06 fevral 2026 19:49
129

Bakı sülhə töhfələr verir

Xəbər verildiyi kimi, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. Söhbət zamanı dövlətimizin başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Prezident İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məsələyə bir daha toxunub. Dövlətimizin başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini vurğulayıb.

Şübhəsiz, bu, bölgədə sabitliyin və təhlükəsziliyin təmin olunmasında maraqlı olan Azərbaycanın qonşularla münasibətlərdə qarşılıqlı hörmət və etimad prinsipinə sadiq qalmasının daha bir bariz nümunəsidir. Hətta rəsmi Bakı Azərbaycanın hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyini də bildirib. Siyasətçilərin fikrincə, Bakı gərginliyin soyumasına öz töhfəsini verə bilər. 

Bəli, sülhü yalnız sözdə deyil, diplomatik təşəbbüsləri və tərəfdaşlıq layihələri ilə əyani şəkildə dəstəkləyən rəsmi Bakı daim dialoq və əməkdaşlığı öz siyasətində prioritet hesab davam edir. Bununla da göstərir ki, sülh yalnız bəyanatlarla deyil, prinsipial mövqe, siyasi iradə və məharətli diplomatiya ilə qurulur.

Hazırda Cənubi Qafqazda birgəyaşayış və əməkdaşlıq üçün formalaşdırılmış münbit zəmin də elə rəsmi Bakının davamlı sülh səylərinin uğurlu nəticəsidir. 2020-ci ildə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında Ermənistana sülh təklif olunması, Azərbaycanın beş il ərzində bu istiqamətdə praktiki addımları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh sazişinin paraflanması ilə yekunlaşıb. 

Azərbaycan Yaxın Şərqdə də sülhə töhfə verən dövlətlərdən biridir və Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədini Sülh Şurasının təsisçi üzvü kimi imzalayıb. Şübhəsiz, Sülh Şurasında Azərbaycanın təmsil olunmasını ölkəmizin beynəlxalq nüfuzunun növbəti göstəricisi kimi dəyərləndirmək olar. 

Məhz bu və digər xoşməramlı xidmətlərinə görə dövlətimizin başçısına həmişə yüksək ehtiram göstərilir. Bu günlərdə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi bunun əyani təzahürüdür. Həmin mükafat fevralın 4-də BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində dövlətimizin başçısına təqdim olunub. Bu da təsadüfi deyil. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına təbrik videomüraciətində dediyi kimi, Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır.  Daha doğrusu, o, dövlətimizi müasir, qüdrətli və dünyada söz sahibi olan bir güc mərkəzinə çevirən siyasi liderdir. Bu mənada bu mükafat Liderimizin diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında böyük nüfuz qazanması və yüksək dəyərləndirilməsidir.

Bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. Onu da vurğulayaq ki, hazırda dünyanın müxtəlif bölgələrində davam edən qanlı müharibələr fonunda Azərbaycan-Ermənistan sülh prosesi uğurlu bir nümunə kimi təqdim olunmaqdadır. 

Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşündə iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiq etməklə yanaşı, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Qvami Məhəbbətoğlu, “İki sahil”