28 yanvar 2026 22:09
125

Türkiyə məsuliyyəti üzərimizə götürmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında 2025-ci ildə baş verən, milli təhlükəsizlik üçün əhəmiyyətli olan siyasi, hərbi, iqtisadi və sosial hadisələr qiymətləndirilib.

“İki sahil” xəbər verir ki, toplantıda 2026-cı ildə görüləcək işlər, eləcə də digər məsələlər müzakirə edilib.

İclasda PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD terror təşkilatlarına qarşı həm ölkə daxilində, həm də xaricdə həyata keçirilən fəaliyyətlər, eləcə də son beynəlxalq proseslər barədə məlumat təqdim edilib.

MTŞ üzvləri Türkiyənin və regionun təhlükəsizliyinin, sabitliyinin və rifahının gücləndirilməsinə yönəlmiş addımların davam etdiriləcəyi vurğulayıblar.

Toplantıda Suriyanın suverenliyinin, ərazi bütövlüyünün, unitar quruluşunun və siyasi birliyinin təmin edilməsi səylərinə güclü dəstək veriləcəyi və Suriya xalqının sülhünün, təhlükəsizliyinin və rifahının artırılması səylərinin davam etdiriləcəyi qeyd olunub.

Bildirilir ki, Türkiyə Qəzzada baş verən hadisələrlə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazırdır:

"Qəzzada son vəziyyət və atəşkəs müzakirə olunub. Qəzza probleminin həlli üçün yaradılmış beynəlxalq strukturların təsisçi üzvü olan Türkiyənin bölgəyə hərtərəfli humanitar yardım çatdırmaq səylərini davam etdirəcəyi vurğulanıb və Türkiyənin Qəzzanın yenidən qurulması və davamlı sülhün bərqərar olması üçün tərəfdaşları ilə birlikdə bütün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğu vurğulanıb".

Toplantıda həmçinin Türkiyənin Somali xalqının terror təşkilatlarına qarşı mübarizəsində qardaşlıq borcunu yerinə yetirməyə davam edəcəyi bildirilib.

İclasda eləcə də İranda cərəyan edən hadisələr ətraflı müzakirə edilib, İranın sabitliyi və əmin-amanlığının bölgəmizin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsindəki mövcud vəziyyət qiymətləndirilib.