Dünya ictimaiyyəti çox yaxşı görür ki, Azərbaycan 35 il davam etmiş münaqişəni hərbi mərhələdən sonra məhz siyasi mərhələyə daşıyaraq bölgədə davamlı sülhün bərqərar olunması üçün sistemli, ardıcıl və prinsipial addımlar atır. Azərbaycan 2020-ci ildə hərbi yolla ədaləti bərpa etdikdən sonra, qalib tərəf olmasına baxmayaraq, sülh gündəmini irəli sürən ilk tərəf oldu. Bu, beynəlxalq münasibətlər sistemində nadir rast gəlinən bir hadisədir. Adətən qalib tərəf şərtləri diktə edir, lakin Azərbaycan bərabərhüquqlu və suverenliyə hörmət prinsiplərinə əsaslanan 5 maddəlik sülh təklifini təqdim etdi. Bununla da dünya birliyi bir daha görür ki, Azərbaycan sülhü sadəcə sözdə deyil, praktiki addımlarla qurur.
Dövlət başçısının “biz Ermənistanla sülh şəraitində yaşamağı öyrənirik” fikri sülhə yanaşmanın mahiyyətini açan mühüm tezisdir. Burada sülh bir anda əldə olunan nəticə deyil, qarşılıqlı etimadın, psixoloji baryerlərin aradan qaldırılmasının və uzunmüddətli əməkdaşlıq mədəniyyətinin formalaşması prosesi kimi təqdim olunur. Uzun illər davam etmiş münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülhün mümkünlüyü ideyası məhz bu baxışdan qaynaqlanır. 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli Zirvə Görüşündən sonra ötən altı ayın münasibətlərin inkişafı baxımından mühüm mərhələ kimi qiymətləndirilməsi, sülh prosesinin tədricən institusional çərçivə qazandığını göstərir. Son altı ayın təhlili göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlər ritorikadan real işbirliyinə keçid edir. Vaşinqton görüşündən sonra tərəflər arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində atılan addımlar sülhün “praktiki öyrənilməsi” prosesinin tərkib hissələridir. Bu yanaşma beynəlxalq ictimaiyyət üçün də bir çağırışdır. Azərbaycan nümayiş etdirir ki, ən mürəkkəb münaqişələrdən sonra belə, siyasi iradə və qarşılıqlı hörmət olduqda, sülh mədəniyyətini yenidən inşa etmək mümkündür.
Cənab Prezidentin Əbu-Dabi mərasimindəki çıxışında dinlərarası dialoq məsələsinə xüsusi yer ayırması beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm bir mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan sadəcə coğrafi və siyasi deyil, həm də mənəvi və mədəni bir körpüdür. Dünyada ksenofobiya, islamofobiya və dini ayrı-seçkiliyin artdığı bir dövrdə, Prezidentin Azərbaycanı “əsrlər boyu müxtəlif dinlərin sülh içində yaşadığı məkan” kimi təqdim etməsi qlobal böhranlara qarşı ən güclü cavabdır. Azərbaycanın multikulturalizm modeli bu gün münaqişələrin həlli və radikalizmlə mübarizə üçün universal bir düstur kimi çıxış edir.
Beləliklə, “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın apardığı xarici siyasətin sülhsevər mahiyyətini bir daha sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm meydanda, həm də masada qazandığı uğurları indi mənəvi və humanitar qələbələrlə taclandırır. Bu, təkcə bölgə üçün deyil, bütün bəşəriyyət üçün bir ümid və qardaşlıq mesajıdır.
Anar Məmmədov,
Milli Məclisin deputatı