01 dekabr 2016 17:05
1911

Naxçıvanda QİÇS-ə yoluxma səviyyəsi aşağı həddədir

Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Qazanılmış İmmun Çatışmazlığı Sindromu dünya səhiyyəsinin ciddi mübarizə apardığı infeksion xəstəliklər sırasındadır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən naxcivantv.az-a bildirilib ki, muxtar respublikada nikaha daxil olmaq istəyən şəxslərin Hepatit B, Hepatit C, o cümlədən QİÇS üzrə tibbi müayinəsi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə Şöbəsi tərəfindən bu ilin ötən dövründə 4 min 661 nəfər müayinə olunmuş, bu zaman QİÇS-ə yoluxma halları qeydə alınmamışdır

Məlumatda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasında insanların QİÇS-ə yoluxma səviyyəsi aşağı həddədir. Lakin əksər ölkələrdə bu xəstəliyin sürətlə çoxalması muxtar respublikada da QİÇS-lə mübarizəni aktuallaşdırır. Ona görə də bu problem daim nəzarətdə saxlanılır. QİÇS-in profilaktikasına dair epidemioloji nəzarət və təbliğat gücləndirilir, xəstəliyin vaxtında aşkar edilməsi məqsədilə bütün donorlar, ümumiyyətlə, risk qrupuna aid olan bütün şəxslər laborator müayinələrə cəlb edilir. Bu xəstəliklə yaşayan şəxslərə profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi işinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə Şöbəsi fəaliyyət göstərir. Mərkəzin yeni binasında QİÇS-lə Mübarizə Şöbəsi üçün də müa­sir iş şəraiti yaradılmış, ən müasir laboratoriya avadanlıqları quraşdırılıb.

Maarifləndirici tədbirlərin həyata keçirilməsi xəstəliyin yayılması və qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Buna görə də muxtar respublikada profilaktik tədbirlərlə yanaşı, səhiyyə maarifi də diqqət mərkəzində saxlanılır.