyəvi reaksiyaları işə salır.

Tədqiqatçılar laboratoriya şəraitində çay və qəhvə ilə süni şəkildə ləkələnmiş insan dişləri üzərində sınaqlar aparıblar. Dişlər BSCT tozu və elektrikli diş fırçası ilə 4 saat fırçalandıqda gözlə görünən ağarma müşahidə olunub. 12 saatlıq fırçalamadan sonra isə bu dişlərin, sadəcə duzlu su ilə fırçalanan nəzarət qrupuna nisbətən təxminən 50 faiz daha parlaq olduğu müəyyən edilib. BSCT ilə fırçalama zamanı tozun tərkibindəki stronsium, kalsium və barium ionları diş səthində çöküntü yaradaraq bəzi dişlərdə zədələnmiş mina səthinin bərpasına da kömək edib. 

Toz, həmçinin yüksək şəkərli qida ilə bəslənən siçanlar üzərində də sınaqdan keçirilib. Dörd həftə ərzində gündə bir dəqiqə BSCT ilə dişlərin fırçalanması siçanlarda faydalı ağız bakteriyalarının bərpasını təmin edib, periodontitə səbəb olan Porphyromonas gingivalis və Staphylococcus aureus bakteriyalarını isə məhv edib.

Şahnigar Əhmədova, “İki sahil”