Göz cərrahiyyəsi məhdud iş sahəsi və yumşaq toxumalar səbəbindən tibbin ən mürəkkəb sahələrindən biri hesab olunur. Millimetr səviyyəsində olan səhvlərin belə daimi görmə itkisinə səbəb ola bildiyi bu istiqamətdə hazırlanan robot qabaqcıl üçölçülü qavrama və hərəkətə nəzarət alqoritmlərindən istifadə edir. Bunun sayəsində gözün daxili strukturunda son dərəcə sabit və nəzarətli şəkildə irəliləyə bilir.

Yüksək dəqiqliklə mürəkkəb əməliyyatlar aparır
Tədqiqat çərçivəsində həm süni göz modelləri üzərində, həm də canlı və ölü heyvan toxumalarında aparılan sınaqlarda sistem 100 faiz uğur göstəricisinə nail olub. Ən maraqlı məqam isə dəqiqlik səviyyəsində müşahidə edilib. Robot əl ilə aparılan cərrahiyyə ilə müqayisədə səhv ehtimalını təxminən 80 faiz, insan tərəfindən idarə olunan robotlarla müqayisədə isə 55 faiz azaldıb.
Alimlərin fikrincə, əldə olunan nəticələr robotlarla mikrocərrahiyyənin klinik baxımdan tətbiqinin mümkün olduğunu aydın şəkildə sübut edir. Bu sistem vasitəsilə əməliyyatlar daha standart formada həyata keçirilə, cərrahların fərdi bacarıqlarından asılılıq azala və gənc həkimlərin uzunmüddətli təlim prosesi qısala bilər. Eyni zamanda, ixtisaslı mütəxəssislərin olmadığı ucqar bölgələrdə və fövqəladə şəraitdə belə mürəkkəb göz əməliyyatlarının icrası mümkün ola bilər.
Belə robot texnologiyaların geniş yayılması xüsusilə retina xəstəliklərinin müalicəsində daha təhlükəsiz və əlçatan həllər təqdim edə bilər. Bununla belə, klinik istifadəyə keçid öncəsi uzunmüddətli insan üzərində sınaqların tamamlanması böyük əhəmiyyət daşıyır. Süni intellekt və robot texnologiyalarında sürətli inkişafı nəzərə alsaq, yaxın illərdə təkcə göz sağlamlığı sahəsində deyil, demək olar ki, bütün istiqamətlərdə ciddi texnoloji dəyişikliklərin şahidi olacağımız gözlənilir.
Orxan Vahidoğlu, “İki sahil”