04 fevral 2026 18:36
115

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri yeni mərhələdə

Dövlətimizin son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət çoxşaxəli xarakter daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu siyasət regionda sabitliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bunun nəticəsi olaraq son illərdə xarici ölkələrlə əlaqələrimiz genişlənmiş, bu isə Azərbaycanın iqtisadiyyatına öz töhfəsini vermişdir. Dövlətimizin ən yaxın müttəfiqlərindən biri də Birləşmiş Ərəb Əmirlikləridir. Bir çox ortaq dəyərlərin birləşdirdiyi bu iki ölkə arasında tarixi köklərə və mənəvi dəyərlərə əsaslanan sağlam münasibətlər formalaşıb. Bu münasibətlər qarşılıqlı hörmət və çoxtərəfli əməkdaşlığa əsaslanır. Azərbaycanın sülh gündəliyinə də öz töhfəsini vermiş Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı səfərlər və müxtəlif səviyyəli mütəmadi görüşlər əlaqələrin strateji xarakter daşıdığını göstərir. Hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda da bir-birinə davamlı dəstək nümayiş etdirir. İki ölkə arasındakı uzunmüddətli perspektivlərə hesablanmış münasibətlər müxtəlif sahələri əhatə edir.  

Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri günü-gündən genişlənir. Prezident İlham Əliyevin bu günlərdə bu ölkəyə işgüzar səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə və yeni səviyyəyə yüksəlməsinə öz töhfəsini verir. Azərbaycana ən çox sərmayə yatıran ərəb ölkələrindən biri olaraq Birləşmiş Ərəb Əmirlikləri burada geniş enerji layihələri həyata keçirir. Bu kontekstdə bərpa olunan enerjinin payı çox böyükdür. Çox böyük “yaşıl enerji” potensialına malik Azərbaycanın bərpa olunan mənbələr hesabına enerji istehsalına xarici investisiyaların cəlb olunması istiqamətində apardığı işin nəticəsi olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ölkəmizdə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının qurulmasında yaxından iştirak edib. Bu, ölkəmizin xarici siyasətində ən mühüm əməkdaşlıq nümunələrindən hesab olunur və  enerji siyasətimizdə də strateji əhəmiyyət kəsb edir. Eyni zamanda karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldaraq Azərbaycanın son illərdə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən iqlim dəyişiklikləri ilə mübarizə sahəsində çalışmalarına da töhfə verir. Eyni zamanda “Masdar” şirkəti mövcud infrastrukturun genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi sahəsində də iş aparır.   

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında həmçinin mədəni və humanitar sahədə də əlaqələr genişlənir. Ölkə başçılarının görüşlərində bu sahədə əməkdaşlıq daim xüsusi vurğulanır və münasibətlərin “yumşaq güc” tərəfini formalaşdırır. Ortaq İslam mədəniyyətinə, Şərq dəyərlərinə və multikultural ənənələrə söykənən iki ölkə prezidentlərinin görüşlərində də mədəniyyətin xalqları bir-birinə yaxınlaşdıran əsas körpü olduğu daim vurğulanır.

Ölkələrimiz arasında müdafiə sənayesi sahəsində də əlaqələr genişlənir. Səfər çərçivəsində müdafiə əməkdaşlığı üzrə niyyət protokolunun imzalanması da bunu bir daha nümayiş etdirdi. Eyni zamanda Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin silahlı qüvvələri arasında keçirilən “Sülh qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimi izlədilər. Bu təlim ölkələr arasında hərbi əməkdaşlığın da inkişaf etdiyini və yüksək səviyyədə olduğunu göstərdi.

Qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev həm də 2026-cı il üçün  Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan – “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. Mükafatçıları müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilən bu mükafat Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verilən qiymətin təzahürüdür.     

İki ölkə başçısı arasında yüksək səviyyəli şəxsi münasibətlər də qarşılıqlı əməkdaşlığa öz töhfəsini verir və həm siyasi, həm də iqtisadi baxımdan sağlam təməllər üzərində yüksələn münasibətlər formalaşır. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyədə münasibətlər, fəal təmaslar, beynəlxalq platformalarda əməkdaşlıq ölkələr arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə möhkəm zəmin yaradır.

Nuray Əliyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru