03 aprel 2026 18:26
108

Türk dünyası dövlətlərinin qarşılıqlı qardaşlıq yardımları

İşğal illərində daşın daş üstə qalmadığı Qarabağ və Şərqi Zəngəzur bölgələrində bu gün bərpa-quruculuq işləri davam etdirilir. 30 ildən çox erməni faşistlərinin əsarətində olan və dağıntılara məruz qalan bu ərazilərdə bütün sosial infrastruktur əsaslı şəkildə yenidən qurulur: müasir tələblərə cavab verən yeni yaşayış binaları, xəstəxanalar, məktəblər tikilir, avtomobil, dəmir yolları, hava limanları və s. inşa olunur. Bu prosesdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr də öz köməkliklərini əsirgəmirlər. Bununla da Qarabağ və Şərqi Zəngəzur daha gözəl bir məkana çevrilir.

Prezident İlham Əliyev aprelin 2-də TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bir daha bu məsələyə toxunaraq bildirib ki, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir: “Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində  - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər”.  Yeri gəlmişkən, Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bu fikri də səsləndirmişdi: “Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – təməli qoyulan Füzuli məscididir”.

Prezident, həmçinin vurğulayıb ki, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib: “Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik”. Bütün bunlar bir daha göstərir ki, bu gün TDT-yə üzv ölkələr Azərbaycanın yanındadır. Şübhəsiz, işğaldan azad olunan rayonlarımızın yenidən qurulmasında verilən qardaş dəstəyi həm də bu birliyin təzahürüdür. Bu məqamda Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” sözlərini də xatırlatmaq yerinə düşər.

Azərbaycan da öz növbəsində hər zaman lazım olan dəstəyi qardaş ölkələrə göstərir. Məsələn, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən, “əsrin faciəsi” adlandırılan və 53 mindən çox insanın həyatına son qoyan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Hətta ölkəmiz həmin günlərdə Türkiyəyə humanitar yardım göndərməklə kifayətlənmədi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Kahramanmaraşda 100 milyon Amerika dolları dəyərində “Azərbaycan məhəlləsi”nin inşasına start verildi və bu məhəllədə həyat artıq öz axarına düşüb. Xatırladaq ki, Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə bu məkanın açılışında iştirak edib.

Bütün bunlar TDT-yə üzv ölkələrin hər zaman - xoş günlərdə və çətin vaxtlarda bir-birinə dəstək vermələrini bir daha təsdiq edir. Onu da qeyd edək ki, türk dövlətləri heç vaxt bu qədər yaxın və birgə olmayıblar. Bu qarşılıqlı addımları isə bu gün bir sıra beynəlxalq təşkilatların zəiflədiyi bir dövrdə TDT-yə üzv ölkələrin səmimi və etimad üzərində qurulmuş əməkdaşlığa verdikləri dəyərli töhfə kimi dəyərləndirmək olar. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu təşkilat nadir təşkilatdır: “Çünki biz bilirik dünyada hansı beynəlxalq təşkilatlar var və o təşkilatlar çərçivəsində bəzən bəzi üzv ölkələr arasında ixtilaflar var, qarşıdurmalar var, hətta münaqişələr də var. Amma bizim nadirliyimiz, - bu, bizim çox böyük ümumi müştərək dəyərimizdir, - odur ki, həm çoxtərəfli, həm ikitərəfli formatda ancaq xoş münasibət, xoş niyyət, bir-birimizə olan dəstək və bir-birimizə olan hörmət və ehtiramdır. Bu, çox böyük dəyərdir.”

Qvami Məhəbbətoğlu, “İki sahil”