Süni intellektin qlobal təsirlərini qiymətləndirmək üçün yaradılan Müstəqil Beynəlxalq Elmi Panel "Gələcək üçün BMT paktı" çərçivəsində yeni texnologiyalar üzrə çoxtərəfli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır və süni intellekt sahəsində bilik boşluğunu azaltmağa yönəlmiş ilk qlobal, tam müstəqil elmi qurum olacaq.
“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş süni intellektin qlobal təsirlərini qiymətləndirmək üçün Müstəqil Beynəlxalq Elmi Panel barədə jurnalistlərə açıqlamasında deyib.
"Qurumun əsas məqsədi süni intellektin iqtisadiyyat və cəmiyyətlərə real təsirlərini araşdırmaq, etibarlı elmi qiymətləndirmə təqdim etmək və ölkələr arasında ortaq anlayış formalaşdırmaqdır. Panel faktları dezinformasiyadan ayırmağa kömək edən mötəbər istinad mənbəyi rolunu oynayacaq", - Quterreş qeyd edib.
Baş katib bildirib ki, 2 600-dən çox müraciət arasından seçilən üzvlər ağıllı cihazların öyrənilməsi, məlumatların idarə olunması, səhiyyə, kibertəhlükəsizlik və insan hüquqları kimi sahələri təmsil edir və şəxsi keyfiyyətlərində müstəqil fəaliyyət göstərəcəklər.
Həmçinin panel sürətləndirilmiş rejimdə işləyəcək və ilk hesabatın iyulda keçiriləcək "AI İdarəçiliyi üzrə Qlobal Dialoq"da təqdim olunması gözlənilir. Katibliyin işi baş katibin xüsusi elçisi Amandip Gill tərəfindən əlaqələndiriləcək.
Qeyd edək ki, sözügedən panel 2025-ci ilin avqust ayında təsis edilib.