ABŞ yaxın zamanda Venesuelada öz diplomatik mövcudluğunu bərpa etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Senatdakı dinləmələrdə bildirib.
Onun sözlərinə görə, bu, Vaşinqtona real vaxt rejimində məlumat əldə etməyə və təkcə müvəqqəti hakimiyyət nümayəndələri ilə deyil, həm də vətəndaş cəmiyyəti və müxalifətlə qarşılıqlı əlaqə saxlamağa imkan verəcək.
Dövlət katibi xatırladıb ki, Uqo Çavesin hakimiyyətə gəlməsindən əvvəl Venesuela ABŞ-ın etibarlı müttəfiqi idi.
O vurğulayıb ki, Venesiuelanın yeni hakimiyyəti tərifəlayiqdir - ölkədə yeni qanun qəbul edilib, bu da faktiki olaraq Uqo Çaves dövründəki neft sənayesinə özəl investisiyalar üçün bir çox məhdudiyyətləri ləğv edir.
Rubionun fikrincə, Venesuela hakimiyyəti siyasi məhbusların azad edilməsinə də başlayıb. Bəzi qiymətləndirmələrə görə, artıq 200-ə yaxın insan azadlığa buraxılıb. Dövlət katibi qeyd edib ki, bu proses Vaşinqtonun istədiyi qədər sürətli getmir, lakin davam edir və azad olunmuş şəxslərin bəziləri artıq ölkənin siyasi həyatında iştirak etməyə başlayıblar.
"ABŞ dəfələrlə Nikolas Maduronu könüllü olaraq istefa etməyə çağırıb, belə ki, onunla razılığa gəlmək mümkün deyildi", - Rubio əlavə edib.