05 fevral 2026 22:36
134

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi: Regional elmin unikal inkişaf nümunəsi

Hər yeni il yeni ideya və arzular, yeni hədəflər, yaradıcı-təşkilati planlaşdırma baxımından yeni başlanğıclar deməkdir. Eyni zamanda artıq tarixə qovuşmuş bir ilə yeni tendensiyalar prizmasından nəzər salıb daha məntiqi və tənqidi yanaşaraq, mənəvi məsuliyyət yükünü daha aydın dərk edərək yeni bir mərhələnin təməlini qoymaqdır. Bu mənada, 2025-ci il yaddaşlarımıza həm də Azrəbaycan elmi-ictimai mühiti, milli təfəkkürü üçün çox mühüm bir tarixin – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinin bir ümümxalq hadisəsi kimi qeyd edilməsi ilə həkk olundu. Bu yubileyin təkcə ölkə səviyyəsində deyil, beynəlxalq tədbirlərlə daha geniş miqyasda qeyd olunması AMEA-nın vahid bir istiqamətləndirici mərkəz, elmi mühitin ideyaverici bayraqdarı kimi milli elmimizin çoxistiqamətli inkişafında əvəzsiz rol oynadığını bir daha təsdiq etdi.

Azərbaycanda elmin təşəkkül tarixi qədim olsa da, elmin təşkilatlanması prosesinin başlanılması XX əsrə aid edilir. Geniş vüsət alan bu hərakat Azərbaycan ictimai həyatında mühüm hadisə – 27 mart 1945-ci ildə müstəqil elmi təşkilatın – Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması ilə nəticələnmişdi. Bu elmi qurum hələ keçmiş sovetlər dövründə unikal elmi nailiyyətləri ilə Sovetlər İttifaqının hüdudlarından kənarda belə tanınmağa başlamışdır. Bu uğurların əsasında isə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə böyük siyasi uzaqgörənliklə milli elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşması dururdu. Təsadüfi deyil ki, yeni elmi məktəblərin yarandığı, yeni elmi nəslin yetişib formalaşdığı bu dövr Akademiyanın fəaliyyətinin intibah dövrü kimi xarakterizə edilir. Ulu Öndər SSRİ-nin rəhbərliyində yüksək vəzifələrdə çalışdığı dövrdə elmi qurumda sükunət, ətalət müşahidə olunmuşdur. Təəssüfdoğurucu haldır ki, müstəqilliyin başlanğıc illərində elmə, təhsilə, gələcək milli intellekt fondunun yaradılmasına biganəliyin nəticəsi kimi Akademiya nəinki tənəzzül və böhran içində idi, hətta ləğv olunmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan dövlətində yenidən siyasi hakimiyyətə qayıdışı ilə digər sahələrlə yanaşı ümummilli mənafeyə, dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edəcək elmi tərəqqi məsələsi də önə çəkilmişdir. Ona görə də 1993-2003-cü illər AMEA-nın prezidenti, görkəmli akademikimiz İsa Həbibbəyli tərəfindən yenidən təşkilatlanma və Milli Elmlər Akademiyasının quruculuğu dövrü kimi səciyyələndirilir.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyə başladığı dövrdən etibarən ölkənin hərtərəfli inkişafının əsas amillərindən biri kimi Azərbaycan elminin inkişafı, Elmlər Akademiyasının fəaliyyətini gücləndirmək dövlət siyasətinin əsas prioritet istiqamətinə çevrilmişdir. 2003-cü ildən etibarən bu elmi qurumun fəaliyyəti dünya elminə daha uğurlu inteqrasiya, çağdaş qlobal elmi tərəqqi prosesi ilə ayaqlaşma, elm, təhsil və iqtisadiyyatı vəhdətdə inkişaf etdirmək məqsədi daşıyan zəruri islahatlarlar ilə müşahidə olunur. Milli Elmlər Akademiyası bu dövlət siyasətindən layiqincə bəhrələnməklə Dünya Akademiyaları Cəmiyyətində layiqincə təmsil olunmaqda, beynəlxalq əməkdaşlığını genişləndirməkdədir. İnamla demək olar ki, bu elmi qurum ümummilli maraqların və bəşəri ideyaların, dövlət siyasətinin elmi cəhətdən reallaşdırıldığı baş qərargaha çevrilmişdir. Bu uğurlarda Azərbaycan elminin inkişafında, dünyada layiqincə təmsil olunmasında çox mühüm rola malik AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin əvəzsiz xidmətləri vardır. Azərbaycan Milli Elmlər Akademiyasıının vahid mərkəzləşdirilmiş idarəetmə sistemi çəklində öz ətrafında cəmləşdirdiyi akademik elmi təşkilatlardan biri də Naxçıvan Bölməsidir.

Ümummilli lider Heydər Əliyev 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması kimi uzaqgörən, unikal bir təşəbbüsü reallaşdırdı. Bu tarixi addım Şərqin elm və mədəniyyət beşiyi olan Naxçıvanda elmi-tədqiqat qurumlarının fəaliyyətini gücləndirmək, mövcud elmi potensialdan daha səmərəli faydalanmaq, mühüm strateji əhəmiyyətə malik bu diyarın tarixini, arxeologiyasını, etnoqrafiyasını, təbii sərvətlərini əhatəli öyrənmək kimi bir ali məqsəd daşıyırdı. Ulu öndərin 12 avqust 2002-ci il tarixdə Naxçıvanda keçirilən, Bölmənin yaradılmasına həsr edilmiş müşavirəyə sədrlik etməsi, bu tarixi addımın zəruriliyindən, həm də qarşıda duran məsul vəzifələrdən bəhs edən proqram xarakterli nitq söyləməsi görkəmli dövlət xadiminin bu qədim diyarda elmin ən müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinə necə böyük əhəmiyyət verdiyini bir daha təsdiq edir.

500 ştat, 100 faiz əlavə əməkhaqqı ilə, 6 elmi-tədqiqat müəssisəsi ilə fəaliyyətə başlamış bu elmi təşkilat hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Prezident İlham Əliyevin 2004-cü ildə AMEA Naxçıvan Bölməsinin yeni korpusunun açılış mərasimində iştirak etməsi, regional elmin inkişaf prioritetləri ilə bağlı verdiyi tövsiyələr bölmənin sonrakı uğurlu fəaliyyəti üçün zəmin olmuşdur.

Bu illər ərzində AMEA Naxçıvan Bölməsində kollektiv əməyin, gərgin və fədakar elmi tədqiqatların bəhrəsi olaraq ərsəyə gələn 3 cildlik “Naxçıvan tarixi”, “Naxçıvan folkloru antologiyası”, 2 cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan coğrafiyası”, “Naxçıvan etnoqrafiyası”, “Naxçıvanın tarixi atlası” albomu, “Naxçıvan Muxtar Respublikasının dövlət qoruqları və yasaqlıqları”, muxtar respublikanın inzibati ərazi bölgüsünə daxil olan rayonların ən qədim və müasir tarixindən, sosial-iqtisadi, mədəni inkişafından əhatəli bəhs edən monoqrafiyalar və digər sanballı nəşrlər nəinki diyarşünaslığa, ümumilikdə, Azərbaycan elminə dəyərli töhfələrdir.

Dövlət qayğısı nəticəsində Bölmədə elmi-tədqiqat institutları, laboratoriya və muzeylərin yaradılması, beynəlxalq elmi konfransların, beynəlxalq elmi ekspedisiyaların təşkili nəticəsində ortaya yeni zəruri elmi faktlar və elmi-nəzəri təlimlər meydana çıxarılmışdır ki, bu da Naxçıvanda Azərbaycan elmini zənginləşdirən, fundamental Diyarşünaslıq İnstitutu funksiyasını yerinə yetirən müasir tipli bir elmi mərkəzin mövcudluğundan xəbər verir. Görkəmli elm xadimi, akademik İsmayıl Hacıyevin sədrliyi ilə Bölmədə fəaliyyət göstərən tarixşünaslıq və arxeologiya üzrə Dissertasiya Şurasında gələcəyin müasir elmi təfəkkürlü və vətənpərvər tarixçi tədqiqatçıları formalaşdırılır. Bölmə əməkdaşlarından 15-ə yaxın elmlər doktoru AMEA-nın həqiqi və müxbir üzvü seçilmişdir. 23 illik fəaliyyəti dövründə Azərbaycan Milli Elmlər Akademiyasında ən yüksək göstəricilər bölməyə aid olmuşdur. Bölmədə bir elmi işçiyə düşən əsər sayının həmişə 8-12 faiz arasında olmuş, 2025-ci ildə bu göstərici 10,4 faiz təşkil etmişdir. Bu faktlar özlüyündə regionda elmi potensialın uğurlu göstəricisidir. Mediadan da izlədiyimiz kimi AMEA-nın Rəyasət Heyətinin iclasında Naxçıvan Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına həsr olunmuş hesabatı müsbət qiymətləndirildi, bölmə əməkdaşlarınını yeni elmi nəşrlərindən ibarət sərgi maraqla qarşılandı.

Ötən il bölmənin müəssisələri fəaliyyətini dövlət başçısının müəyyənləşdirdiyi elm strategiyasının icrası istiqamətində davam etdirib. 2025-ci ildə burada 3 elmi istiqamət üzrə, 3 problem çərçivəsində 17 elmi iş üzrə 36 mərhələdə tədqiqatlar aparılıb. İlin yekununda aparılan araşdırmalar nəticəsində 6 mühüm elmi nəticə əldə olunub. Belə ki, Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Bülövqayada Dalma Təpə mədəniyyətindən forma və dekorativ motivləri ilə seçilən fərqli bir mədəniyyətin – Bülövqaya mədəniyyətinin formalaşması kimi mühüm elmi faktı təsdiq edib. Bundan başqa, Naxçıvanda keramika məmulatlarının naxış motivinin öyrənilməsi nəticəsində Naxçıvanda dulusçuluqda IX əsrdən başlayan inkişafın XII-XIII əsrədək davam etməsi ilə bağlı mühüm elmi qənaətə gəlinib. Eyni zamanda, Naxçıvan ərazisində işlədilən frazeoloji ifadələr ilk dəfə kənd, qəsəbə və rayonlar üzrə toplanılaraq əhatəli tədqiq edilib, Naxçıvan şivələri leksika, frazeologiya və leksikoqrafiya cəhətdən araşdırılıb. Bunlar  ümumilikdə müasir dilçilik elmimizin mühüm uğuru hesab edilə bilər. Ötən il Naxçıvanda rəssamlıq sənətinin teatr-dekorativ növünün dövrlər üzrə əhatəli tədqiqi, Naxçıvan Dövlət Milli Dram Teatrında rəssam kimi fəaliyyət göstərən sənətkarlarımızın həyat və yaradıcılığının öyrənilməsi baxımından aktual olan daha bir monoqrafiya işıq üzü görmüşdür. Şair, dramaturq, publisist Hüseyn Razinin ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilən arxiv materialları əsasında müəllifin ictimai mövqeyi, milli ideoloji baxışları və azadlıq ideallarına sadiqliyi ətraflı və əsaslı şəkildə ortaya qoyulmuşdur ki, bu da Azərbaycan ədəbiyyatşünaslığındakı elmi yeniliklərdəndir.

2025-ci ildə Bölmə əməkdaşlarının 10 monoqrafiyası, 15 kitab, 202 elmi məqaləsi, 142 konfrans materialı, 6 tezisi olmaqla 375 əsəri çap olunmuşdur. Əsərlərdən 1 monoqrafiya, 2 kitab, 29 məqalə, 27 konfrans materialı və 2 tezis xaricdə nəşr olunması, 18 elmi məqalənin Web of science, Scopus, ERİH Plus, CrossRef elmmetrik bazaları da daxil olmaqla impakt faktorlu jurnalda çap edilməsi, bölmə əməkdaşlarının əsərlərinə 1916 istinadların qeydə alınması dünya elminə inteqrasiya prosesində qazanılan uğurlardandır. 2025-ci ildə “Elmi əsərlər” jurnalının 2, “Axtarışlar” jurnalının isə 3 nömrəsi çapdan çıxmış, hər iki jurnalda çap olunan məqalələr DOİ rəqəmsal identifikatoru ilə təmin olunmuşdur.

Ötən il Bölmədə Dissertasiya Şurasında “Vətən tarixi” ixtisası üzrə 4 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib, Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib ki, bu da kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi istiqamətində görülən işlərdəndir.

2025-ci ildə “Qərbi Azərbaycan: tarix, mədəniyyət və böyük qayıdış” mövzusunda respublika elmi konfransının, eyni zamanda, “Konstitusiya və Suverenlik İli” və Elm Günü ilə əlaqədar elmi konfransların, bölmədə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş elmi sessiyanın keçirilməsi elmi tədbirlərin təşkilinin də diqqət mərkəzində olduğunu təsdiq edir.

Ümumiyyətlə, qürurla demək olar ki, AMEA-nın Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi illər ərzində elmin inkişafına mühüm töhfələr verə bilib. Azərbaycan elminin modernləşmə və inkişaf, yeniləşmə və islahatlar mərhələsi kimi səciyyələndirilən son iyirmi ildən artıq bir dövrdə Naxçıvanın Şərq elmindəki tarixi nüfuzunu layiqincə qoruyub saxlamağa çalışıb.

AMEA Naxçıvan Bölməsinin bu uğurlarında heç şübhəsiz ki, kollektiv rəhbəri kimi yüksək təşkilatçılıq və idarəetmə bacarığına, elmi səriştə və ictimai nüfuza malik olan Əməkdar elm xadimi, görkəmli akademik İsmayıl Hacıyevin əvəzsiz rolu vardır. Ömrünün mənasını elmi fədakarlıqda görən, ictimai xadim kimi fəal vətəndaşlıq mövqeyi ilə hər zaman seçilən, dövlətçilik tariximizin milli özünüdərk işığnda tədqiqində, Naxçıvanşünaslıq elmi istiqamətinin inkişafında özünəməxsus bir elmi məktəb formalaşdırmış görkəmli akademik mənalı ömür yolu keçmiş, elmdə öz sözünü deməklə layiqli bir zirvədə dayanan ziyalılarımızdandır. O, Azərbaycanın çoxəsrlik siyasi tarixində Naxçıvanın özünəməxsus yeri və rolunu, görkəmli tarixi şəxsiyyətlərin həyatını, xidmətlərini tədqiq etməklə Azərbaycanın dövlətçilik tarixinin müxtəlif mərhələlər üzrə real inkişaf məcmusunu yaratmağa xidmət edən görkəmli alimdir. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsini, Prezident İlham Əliyevin çoxcəhətli siyasi liderlik fəaliyyətini tədqiq etməklə ən yeni tariximizin çoxəsrlik dövlətçilik tariximizdəki əvəzsiz yerini elmi əsaslarla müəyyənləşdirə bilmişdir. Yeni elmi nəslin yetişməsində, onların elmi mühitdə özünütəsdiqində, ciddi tədqiqatların, mühüm elmi yenilikləriin ərsəyə gəlməsində akademik İsmayıl Hacıyevin xüsusi xidmətləri vardır. Görkəmli alim məhsuldar elmi-pedaqoji fəaliyyəti ilə, Azərbaycan elmini beynəlxalq miqyasda da yüksək səviyyədə təmsil etməklə yanaşı, qətiyyətli vətənpərvərlik mövqeyi, elmi prinsipiallığı, obyektivliyi, məsuliyyətlliliyi ilə də ziyalı nəslə əsl örnəkdir. AMEA-nın Naxçıvan Bölməsi bu gün məhz görkəmli alim, tanınmış ictimai xadim İsmayıl Hacıyevin rəhbərliyi ilə növbəti uğurlara imza atmaqdadır. AMEA-nın Prezidenti, görkəmli akademikimiz İsa Həbibbəylinini də qeyd etdiyi kimi, “Bu gün AMEA-nın Naxçıvan Bölməsi ölkəmizin paytaxtındakı akademik elmi qurumlarla tədqiqat işləri sahəsində sağlam rəqabət apara bilən elmi mərkəzlərdən birinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqdisati və elmi-mədəni inkişafına da AMEA-nın Naxçıvan Bölməsi öz töhfələrini verməkdə davam edir”.

