Gündəlik hərəkətlilikdən uzunmüddətli faydalara
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi ölkədə urbanistik yanaşmaların yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu prosesdə nəqliyyat infrastrukturu şəhər planlamasının əsas dayaqlarından biri kimi çıxış edir. Müasir şəhər yalnız estetik memarlıq həlləri ilə deyil, funksional həm də təhlükəsiz və davamlı nəqliyyat sistemi ilə ölçülür. Şəhərsalma siyasətində əsas hədəf yaşayış, iş və ictimai məkanlar arasında rasional əlaqə yaratmaq, hərəkətliliyi asanlaşdırmaq və ekoloji tarazlığı qorumaqdır.

Yeni urbanistik yanaşmalara əsasən, nəqliyyat infrastrukturu təkcə avtomobil axınını tənzimləyən mexanizm kimi deyil, şəhər həyatının keyfiyyətini formalaşdıran sosial faktor kimi nəzərdən keçirilir. Yol şəbəkələrinin planlanması zamanı piyada və velosiped hərəkətinə üstünlük verilməsi, ictimai nəqliyyatın əlçatanlığının artırılması, yaşayış massivlərinin mərkəzlərlə inteqrasiyası prioritet istiqamətlər sırasındadır. Bu yanaşma şəhər sakinlərinin gündəlik vaxt itkisinin azalmasına, hava çirklənməsinin minimuma endirilməsinə və ümumi yaşayış komfortunun yüksəlməsinə xidmət edir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələrdə “ağıllı” nəqliyyat sistemlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal idarəetmə, yol hərəkətinin real vaxt rejimində monitorinqi, işıqforların adaptiv tənzimlənməsi şəhər daxilində nəqliyyat sıxlığını azaltmaqla yanaşı, təhlükəsizliyi də gücləndirir. Eyni zamanda, dayanacaqların planlı şəkildə təşkili və yeraltı-parkinq həlləri şəhər mərkəzlərində məkanın daha səmərəli istifadəsinə imkan yaradır.
Müasir şəhər planlamasında nəqliyyat infrastrukturu memarlıq ansamblları ilə harmoniyada qurulur. Yeni yollar, körpülər və tunellər şəhərin tarixi simasını pozmadan, əksinə, onu tamamlayan funksional elementlər kimi layihələndirilir. Bu, həm şəhərin vizual bütövlüyünü qoruyur, həm də nəqliyyatın şəhər məkanına yaratdığı təzyiqi azaldır. Xüsusilə yenidənqurma və bərpa olunan ərazilərdə nəqliyyat şəbəkəsinin əvvəlcədən düzgün planlanması uzunmüddətli sosial və iqtisadi faydalar təmin edir.
Ümumiyyətlə, “Şəhərsalma və Memarlıq İli” müasir nəqliyyat infrastrukturunun formalaşdırılmasını dövlət siyasətinin mühüm istiqaməti kimi ön plana çıxarır. İnsan mərkəzli, ekoloji cəhətdən dayanıqlı və texnoloji baxımdan çevik nəqliyyat sistemi gələcəyin şəhərlərinin əsas göstəricisi sayılır. Bu yanaşma şəhərlərin yalnız bu günün ehtiyaclarına deyil, gələcək nəsillərin tələblərinə də cavab verməsini təmin edir.
Bəs “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müasir şəhər planlamasına uyğun olaraq nəqliyyat infrastrukturunda hansı əsas dəyişikliklər prioritetdir?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müasir şəhər planlamasında əsas prioritetlərdən biri şəhər mobilliyinin təmin olunmasıdır: “Şəhər mühitində hər kəs üçün sərbəst və təhlükəsiz hərəkət imkanları yaradılmalıdır. Bu baxımdan piyada zonalarının genişləndirilməsi prosesi davam etdirilməli, piyada təhlükəsizliyi ilə bağlı həm maarifləndirici tədbirlər gücləndirilməli, həm də yol infrastrukturunda konkret dəyişikliklər aparılmalıdır. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçid sürətləndirilməli, şəhər daxilində avtomobillər üçün parklanma yerlərinin təşkili artırılmalıdır. Eyni zamanda, şəhərsalma və tikinti sahəsində mövcud nöqsanlar aradan qaldırılmalıdır. Yeni binalar inşa olunarkən mövcud nəqliyyat infrastrukturu, həmin binalara giriş-çıxış yollarının vəziyyəti və ərazilərdə nəqliyyatın hərəkət sxemi mütləq nəzərə alınmalıdır. Bu məsələlər şəhər planlamasında əsas istiqamətlərdən biri kimi götürülməlidir”.

Bu məsələlərə diqqət çəkən Eldəniz Cəfərovun fikirləri şəhər nəqliyyatında daha çox lokal hərəkətlilik və gündəlik komfort amillərinə fokuslanırsa, mövzunun digər mühüm tərəfi isə nəqliyyat sisteminin ümumi strukturunun necə formalaşdırılması ilə bağlıdır. Məhz bu məqamda nəqliyyat infrastrukturuna daha geniş, strateji müstəvidən yanaşan daha bir nəqliyyat eksperti Aslan Əsədovun mövqeyi diqqət çəkir.

Aslan Əsədov "İki sahil"ə açıqlamasında bildirdi ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi mühüm və təqdirəlayiq addımdır. Bakı şəhəri üzrə Baş planın tələblərinə uyğun olaraq elə layihələr icra edilməlidir ki, paytaxtın ümumi nəqliyyat infrastrukturunda rahatlıq və funksional əlaqə təmin olunsun: “Rahat yol anlayışı burada mövcud problemlərin sistemli şəkildə həllini nəzərdə tutur. Bunun üçün nəqliyyat növləri arasında koordinasiya gücləndirilməlidir. Metro, avtobus, taksi, dəmir yolu və hava nəqliyyatı arasında yeraltı və yerüstü əlaqələrin effektiv qurulması nəqliyyat sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırar. Bu cür inteqrasiya nəqliyyat infrastrukturuna müsbət təsir göstərməklə yanaşı, onun davamlı inkişafını da təmin edər. Əks halda koordinasiyanın zəifliyi və əlaqələrin lazımi səviyyədə qurulmaması problemlərin uzun müddət həll olunmadan qalmasına səbəb ola bilər. Şəhərdə yolların kənarında, mühafizə zolaqlarında və digər ərazilərdə inşa olunmuş binalarla bağlı məsələlər də diqqət mərkəzində saxlanmalıdır. Bu problemlərə kompleks yanaşma tətbiq edilməli və onlar yüksək səviyyədə həllini tapmalıdır”.
Nigar Orucova, "İki sahil"