Azərbaycan ABŞ-İran arasında gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu, ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayır
Dünyada nizamsızlığın hökm sürməsi fonunda Yaxın Şərq ABŞ-İran qarşıdurması ilə növbəti gərginlik mərhələsinə qədəm qoyub. Uzun illərdən bəri qanlı münaqişlərin, etnik-dini qarşıdurmaların davam etdiyi, güc mərkəzlərinin maraqlarının toqquşduğu bu coğrafiyada Vaşinqtonun İrana qarşı məhdud və hədəflənmiş hərbi zərbə ehtimalının artması ilə siyasi və hərbi risklər daha da artır. Bir neçə gün bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi aviadaşıyan qrupun İran istiqamətində hərəkət etdiyini açıqlamış, xəbərdarlıq edərək bildirmişdi ki, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı ötən yay İranın nüvə obyektlərinə endirilən zərbələrdən “daha ağır” olacaq: “Hazırda İrana çox sayda gəmi göndədirirk. İnanıram ki, bir razılaşma əldə edə bilərik. Razılaşsaq bu çox yaxşı olar. Razılaşmaq nələr olacağını görəcəyik”.
İranın dini lideri Ayətullah Xameneyi islam inqilabının 47-ci ildönümü münasibətilə Tehrandakı iqamətgahında xalqa müraciət edək bildirib ki, amerikalıların başlatmaq istədiyi müharibə bu dəfə bütün region əhatə edəcək.
Bəzi ekspertlərə görə, hazırkı reallıqlar fonunda ABŞ-nin İrana qarşı genişmiqyaslı hərbi zərbələr endirəcəyinə dair real əlamətlər görünmür. Vaşinqton güc nümayiş etdirməklə Tehranın irəli sürülən təklifləri qəbul etməsinə çalışır. İran İnqilab Mühafizləri Ordusu komandirinin müavini Əhməd Vahidi ABŞ donanmasının bölgəyə doğru hərəkətini “psixoloji hərəkat” olaraq dəyərləndirib. Bəzi siyasi şərhçilər isə Trampın “Son tarixi İrana verdim. İran bunu bilir” deməsini Tehran üçün Qum saatının boşalması kimi dəyərləndirirlər.
Nüfuzlu nəşrlərin məlumatlarına görə, İranın xarici işlər naziri Abbas Arakçı Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları- Hakan Fidan, Bədr Əbdül Ati və Feysal ibn Farxan əl Səud ilə telefonla danışıb. son həftələrdə Arakçı bölgədəki həmkarları ilə dəfələrlə əlaqə saxlayaraq, xüsusilə də ABŞ-ın İrana qarşı təhdidləri də daxil olmaqla regiondakı hadisələrin inkişafını müzakirə edib. Abbas Araqçı Tehranın nüvə məsələsi üzrə danışıqlara hazır olduğunu bildirib. “Axios” nəşri Qətər, Türkiyə və Misirin D.Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla İranın yüksək vəzifəli rəsmiləri arasında Ankarada görüş təşkil etmək üzərində işlədiyi ilə bağlı məlumat yayıb.
Bu günlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığında ölkəsinin İran və ABŞ arasında mövcud gərginliyi azaltmaq üçün vasitəçiliyə hazır olduğunu bildirib.
Regionda davamlı sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olması istiqamətində ciddi addımlar atan Azərbaycan dəfələrlə vurğulayıb ki, onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcək.
Prezident İlham Əliyevin yanvarın 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon söhbətində Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımız arasında tarixi, etnik və dini bağların olduğu bir daha qeyd edilib. Dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirərək ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Ölkəmizin başçısı İran liderinə, həmçinin yaranmış gərginlikdən narahatlığını bildirərək Azərbaycanın vasitəçilik təklifini təqdim edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Araqçı arasında telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onun ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu qeyd edilib.
Zahid Rza, “İki sahil”