05 fevral 2026 23:16
115

Qisas qiyamətə qalmadı: İlahi ədalət öz yerini tapdı

Əllərini xalqımızın qanına batırmış qatillər Azərbaycan qanunları ilə mühakimə edildilər və layiqli cəzalarını aldılar

İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşayiət olundu. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə oldu. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu. Reallıq budur ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa olundu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu məqamı da xüsusi qeyd etdi: “Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik, biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar. Antiterror tədbirlərinin bir gün ərzində uğurla başa çatdırılması yenilməz ordumuzun malik olduğu imkanların təqdimatı oldu.”

Antiterror tədbirlərindən sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirdi. İstintaqı Baş Prokurorluq və DTX əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olundu. Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və digər cinayət əməllərində təqsirləndirilirlər. Bu qatillər bir zamanlar Qarabağda, digər işğal etdikləri ərazilərimizdə azərbaycanlılara divan tutmaları, o cümlədən Gəncədə, Tərtərdə, Bərdədə terror törədərək mülki insanlarımızı qətlə yetirmələri ilə öyünürdülər. Vətən müharibəsində Araikin Gəncəni vurmaq əmrini özünün verdiyini necə əda ilə videokamera önündə etiraf etməsini hər kəs xatırlayır. Separatçının qatil xələfi Serjik Sarkisyan da 2000-ci ildə britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində Xocalı soyqırımını törətmələrini boynuna almış, yüzlərlə günahsız insanın ölümünə səbəb olduğuna görə heç bir peşmanlığı olmadığını həyasızcasına dilə gətirmişdi. Canilər elə düşünürdülər ki, xalqımıza qarşı törətdikləri bu qanlı əməllər cəzasız qalacaq. Beynəlxalq ictimaiyyətin bu cinayətlərə göz yumması, susqunluğu isə erməni qatillərini daha da ruhlandırırdı. Amma Azərbaycan hər zaman bəyan edirdi ki, torpaqlarının işğalı, etnik təmizləmə ilə barışmayacaq, xalqımıza qarşı qətliamlar, soyqırımlar törədən qatilləri, terrorçuları cəzasız qoymayacaq.

Budur, artıq ilahi ədalət öz yerini tapdı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunublar. Həmçinin qeyd edilib ki, təqsirləndirilən Arkadi Qukasyanın, Bako Saakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxslər 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan və Bako Saakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Hökmə əsasən təqsirləndirilən Madat Babayan isə qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmçinin, Ermənistan vətəndaşlarının məhkəməsində daha 7 nəfər təqsirləndirilən şəxs müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin məhkəməsində şahidlərin verdikləri ifadələr, onların etirafları əsasında gizli qalan bir sıra məsələlər üstü açıldı, separatçıların həyata keçirdikləri cinayətlər ifşa olundu və sübuta yetirildi. Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlər və sübutlar elan olundu. Proses zamanı separatçıların işlədikləri cinayətlər bir-bir özləri tərəfindən etiraf edildi.

Məlum olduğu kimi, separatçıların “lideri” Araik Arutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 20 sentyabr 2023-cü ilədək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib. Tədqiq edilmiş materiallardan birinə əsasən, Araik Arutyunyanın 1990-cı illərdə Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə iştirak etdiyi, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə qatıldığı təsdiqini tapıb. Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, düşmən ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, silahlı dəstələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlı əməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa rol oynadığını sübut edir. O, Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin, terror aktlarının törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib. Bir sözlə, insanlıq əleyhinə müharibə cinayətlərinin hamısında Arutyunyanın və onun “silahdaşlarının” iştirakı sənədlərlə sübut olunub.

Onu da vurğulayaq ki, üç ilə yaxın bir müddətdə bəzi qərəzli Qərb təsisatlarının separatçıların həbsi ilə bağlı məsələdə riyakarlığı müşahidə edilirdi. Ancaq onların bu çirkin davranışları heç nəyi dəyişdirmək iqtidarında olmadı. Azərbaycan dövləti həmin terrorçuları beynəlxalq hüquq və qanunlar çərçivəsində mühakimə etdi. Qondarma rejimin rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələ ölkəmizin daxili işidir və heç zaman sülh gündəliyinin predmeti olmayıb. Əliqanlı separatçılar, bir zamanlar Qarabağda at oynadan qondarma qurumun təlxək “prezidentləri”, “deputatları”, “nazirləri” törətdikləri cinayət əməllərinin layiqli cəzasını aldılar.

Sevinc Azadi, “İki sahil”