Prezident İlham Əliyevin ötən il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbiri zamanı milli elmi strategiya ilə bağlı irəli sürdüyü fikirlər AMEA Naxçıvan Bölməsinin də gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən dəyərli konsepsiyadır. Akademik İsmayıl Hacıyevin də müsahibələrindən birində qeyd etdiyi kimi, “Bu çıxış, əslində, elmin qarşısında dayanan çağırışları və dövlətin elmə verdiyi davamlı dəstəyin mahiyyətini özündə birləşdirən konseptual sənəd rolunu oynayır”.

Dövlət başçımız istər AMEA-nın 80 illik yubileyindəki tarixi nitqində, istərsə də yeni ilin ilk günlərində yerli televeziya kanallarına müsahibəsi zamanı qeyd etmişdir ki, müasir, müstəqil, suveren və qalib Azərbaycanda elmin də inkişafı istiqamətində yeni prioritetlər müəyyənləşdirdirilməsi zamanın tələbidir. Ölkə başçımız elmin iqtisadiyyatla, sənaye ilə əlaqəli, təhsillə paralel inkişafı ilə bağlı zəruri tapşırıq və göstərişlər vermiş. Ermənistan və məlum erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmiş milli tariximizin, xüsusilə də çoxəsrlik dövlətçilik tariximizin tədqiqi və tədrisi, 50 milyondan çox insan üçün ana dili olan Azərbaycan dilinin saflığının qorunması, zənginləşməsi və təbliği, bütün təbii sərvətlərdən, iqtisadi gəlirlərdən daha önəmli olan insan kapitalının formalaşdırılması ilə bağlı elmi ictimaiyyət qarşısında mühüm vəzifələr qoymuşdur. AMEA Naxçıvan Bölməsində də bu vəzifələrin icrası istiqamətində konkret hədəflər müəyyənləşdirilib.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunğu Zəfər Tariximizi öyrənmək, Naxçıvanın blokadasının aradan qaldırılmasına xidmət edəcək Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyətinin araşdırıb təhlil etmək, “Qərbi Azərbaycana Qayıdış” və “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyalarını elmi cəhətdən həyata keçirmək, Azərbaycan dilinin əhatəli tədqiq və təbliğ etmək, “Şəhərsalma və Memarlıq İli”ndə Naxçıvanın qədim şəhərsalma mədəniyyəti ilə bağlı yeni elmi tədqiqatlar aparmaq, Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin, Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileylərinə elmi töhfələr vermək, Möminə xatun türbəsinini dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası işlərində alim-ziyalı fəallığı ilə iştirak etmək AMEA Naxçıvan Bölməsinin qarşısında duran əsas hədəflərdəndir. Azərbaycan elminə, ümummilli mənafeyə xidmət etmək kimi bu şərəfli və məsuliyyətli işdə kollektivimizə uğurlar arzu edirəm

Mehriban Sultan,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti