01 fevral 2026 00:30
106

Fransada polislərin aksiyasında 45 mindən çox insan iştirak edib

Fransada polis və jandarm əməkdaşlarının ədalətsiz iş şəraitinə və artan cinayətkarlıq səviyyəsinə etiraz olaraq ölkə miqyasında keçirdiyi nümayişdə 45 000-dən çox insan iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti "Alliance" polis həmkarlar ittifaqına istinadən xəbər yayıb.

Xüsusən Parisdə təxminən 20 000 insan küçələrə çıxıb. Lion və Marseldə təxminən 5 000 nəfər iştirak edib. Lill və Nitsa şəhərlərində 1 000-dən çox, Nim və Qrenoblun isə hər birində 1 000 nəfər toplaşıb.

"Biz kritik nöqtəyə çatdıq. Bizim polislərimiz artıq dözə bilmirlər; onlar sürətlə artan cinayətkarlıq qarşısında çarəsiz və acizdirlər", - qəzet "Ayağa qalx, Fransa" Partiyasının lideri Nikolas Düpon-Enyanın sözlərini sitat gətirir.

Onun sözlərinə görə, Fransada ədliyyə sistemi səmərəsizdir və cinayətkarlar daim azadlığa çıxırlar. "Polislər əlindən gələni edir, amma eyni şəxsi əlli dəfə saxlamağa məcburdurlar", - Dupon-Enyan deyib.

"France Info" radiostansiyasının məlumatına görə, Fransanın daxili işlər naziri Loran Nunyes etiraz edən polis əməkdaşlarını dəstəkləsə də, nümayişdə iştirakdan imtina edib. Bu qərar "Alyans" həmkarlar ittifaqı və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən narazılıqla qarşılanıb və onlar bunu "ciddi səhv" hesab ediblər.