06 fevral 2026 01:15
84

Soyuq havalarda diqqətli olun!

Bu səhv ürək üçün risk yarada bilər: Mütəxəssisdən xəbərdarlıq

Soyuq hava təkcə soyuqdəymə və qrip riskini artırmır, eyni zamanda, ürək-damar sağlamlığı üçün ciddi təhlükələr yaradır. Mütəxəssislər bildiriblər ki, aşağı temperatur damarların daralmasına, arterial təzyiqin yüksəlməsinə və qanın laxtalanmağa meyilliliyinin artmasına səbəb olur. Bu amillər isə ürək tutması riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə qış aylarında səhər saatlarında qəfil və intensiv fiziki gərginlik ürəyə əlavə yük salaraq həyati təhlükə yarada bilər.

Mövzunu şərh edən tibb üzrə fəlsəfə doktoru, dosent Fatih Güngörən qeyd edib ki, soyuğa məruz qaldıqda damar divarlarında vazokonstriksiya, yəni daralma baş verir. Bu hal qan təzyiqinin yüksəlməsinə və ürəyin daralmış damarlara qan vurmasını çətinləşdirərək onun iş yükünü artırmasına səbəb olur. Eyni zamanda, soyuq hava hormonal tarazlığa təsir göstərir, adrenalinin səviyyəsi yüksəlir ki, bu da həm ürək döyüntüsünü, həm də təzyiqi artırır. Soyuq havanın digər mənfi təsiri isə qanın laxtalanmağa meyilliliyini artırmasıdır. Bu isə həm ürək tutması, həm də insult riskinin yüksəlməsi deməkdir.

Qış aylarında risk niyə artır?

Mütəxəssis bildirib ki, qış mövsümündə ürək tutması riskinin artmasının əsas səbəbləri damarların daralması, arterial təzyiqin yüksəlməsi, ürəyin daha çox işləməyə məcbur qalması və oksigenə tələbatının artmasıdır. Bundan əlavə, soyuq havalarda insanların daha az hərəkətli olmaları, çəki artımı və tənəffüs yolu infeksiyaları da ürək tutmasının baş verməsinə yol açan amillər sırasındadır.

Risk hər kəs üçün mövcud olsa da, bəzi qruplarda bu təhlükə daha yüksəkdir. Daha əvvəl ürək tutması keçirmiş şəxslər, ürək damarlarına stent qoyulmuş və ya şuntlama əməliyyatı olunmuş xəstələr, eləcə də yüksək təzyiq, şəkərli diabet və xolesterin problemi olan insanlar soyuq havalarda xüsusi risk qrupuna daxildirlər. Yaşlılar, siqaret çəkənlər və müntəzəm fiziki aktivliyi olmayan şəxslər də soyuğun mənfi təsirlərinə qarşı daha həssasdırlar.

Dosent Fatih Güngörən vurğulayıb ki, soyuq havada qəfil və yüksək templə görülən fiziki iş ürək üçün ciddi təhlükə yaradır. Çünki soyuğun yaratdığı damar daralması ilə fiziki gərginliyin verdiyi yük eyni anda üst-üstə düşür. Nəticədə ürək həm daha çox işləməli olur, həm də daralmış damarlara qarşı qan vurmağa məcbur qalır. Bu səbəbdən xüsusilə qarlı havalarda qar təmizləmək və ya sürətli yerimək zamanı ürək tutması halları müşahidə oluna bilər.

Mütəxəssis soyuğun birbaşa ürəyə təsir etdiyini bildirərək əlavə edib ki, düzgün geyim bu riskin azalmasında mühüm rol oynayır. Qat-qat geyinmək bədən temperaturunu daha yaxşı qoruyur və tərlədikdən sonra üşümənin qarşısını alır. Ürək xəstələri üçün xüsusilə sinə, boyun, bel və baş nahiyəsinin isti saxlanılması vacibdir. Çox soyuq havalarda şərf, papaq və əlcəkdən istifadə edilməsi tövsiyə olunur. Ani istilik itkisi ürək üçün stress yarada biləcəyi üçün soyuqdan qorunmaq sadə, lakin təsirli tədbirdir.

Səhər saatlarında xüsusi diqqət tələb olunur

Dosent Güngörən qeyd edib ki, səhər erkən saatlarda hormonal dəyişikliklər səbəbindən arterial təzyiq daha yüksək olur və qanın laxtalanmağa meyilliliyi artır. Bu vəziyyətə soyuq havanın təsiri də əlavə olunduqda ürək tutması riski xeyli yüksəlir. Səhərlər işə tələsmək, sürətlə yerimək, avtobus və ya xidmət maşınına çatmağa çalışmaq kimi hallar tez-tez baş verir. Xüsusilə ürək xəstələrinə səhər saatlarında qəfil fiziki gərginlikdən çəkinmək tövsiyə olunur. Mütəxəssis, həmçinin ürək mənşəli sinə ağrıları ilə soyuqdəymədən sonra yaranan əzələ-sümük və ya tənəffüs sistemi ağrılarının bəzən bir-biri ilə qarışdırıldığını bildirib. Ürək mənşəli ağrılar adətən sinənin orta hissəsində təzyiq, yanma və sıxılma şəklində olur, boyun, çənə, qol və bel nahiyəsinə yayıla bilir. Soyuqdəymə ilə bağlı ağrılar isə çox vaxt bir nöqtədə cəmlənir, iynə batması kimi hiss olunur və nəfəs alma və bədən mövqeyinin dəyişməsi ilə arta və ya azala bilər. Bu fərqin dəqiq müəyyənləşdirilməsi üçün həkim müayinəsi vacibdir.

Ürək damarlarını yoxlatdırmaq vacibdir

Mütəxəssisin sözlərinə görə, müntəzəm kardioloji müayinələr ürək tutmasının qarşısının alınmasında böyük rol oynayır. Risk qrupunda olan şəxslərdə elektrokardioqramma (EKQ), yüklənmə testi və exokardioqrafiya kimi müayinələrlə ürəyin fəaliyyəti qiymətləndirilməlidir. Zəruri hallarda kompüter tomoqrafik angioqrafiya (KT angioqrafiya) üsulu ilə ürək damarları cərrahi müdaxilə olmadan müayinə oluna bilər. Müasir texnologiyalar və süni intellekt dəstəyi sayəsində bu müayinə üsulu erkən diaqnoz qoymağa imkan verir və vaxtında görülən müalicə və həyat tərzində edilən bəzi dəyişikliklər ilə birlikdə ciddi ürək-damar hadisələrinin qarşısını almaq mümkündür.

Şahnigar Əhmədova, “İki sahil”