31 yanvar 2026 16:52
356

Azərbaycan gəncləri güclü dövlətin dinamik gücüdür

2 Fevral – Azərbaycan Gəncləri Günü müasir Azərbaycan tarixində mühüm ictimai-siyasi və mənəvi əhəmiyyətə malik əlamətdar gündür. Bu tarix yalnız gənclərin bayramı kimi deyil, eyni zamanda dövlətin gələcəyə baxışının, milli inkişaf strategiyasının və insan kapitalına verilən dəyərin bariz ifadəsi kimi dəyərləndirilir. Azərbaycan gəncliyi ölkənin dinamik qüvvəsi, yeniliyin daşıyıcısı və milli ideologiyanın davamçısıdır.

Hər bir xalqın taleyi onun gənc nəslinin dünyagörüşü, savadı, əxlaqı və vətənə bağlılığı ilə birbaşa əlaqəlidir. Bu həqiqət Azərbaycan dövlətçiliyinin memarı, Ulu Öndər Heydər Əliyevin siyasi irsində xüsusi yer tutur. O, gənclərə sadəcə sosial qrup kimi deyil, milli inkişafın əsas dayağı kimi yanaşmış, onların formalaşmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etmişdir. Ulu Öndərin 8 dekabr 2002-ci il tarixində söylədiyi məşhur fikirlər bu baxımdan proqram xarakteri daşıyır:
“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”

Bu fikirlərdən aydın görünür ki, Heydər Əliyev üçün gənclik anlayışı yalnız yaş kateqoriyası deyil, hərtərəfli inkişaf etmiş şəxsiyyət modelidir. Fiziki sağlamlıqla mənəvi kamilliyin, intellektual səviyyə ilə milli dəyərlərin vəhdəti Ulu Öndərin gənclər siyasətinin əsas fəlsəfəsini təşkil edirdi. Məhz bu yanaşma nəticəsində Azərbaycanda gənclərin təhsil alması, cəmiyyətə inteqrasiyası və dövlət idarəçiliyində iştirak imkanları genişləndirildi.

Ulu Öndərin əsasını qoyduğu bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir və daha da zənginləşdirilir. Son illərdə gənclərin təhsili, məşğulluğu, sosial müdafiəsi, startap və innovasiya fəaliyyəti, idman və könüllülük hərəkatı sahəsində mühüm dövlət proqramları həyata keçirilir. Bu siyasətin mərkəzində gəncin potensialına inam və ona göstərilən etimad dayanır.

Prezident İlham Əliyevin 2 fevral 2022-ci il tarixində səsləndirdiyi fikirlər müasir Azərbaycan gəncliyinin mövcud imkanlarını və qarşısında duran vəzifələri aydın şəkildə ifadə edir:
“İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq.”

Bu sözlər müasir Azərbaycan reallığının qısa, lakin dərin ifadəsidir. Sabitlik və təhlükəsizlik şəraitində yaşayan gənclər artıq yalnız müşahidəçi deyil, proseslərin fəal iştirakçısı olmalıdırlar. Dövlətin yaratdığı imkanlardan səmərəli istifadə etmək, bilik və bacarıqları artırmaq, eyni zamanda milli maraqları üstün tutmaq hər bir gəncin əsas vətəndaşlıq borcudur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, gənclər həm şəxsi gələcəklərini düzgün müəyyənləşdirməli, həm də dövlətə maksimum fayda vermək üçün fəal mövqe nümayiş etdirməlidirlər. Bu, yalnız peşəkar uğur deyil, həm də ictimai məsuliyyət, vətənpərvərlik və dövlətçilik düşüncəsidir. Məhz belə gənclər Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və dayanıqlı inkişafın təmin olunmasına töhfə verirlər.

Bu gün Azərbaycan gəncliyi elm, təhsil, idman, mədəniyyət və ictimai fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlərlə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Gənclərin intellektual potensialı, texnoloji bilikləri və qlobal düşüncə tərzi milli dəyərlərlə vəhdət təşkil edərək yeni inkişaf mərhələsinin əsasını qoyur. Xüsusilə Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və yüksək vətənpərvərlik ruhu onların dövlətə və xalqa sədaqətinin parlaq nümunəsi oldu.

2 Fevral – Azərbaycan Gəncləri Günü gənclərə göstərilən dövlət qayğısının, onlara bəslənən ümidlərin və gələcəyə olan inamın rəmzidir. Bu gün bir daha sübut edir ki, güclü, bilikli, əxlaqlı və fəal gənclik olmadan güclü dövlət qurmaq mümkün deyil. Azərbaycanın sabahı özünə inanan, milli kimliyinə sadiq və müasir dünyaya açıq olan gənclərin əlindədir.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi