02 fevral 2026 13:22
147

Vətənpərvər gənclik qalib ölkəmizin etibarlı gələcəyidir

Gənclik hər bir dövlətin ən böyük sərvəti, milli potensialın əsas dayağı və gələcəyin strateji təminatıdır. Cəmiyyətin intellektual səviyyəsi, elmi-texnoloji tərəqqisi, sosial dinamizmi və yeniliklərə açıq düşüncə tərzi məhz gənc nəslin fəallığı ilə formalaşır. Sağlam, savadlı, vətənpərvər və məsuliyyətli gənclər yetişdirmək isə təsadüfi proses deyil, ardıcıl siyasət, güclü təşkilati mexanizmlər və davamlı dövlət qayğısı tələb edir. Bu baxımdan 2 Fevral – Gənclər Günü yalnız bayram deyil, həm də gənclərə verilən yüksək dəyərin, onlara göstərilən etimadın və strateji baxışın təntənəsidir.

“Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”. Ulu Öndər Heydər Əliyevin bu fikirləri gənclər siyasətinin ideoloji bünövrəsini təşkil edir. Məhz bu konsepsiya nəticəsində gənclər cəmiyyətin inkişafının aparıcı qüvvəsi kimi formalaşdırılıb.

Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqət dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilib. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə bu sahədə sistemli idarəetmə mexanizmi formalaşıb. Qısa müddətdə hüquqi baza möhkəmləndirilib, fərman və proqramlar qəbul olunub, gənclərin ictimai-siyasi fəallığı artırılıb.

1996-cı ildən başlayaraq keçirilən gənclər forumları artıq ənənəyə çevrilib. Həmin platformalarda minlərlə gənc dövlət quruculuğu proseslərinə cəlb olunub, onların təklif və təşəbbüsləri dinlənilib. Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalayıb, 2002-ci il 9 aprel tarixində isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu amillər gənclərin hüquqlarını, sosial müdafiəsini və inkişaf istiqamətlərini konkret şəkildə müəyyənləşdirib.

Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən, fevralın 2-si Gənclər Günü elan edilib. Bu qərar MDB və Şərqi Avropa məkanında ilk təşəbbüs olmaqla gənclərə dövlət səviyyəsində verilən yüksək dəyərin göstəricisinə çevrilib. Diqqətəlayiq haldır ki, bu addımdan iki il sonra – 1999-cu ildə BMT tərəfindən 12 avqust Beynəlxalq Gənclər Günü təsis edilib. Həmin faktor ölkənin gənclər siyasəti sahəsində nə qədər uzaqgörən mövqe tutduğunu açıq şəkildə sübut edir.

Ümummilli Liderin hakimiyyəti dövründə istedadlı gənclərə xüsusi qayğı göstərilib. “Qızıl kitab” təsis olunub, xüsusi təqaüdlər verilib, ali məktəblərə ən yüksək balla qəbul olunan abituriyentlərlə birbaşa görüşlər keçirilib. Bu yanaşma gənclərdə elmə və təhsilə marağı daha da artırıb. Eyni zamanda xarici ölkələrə tələbə göndərilməsi ənənəsi bərpa edilib. 2003-cü ilə qədər dünyanın 40-a yaxın ölkəsində 3000-dən artıq gənc müxtəlif ixtisaslar üzrə təhsil alıb. Bütün bunlar peşəkar kadr potensialının formalaşmasına mühüm töhfə verib.

2003-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tələblərə uyğun olaraq daha da genişləndirildi. 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması gənclərlə işin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bölgələrdə onlarla “Gənclər evi” yaradıldı, sosial xidmət və inkişaf mərkəzləri fəaliyyətə başladı. 2011-ci ildə Gənclər Fondu təsis olundu. Fond yüzlərlə layihəni qrantlar vasitəsilə maliyyələşdirərək minlərlə gəncin ideyalarının reallaşmasına şərait yaratdı. “Yüksəliş” müsabiqəsi isə intellektual və idarəçilik bacarıqları yüksək olan perspektiv kadrların üzə çıxarılması baxımından mühüm mexanizmə çevrildi.

Gənclərin İnkişaf və Karyera Mərkəzi respublika üzrə geniş şəbəkə quraraq on minlərlə gəncə karyera planlaşdırılması, təlimlər və fərdi inkişaf imkanları təqdim edir. Könüllülər hərəkatının sürətlə genişlənməsi isə sosial həmrəyliyi gücləndirən mühüm ictimai platforma oldu. 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu hərəkatı daha da stimullaşdırdı.

“Qara qızılın insan kapitalına çevrilməsi” strategiyası çərçivəsində həyata keçirilən xaricdə təhsil proqramları xüsusi əhəmiyyət daşıyır. Son illərdə 5000-dən artıq gənc dünyanın aparıcı universitetlərində təhsil almaq imkanı əldə edib. Dövlət tərəfindən bu məqsədlə yüz milyonlarla manat vəsait ayrılıb. 2022–2028-ci illər üzrə proqram çərçivəsində hər il 500 nəfərədək tələbənin bakalavriat, magistratura və doktorantura səviyyələrində xaricdə təhsil alması nəzərdə tutulur. Minlərlə gəncin nüfuzlu ali məktəblərə qəbul olunması savadlı və rəqabətədavamlı kadr potensialını formalaşdırır. Robotexnika, süni intellekt, startap və rəqəmsal texnologiyalar sahəsində gənclərin qazandığı uğurlar onların yüksək yaradıcılıq qabiliyyətini nümayiş etdirir.

Gənclər siyasətinin əsas amillərindən biri vətənpərvərlik tərbiyəsidir. Dövlətçilik ideyalarının, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunması istiqamətində davamlı iş aparılır. Bu siyasətin real nəticəsi Vətən müharibəsində özünü qabarıq şəkildə göstərib. Minlərlə gənc ön cəbhədə qəhrəmancasına vuruşub, eyni zamanda informasiya müstəvisində həqiqətlərin dünyaya çatdırılmasında fəal rol oynayıb. Onların rəşadəti yeni tarixin şanlı səhifəsinə çevrilib və gəncliyin milli məsuliyyət hissini bütün dünyaya nümayiş etdirib.

Son illərdə onlarla olimpiya idman kompleksi istifadəyə verilib, beynəlxalq yarışlar təşkil olunub. Gənc idmançılar minlərlə medal qazanaraq ölkəni dünya arenasında layiqincə təmsil edirlər. “Eurovision-2012”, “Bakı-2015” birinci Avropa Oyunları, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlər gənclərin fəallığını artırmaqla yanaşı, ölkənin imicinə də müsbət təsir göstərib. Beynəlxalq forumlar, düşərgələr və mübadilə proqramları vasitəsilə yüzlərlə gənc müxtəlif ölkələrdə təcrübə qazanır, yeni bilik və bacarıqlara yiyələnir.

Azərbaycan gəncliyi savadlı, təşəbbüskar, texnoloji biliklərə malik və güclü vətənpərvərlik ruhu ilə seçilir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər dövlətin aparıcı qüvvəsinə çevrilib. 2 Fevral tarixi gənclərə olan inamın, onların potensialına verilən dəyərin və gələcəyə hesablanmış siyasətin təzahürüdür. Məhz bu gənclik gələcəkdə daha güclü və daha qüdrətli Azərbaycan naminə ölkəmizin inkişafına töhfə verəcəkdir.

Heydər Əsədov
Milli Məclisin deputatı