03 fevral 2026 22:57
117

Azərbaycan-Ermənistan münasibətlərində yaxınlaşma

Ancaq bu, nədənsə “ənənəvi” bədxahların narahatlığına səbəb olur

Bəli bu yaxınlaşma artıq altı aya qədərdir ki, mövqelərin xeyli yumşalması aşkar görünür. 2025-ci il avqustun 8-də imzalanan Vaşinqton Bəyannaməsindən və Azərbaycanın sülhə doğru atdığı real addımlardan sonra Ermənistanın xarici siyasət kursunda ciddi dəyişiklik müşahidə olunur. Əslində bu dəyişikliklər heç də təsadüfi olmayıb regionda yaranan mövcud reallıqların diktəsinin nəticəsidir nəticəsidir. Baş nazir Nikol Paşinyan hökuməti qonşularla münasibətləri normallaşdırmaq kursunu götürəndən sonra qarşılıqlı anlaşma mühiti yaranıb. Son aylarda rəsmi İrəvanın yüksək rütbəli məmurlarının verdiyi açıqlamalar, baş nazir Nikol Paşinyanın göstərdiyi köməyə görə Azərbaycana dəfələrlə təşəkkür etməsi və sülhə sadiq qaldığını təkrarlaması buna bariz nümunədir. Ermənistan XİN başçısı Ararat Mirzoyan AŞPA-nın sessiyasında çıxışı zamanı bir sıra açıqlamalar verib və bu fikirlər də əslində sübut edir ki, erməni hökuməti uzun illər davam edən yanlış siyasət xəttinin artıq dalana dirəndiyini anlayıb. Nikol Paşinyan ilk Ermənistan başçısıdır ki, nifaq siyasətinə “yox”, sülh siyasətinə “hə” deyib. Hazırda bu hökumət qonşularla, xüsusən də Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlğa maraq  göstərdiyni nümayiş etdirir.

Ararat Mirzoyanın açıqlamalarında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, Cənubi Qafqazda davamlı sabitlik və təhlükəsizlik yalnız region ölkələrinin öz aralarında əldə edəcəyi razılaşmalar əsasında mümkün ola bilər. Yəni, əvvəlki kimi vasitəçilərə lüzum yoxdur. Ermənistanın baş diplomatının çıxışını "Ermənistanın inkişafı, iqtisadi cəhətdən regiona inteqrasiyası, supergüclərin boyunduruğundan qurtulması Azərbaycan və Türkiyə ilə əməkdaşlıq, qarşılıqlı əlaqələr əsasında və kənar müdaxilə olmadan qurula bilər" tezisi üzərində qurulub. Ancaq otuz üç il ağır itkilər vermiş iki xalqın nəhayət, münasibətləri normallaşdırmaq istəyini həzm edə bilməyən dairələr xəbis niyyətlərini büruzə verirlər.

Maraqlıdır ki, son dövrlər iki ölkə arasında sülh gündəminin daha da irəli getməsi, münasibətlərin hər gün daha da inkişaf etməsi, İrəvanın "inkişafın və sabitliyin yolu Bakıdan keçir" fikrini artıq dərk etməsi bir sıra dairələri narahat etməyə başlayıb. Bədxahlar yeni oyun oynamaq üçün hərəkətə keçiblər. Politoloqların bildirdiklərinə görə, Avropa İttifaqının Ermənistana hərbi yardım paketini təsdiqləməsinə də bu prizmadan yanaşmaq lazımdır. Rəsmi Brüssel bu addımı təhlükəsizlik və dayanıqlılıq prizmasından təqdim etsə də, real mənzərə fərqlidir. Bu, “təhlükəsizlik” əslində yeni təhlükədən xəbər verir. Onlara da elə bu lazımdır. Çünki iki yüz ildir ki, xalqların taleyi ilə oynamağı özlərinə peşə ediblər. Aİ-nin adıçəkilən bu paketi İrəvanı öz siyasi və geosiyasi təsir dairəsində saxlamaq, Ermənistanın müstəqil manevr imkanlarını məhdudlaşdırmaq və onu Qərbin regional strategiyasının bir elementi kimi qorumaq məqsədi daşıyır. Bu yardım Ermənistanın xarici siyasət vektorunu nəzarətdə saxlamağa xidmət edir. Ancaq otuz il üzücü blokada şəraitində yaşamış, iki müharibədə minlərlə qurban vermiş, iqtisadiyyatı dağılmış Ermənistan mənfi təsirlərdən qaçmağa çalışır.

 Xarici işlər naziri Ararat Mirzoyan beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli danışıqlardakı bir çox çıxışlarında Azərbaycan və Türkiyənin dəstəyinə ümidvar olduğunu bildirib. Deyəsən, bu dəfə araya düşmənçilik toxumu səpmək istəyənlərin bəd niyyətləri “havada” qalacaq.  Ermənistanın bundan sonra kimlərinsə çaldığı havaya oynamağa həvəsi yoxdur. Nikol Paşinyan bilir ki, indi Ermənistanı müharibəyə təhrik edənlər bu baş verərsə hərəsi çəkilib kənardan müşahidə edəcəklər. Keçən müharibədə olduğu kimi. Ona görə də ölkə artıq müharibə ritorikasını qəbul etmir.

Bildirilir ki, ABŞ prezidenti Donald Tramp Ceyms Vensin fevral ayında Ermənistan və Azərbaycana səfərini “sülh təşəbbüslərinin möhkəmləndirilməsi” və TRIPP layihəsinin Ermənistanın cənubu vasitəsilə təşviqi- Atom Elektrik Stansiyasının tikilməsi məqsədilə anons edib. Gözləntilərə görə, İrəvanda tərəflər birgə müəssisənin yaradılması haqqında saziş imzalayacaqlar. Bu müəssisədə səhmlərin 74 faizi Amerika tərəfinə, cəmi 26 faizi isə Ermənistan tərəfinə məxsus olacaq. Bu, o deməkdir ki, daha heç kəs burnunu Ermənistanın daxili işlərinə soxa bilməz. Orada ABŞ-ın söz sahibi olması başqalarından tamamilə geri çəkilməyi, “odla oynamamağı” tələb edir. Çox güman ki, Ermənistana təzyiq və ya təsir göstərməyə cəhd etmək iddiasna düşənlər dünyanın supergücündən öldürücü zərbələr ala bilərlər. Əlbəttə, ağlı başında olan heç bir dövlət başçısı bu təhlükəli  niyyətə düşməz. Şayətdir, çaşıb etsə, onda yuxarıda göstərdiyimiz təhlükəyə hazır olmalıdır. Siyasətdən uzaq adam da başa düşür ki, ABŞ-a diş qıcamağın sonu nə ilə qurtarar. Ancaq heç inandırıcı deyil ki, kimsə buna cəsarət etsin. Yaxın vaxtda “bulanıq sular durulacaq” və hər kəs öz yerini tanıyacaq.

Vəli İlyasov, “İki sahil”