31 yanvar 2026 12:35
107

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının tərkib hissəsidir

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə gəncliyə verilən dəyərin, dövlətin uzunmüddətli və sistemli gənclər siyasətinin rəmzidir. Bu tarix təsadüfi deyil. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 1997-ci ildə təsis edilən Azərbaycan Gəncləri Günü bu gün müstəqil dövlətçiliyimizin ideoloji dayaqlarından birinə çevrilmiş gəncliyin cəmiyyətdəki rolunu aydın şəkildə nümayiş etdirir. Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyinin əsas təminatçısı kimi qiymətləndirirdi. Onun gənclər siyasətinin mahiyyəti yalnız sosial dəstək deyil, milli düşüncəli, vətənpərvər, savadlı və sağlam nəslin formalaşdırılmasına yönəlmiş strateji yanaşma idi. Ümummilli Liderin bu fikirləri gənclər siyasətinin fəlsəfəsini dolğun ifadə edir:  “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar.

Heydər Əliyev hələ 1990-cı illərin mürəkkəb ictimai-siyasi şəraitində gənclər siyasətini dövlətin prioritet istiqaməti kimi müəyyənləşdirdi. 1994-cü il 26 iyul tarixli Fərmanla Gənclər və İdman Nazirliyinin yaradılması bu sahədə institusional əsasların formalaşdırılmasına xidmət etdi. Müxtəlif dövlət qurumlarının gənclərlə iş sahəsində fəaliyyətinin əlaqələndirilməsi, vahid siyasətin həyata keçirilməsi təmin olundu. Azərbaycan gənclərinin forumlarının keçirilməsi, istedadlı gənclərin “Qızıl kitab”a salınması, gənclər siyasətinin mahiyyətini əks etdirən qanunvericilik təşəbbüsləri, vətənpərvərlik tərbiyəsinin ön plana çəkilməsi Ümummilli Liderin gənclərə baxışının əsas istiqamətlərini təşkil edirdi. 1996–2002-ci illər ərzində keçirilən forumlarda, görüşlərdə və çıxışlarda Ulu Öndər Heydər Əliyev gəncləri milli dövlətçiliyin daşıyıcısı kimi formalaşdırmağın vacibliyini xüsusi vurğulayırdı. Bu gün Azərbaycan gəncliyinin əldə etdiyi uğurlar Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun Prezident cənab  İlham Əliyev tərəfindən ardıcıl və müasir çağırışlara uyğun şəkildə davam etdirilməsinin nəticəsidir. 

Cənab Prezident  gəncləri ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında aparıcı qüvvə kimi qiymətləndirir: “İndiki gənclər üçün imkanlar daha genişdir… gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək, həm də dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.”  2007-ci ilin “Gənclər ili” elan olunması, ölkə üzrə “Gənclər evləri”nin yaradılması, 2011-ci ildə Prezident yanında Gənclər Fondunun təsis edilməsi gənclərin sosial fəallığının, təşəbbüskarlığının və yaradıcılıq potensialının dəstəklənməsinə yönəlmiş mühüm addımlar oldu. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, “Yüksəliş” müsabiqəsi vasitəsilə gənc kadrların irəli çəkilməsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) yaradılması dövlətin gənclərə olan etimadının bariz nümunəsidir. Könüllülər hərəkatı isə gənclərin ictimai məsuliyyət və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayır. Prezident cənab İlham Əliyevin gənclər siyasətində vətənpərvərlik xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun sıralarında döyüşən minlərlə gənc öz qəhrəmanlığı ilə bu siyasətin real nəticəsini sübut etdi. Azərbaycan gəncliyi təkcə döyüş meydanında deyil, informasiya müharibəsinin ön cəbhəsində də ölkənin maraqlarını qətiyyətlə müdafiə etdi. Bu gün hər bir Vətən müharibəsi iştirakçısı olan gənc xalqımızın qürur mənbəyidir və onların fədakarlığı Azərbaycan tarixinin ən parlaq səhifələrinə çevrilib. Azərbaycanın “idman ölkəsi” kimi tanınması da gənclər siyasətinin mühüm tərkib hissəsidir. Bakıda keçirilən Birinci Avropa Oyunları dünya idman tarixində ilk olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunu artırdı. Azərbaycan idmançılarının beynəlxalq arenada qazandığı uğurlar dövlət başçısının gənclərə göstərdiyi diqqətin real nəticəsidir. Dördüncü Sənaye İnqilabı dövründə Azərbaycan gəncliyi innovasiya, rəqəmsal bacarıqlar və yeni texnologiyalar sahəsində də fəal mövqe tutur. Gənclərin xaricdə təhsil proqramları, 2026–2027-ci tədris ili üzrə universitet və proqramların təsdiqi bu sahədə davamlı inkişafın göstəricisidir. Heydər Əliyev Fondunun gənclərin inkişafına verdiyi töhfələr isə xüsusi əhəmiyyət daşıyır. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən Azərbaycan gəncliyi ölkənin siyasi sabitliyinin, iqtisadi inkişafının və milli təhlükəsizliyinin əsas təminatçılarındandır. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti müasir, vətənpərvər, intellektual və rəqabətqabiliyyətli gənclik formalaşdırıb.

2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız bayram deyil, həm də dövlətin gənclərə olan strateji baxışının, gələcəyə inamının təcəssümüdür.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı