31 yanvar 2026 20:37
136

Azərbaycan gəncliyi bu günün, sabahın qurucusudur

Azərbaycan gəncliyi ölkənin bu günü və sabahı, dövlətin davamlı inkişafının əsas dayağıdır. Məhz bu baxımdan hər il 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunması yalnız təqvim hadisəsi deyil, gəncliyə verilən yüksək dəyərin, etimadın və strateji baxışın təzahürüdür. Bu əlamətdar gün gənclərin cəmiyyətin bütün sahələrində artan rolunu, onların intellektual, sosial və vətənpərvər potensialını ön plana çıxarır.

2 Fevral Gənclər Günü müstəqil Azərbaycan tarixində mühüm bir mərhələ ilə bağlıdır. 1996-cı il fevralın 2-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin I Forumu gənclər siyasətinin sistemli şəkildə formalaşmasının əsasını qoymuşdur. Məhz bu forumdan sonra gənclərlə bağlı dövlət siyasəti ardıcıl və məqsədyönlü xarakter almış, 1997-ci ildən etibarən 2 fevral rəsmi olaraq Azərbaycan Gəncləri Günü elan edilmişdir.

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar gənclərin təhsilə, məşğulluğa, sahibkarlığa, innovasiyalara və ictimai-siyasi həyata aktiv cəlb olunmasını təmin edir. Gənclər üçün yaradılan təqaüd proqramları, beynəlxalq təhsil imkanları, startap və könüllülük layihələri onların dünyagörüşünün genişlənməsinə və rəqabətqabiliyyətli kadr kimi formalaşmasına xidmət edir.

Azərbaycan gəncliyi xüsusilə son illərdə tarixi sınaqlardan üzüağ çıxaraq öz vətənpərvərliyini, milli ruhunu və dövlətə sədaqətini nümayiş etdirmişdir. Vətən müharibəsi dövründə gənclər həm döyüş meydanında, həm də informasiya cəbhəsində böyük fədakarlıq göstərmiş, ölkənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynamışlar. Bu, gəncliyin yalnız gələcəyin deyil, həm də bu günün aparıcı qüvvəsi olduğunu bir daha sübut etdi.

Müasir dövrdə qloballaşma, texnoloji yeniliklər və sürətlə dəyişən dünya reallıqları gənclər qarşısında yeni vəzifələr qoyur. Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərə sadiq qalmaqla yanaşı, çağdaş biliklərə yiyələnməli, elmi-texniki tərəqqinin fəal iştirakçısına çevrilməlidir. Dövlətin yaratdığı imkanlardan səmərəli istifadə edən gənclər ölkənin beynəlxalq nüfuzunun artmasına da mühüm töhfə verirlər.

2 Fevral – Gənclər Günü gənclərin cəmiyyət qarşısında məsuliyyətini xatırladan, onların potensialına inamı gücləndirən və gələcəyə nikbin baxışı təşviq edən əlamətdar gündür. Bu gün bir daha təsdiq edir ki, güclü dövlətin təməlində savadlı, fəal, vətənpərvər və təşəbbüskar gənclik dayanır. Azərbaycan gəncliyi isə bu yüksək etimadı doğrultmağa, ölkənin inkişaf yolunda inamla irəliləməyə qadirdir.

Əminə Ağazadə,

Milli Məclisin deputatı