01 dekabr 2016 15:43
216

TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı işə başlayıb

Dekabrın 1-də Şəki şəhərində TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

“Marxal” müalicə-istirahət kompleksində keçirilən toplantının gündəliyinə qurumun ötənilki fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxildir.

Toplantı iştirakçıları əvvəlcə AMEA Tarix İnstitutunun Azərbaycanın və türk dünyasının tarixinə dair çap etdirdiyi kitabların sərgisinə baxıblar.

Tədbirin açılış hissəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri qısa çıxış ediblər.

Toplantı çərçivəsində TÜRKSOY-un baş katibinin qurum tərəfindən 2016-cı ildə həyata keçirilmiş layihələrə dair, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şəki şəhərində il ərzində həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabatları dinləniləcək. Bundan əlavə, iclasda 2017-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı olacaq şəhərin seçilməsi ilə bağlı təkliflərə baxılacaq, yekun bəyannamə imzalanacaq.