30 yanvar 2026 01:16
104

Əsas səbəblərdən biri bu imiş…

Mütəxəssisdən ciddi xəbərdarlıq: Beyin susuz qalır, yaddaş zəifləyir

Zonguldak Bülent Ecevit Universitetinin (BEÜ) Nevrologiya kafedrasının müəllimi, dosent həkim Esra Acıman Dəmirəl bildirib ki, xüsusilə yaşlı insanlarda susuzluq hissinin azalması nəticəsində yaranan xroniki susuzluq zamanla unutqanlıq və demensiya (zehni geriləmə) riskini artıra bilər.

Mütəxəssis qeyd edib ki, beynin təxminən 75 faizi sudan ibarətdir və bədən kifayət qədər maye qəbul etmədikdə beyin hüceyrələri arasındakı əlaqə zəifləyir. Bu isə diqqət dağınıqlığı, konsentrasiya çətinliyi və qısamüddətli yaddaş pozuntularına səbəb olur. Dəmirəlin sözlərinə görə, bəzən hətta yüngül susuzluq belə unutqanlığa yol aça bilər. Susuzluq zamanı beyində qanın həcminin azaldığını vurğulayan dosent bildirib: “Beyində qanın həcmi azaldıqda beyinə gedən oksigen və qida maddələrinin miqdarı da aşağı düşür. Eyni zamanda, elektrolitin (bədəndəki maye balansını, əzələ funksiyasını, sinir impulslarını və bir çox biokimyəvi prosesləri tənzimləyən elektrik yükü daşıyan minerallar) tarazlığı pozulur.” 

Bu vəziyyətdə insanların əşyalarını hara qoyduğunu unutduğunu, söz tapmaqda çətinlik çəkdiyini və bəzən başladığı işi yarımçıq buraxdığını deyən Dəmirəl əlavə edib ki, su və maye qəbulu artırıldıqda bu əlamətlər çox vaxt geriləyir.

Yaşlılar üçün risk daha yüksəkdir

Həkim Dəmirəl yaşlı insanlarda susuz qalmaqla unutqanlığın yaranması arasındakı əlaqənin daha güclü olduğunu bildirib: “Yaş artdıqca susuzluq hissi zəifləyir və bu, fərqinə varmadan xroniki susuzluğa səbəb ola bilər. Diqqət pozuntuları, yaddaş zəifləməsi və bəzi zehni funksiyalarda geriləmə bu şəxslərdə daha tez müşahidə olunur. Susuzluq birbaşa Alzheimer xəstəliyinə səbəb olmasa da, mövcud idrak pozuntularını ağırlaşdıra bilər.”

Mütəxəssis yaşlıların mütləq şəkildə su qəbulunun təşviq edilməli olduğunu vurğulayıb.

Bəs gündə nə qədər su içilməlidir?

Dəmirəl gündə 2-2,5 litr maye qəbulunun tövsiyə edildiyini, lakin bu miqdarın yaşa, cinsə, sağlamlıq vəziyyətinə və hava şəraitinə görə dəyişə biləcəyini qeyd edib. Onun sözlərinə görə, sidiyin açıq sarı rəngdə olması kifayət qədər maye qəbulunun ən önəmli göstəricisidir. Çay və qəhvənin suyun yerini tutmadığını bildirən mütəxəssis, bu içkilərin sidikqovucu təsirə malik olduğunu, buna görə də əsas maye mənbəyi kimi təmiz suyun üstün tutulmalı olduğunu deyib.

Uşaqlar da risk altındadır

Hərəkətli həyat tərzinə görə uşaqların da su içməyi tez-tez unutduğunu deyən həkim Dəmirəl bildirib: “Dərs və oyun zamanı maye qəbulu unudula bilər. Bu da diqqət dağınıqlığı və fokuslanma problemlərinə yol açır. Ona görə uşaqların da gündəlik su qəbulu valideynlər tərəfindən diqqətlə izlənməlidir.”

Şahnigar Əhmədova, “İki sahil”