Tədris ilinin gərgin dövründə uşaqların akademik uğurları təkcə çalışqanlıqdan deyil, sağlam görmə qabiliyyətindən də asılıdır. Mütəxəssislərin sözlərinə görə, bir çox valideynlər övladlarının dərsdə çətinlik çəkməsini diqqət dağınıqlığı və ya maraqsızlıq kimi qiymətləndirirlər. Halbuki lövhəni aydın görə bilməyən uşaq diqqətsizlik nəticəsində dərslərdən geri qala bilər. Mütəxəssislər sadə görünən bəzi əlamətlərin ciddi görmə problemlərinə işarə etdiyini bildirərək ailələrə xəbərdar edirlər.
Göz Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis, həkim Adnan İpçioğlu qeyd edib ki, birinci yarımilin gərginliyi uşaqları fiziki və zehni baxımdan yorur və yarımil tətili həm dincəlmək, həm də görmə problemlərini vaxtında aşkar etmək üçün mühüm fürsətdir. Onun sözlərinə görə, müalicə olunmayan görmə pozuntuları uşaqların öyrənmə qabiliyyətinə, dərslərə uyğunlaşmasına və fərdi inkişafına mənfi təsir göstərə bilər.
Mütəxəssis vurğulayıb ki, görmə qabiliyyətinin zəifləməsi problemi məktəbəqədər uşaqların 5-10 faizində, məktəb yaşlı uşaqların isə 20-30 faizində rast gəlinir: “Uşağın dərslərdə uğursuz olmasının səbəbi hər zaman idrak bacarıqlarının zəifliyindən qaynaqlanmaya bilər. Bu, görmə pozuntusu ilə də bağlı ola bilər. Bu səbəbdən də uşaqlara məktəbə başlamazdan əvvəl və məktəb dövründə müntəzəm göz müayinəsi aparılmalıdır.”
Həkim İpçioğlu uşaqlarda ən çox rast gəlinən problemlər sırasında göz sürüşməsi, göz tənbəlliyi, gözyaşı kanalının tutulması, miyopiya, hipermetropiya, çəpgözlük, astiqmatizm və konyunktivit olduğunu bildirib. Onun sözlərinə görə, vaxtında diaqnoz qoyulmadıqda aşağıdakı hallar müşahidə oluna bilər:
Lövhəni aydın görə bilməmək
Oxuyarkən sətirləri ötürmək
Mətnləri barmaqla izləmək
Kitaba bir gözünü irəli verərək baxmaq
Televizora çox yaxın oturmaq
Gözlərdə sulanma
Ev tapşırıqlarını yerinə yetirərkən çətinlik çəkmək
Bu əlamətlərin hamısı uşaqların dərslərdəki uğurlarına mənfi təsir göstərir.
Mütəxəssis əlavə edib ki, bir çox valideynlər uşaqlarının görmə problemindən xəbərsiz olaraq onların zəif nəticələrini zehni bacarıqlar ilə əlaqələndirirlər: “Öyrənmə qabiliyyəti normal olan uşaqlar belə, yaxşı görə bilmədikləri üçün dərslərdən geri qala bilirlər. Zəif görmə qabiliyyəti vaxtında aradan qaldırılmadıqda göz tənbəlliyi inkişaf edir və bu, gələcəkdə gözün görmə keyfiyyətini ciddi şəkildə azalda bilər. Uşaqlar üçün 6 ayda bir göz müayinəsi çox önəmlidir. Çünki, erkən diaqnoz müalicə prosesini də xeyli asanlaşdırır.”
Şahnigar Əhmədova, “İki sahil”