06 fevral 2026 14:03
110

Aİ Məhkəməsi Rusiyadan gətirilən avtomobillərin müsadirəsinə icazə verdi

Avropa İttifaqı Məhkəməsi Aİ ölkələrinin Rusiya Federasiyasından idxal olunan avtomobilləri müsadirə etmək hüququnu təsdiqləyib. Məhkəmənin müvafiq qərarında bildirilir ki, Avropa İttifaqının sanksiyalarına düşən avtomobillər üzv ölkələrdə qeydiyyata alınmır və qanunvericiliyə uyğun olaraq dövlət orqanları tərəfindən müsadirə edilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Qərarda vurğulanır ki, Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya rejimi çərçivəsində qadağan olunmuş ticarət mallarının siyahısına daxil edilən bütün məhsullara məhdudiyyətlər şamil edilir. Əgər məhsul sanksiya reqlamentinə daxildirsə, onunla bağlı ayrıca və ya fərdi qiymətləndirmənin aparılmasına ehtiyac yoxdur.

Bu qərarın qəbul edilməsinə səbəb Almaniyanın Düsseldorf şəhərində yaşayan Rusiya vətəndaşının qaldırdığı məhkəmə iddiası olub. Həmin şəxs Rusiyadan gətirdiyi istifadədə olmuş avtomobili Almaniyada qeydiyyatdan keçirmək istəsə də, Almaniya gömrük orqanları buna icazə verməyib və nəqliyyat vasitəsini müsadirə edib. Avropa İttifaqı Məhkəməsi isə iddianı təmin etməyərək Rusiya vətəndaşının tələbini rədd edib.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiyalar 2022-ci ilin yazında Rusiya–Ukrayna münaqişəsinin başlanmasından sonra tətbiq olunmağa başlayıb. Həmin ilin oktyabr ayından etibarən isə Aİ-nin qiymətləndirməsinə görə Rusiya iqtisadiyyatına əhəmiyyətli gəlir gətirən minik avtomobilləri və digər nəqliyyat vasitələri birbaşa qadağa siyahısına daxil edilib.