06 fevral 2026 20:05
119

Prezident İlham Əliyevin qətiyyəti və humanizmi regiona dayanıqlı sülh gətirəcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüşlər səmərəli nəticələrlə  diqqət çəkdi.  Səfər zaman digər mühüm məqam, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş oldu. Sözügedən görüşdə iki ölkə arasındakı sülh məsələsi geniş müzakirə olundu və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi bir vəzifə kimi irəli sürüldü.

 Məlumdur ki, bir neçə il əvvəl bu xarakterli görüşlər əlçatmaz görünürdü. Çünki illər uzunu Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmirdi. Lakin Müzəffər Ali Baş Komandanmız İlham Əliyevin siyasi qətiyyəti və Azərbaycan Ordusunun  qəhrəmanlığı nəticəsində 2020-ci  ildəki 44 günlük Vətən müharibəsində  və 2023-cü ilin sentyabrın 19-da keçirilən bir günlük lokal antierror tədbirlərində əldə edilən şanlı Zəfərlərimiz  nəticəsində Qarabağ erməni separatçılarından birdəfəlik təmizləndi. Bununla da  Ermənistanın bütün  hərbi-siyasi planları  darmadağın edildi. İndi ermənilər Azərbaycanın diktə etdiyi ədalətli şərtləri qəbul etməyə məcburdur.

Məhz bu səbəbdəndir ki, Azərbaycan  Prezidenti İlham Əliyevlə  Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərdə sülhə dair müzakirələrin aparılması davamlıdır. Bu istiqamətdə Azərbaycan dövləti daha çox hümanizm prinsiplərinə, gələcəkdə normal qonşuluq ənənələrinin  yaranmasına önəm verir. Təbii ki, Ermənistan hakimiyyəti də bu reallağa uyğun hərəkət etməyə məcburdur.  Eyni zamanda, hər iki ölkə liderinin  Əbu-Dabidə baş tutan görüşləri ötən ilin avqustunda  Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş Sülh Sammitin davamı idi. Lakin daha vacib olan başqa məqamdır: sülh istəyi artıq sözdə deyil, əməldə özünü göstərir. Xüsusilə son bir neçə ay ərzində hər iki ölkə arasında ticarət əlaqələrinin başlaması, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, taxılın Azərbaycan ərazisindən tranziti – bütün bunlar Bakıda qəbul edilən qətiyyətli və düşünülmüş qərarların nəticəsidir. Məlumdur ki, məhz Prezident İlham Əliyev Ermənistana tranzitə icazə verərək ilk humanist addımı atdı. Noyabr ayında müvafiq qərar qəbul olundu və artıq dekabrda Azərbaycan ərazisindən Ermənistana Qazaxıstan buğdası ilə yüklənmiş ilk qatarları yola salındı, ardınca isə Rusiyadan tədarüklər başladı. Bu gün artıq söhbət yüzlərlə ton taxıldan gedir.

Hazırda Azərbaycanla Ermənistan arasında  müzakirə olunan əsas məsələlərdən biri  «Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu» (TRIPP)layihəsi, yəni Zəngəzur dəhlizidir. Bu layihə regional ticarətin artmasına və bölgədə hər iki ölkənin iqtisadi gücnün yüksəlməsinə, ən başlıcası isə doğma Azərbaycandan ayrı düşmüş Naxçıvan Muxtar Respubliksının blokadadan çıxmasına imkan yaradacaq.

İndi regionumuzda yeni bir reallıq formalaşmışdır. Cənubi Qafqazın gələcək inkişəf istiqamətini məhz infrastruktur layihələri və  iqtisadi  tərəqqi müəyyən edəcəkdir. Bu mənada Prezident İlham Əliyevin postmüharibə dövründəki geosiyasi addımları hərbi, siyasi, iqtisadi və diplomatik müstəvilərdə öz effektivliyini qoruyub saxlayır. Yəni, son bir neçə ildə Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, eyni zamanda, qələbəni dayanıqlı sülh prosesi ilə möhkəmləndirib. Ən başlıcası isə odur ki, Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin keçirdikləri görüşlər  beynəlxalq aləm tərəfindən də dəstəklənir. Çünki  Azərbaycan- Ermənistan danışıqları müasir dövrümüzün ən uğurlu sülh prosesidir.  Diqqət etsək görərik ki, bu gün dünyanın bəzi nöqtələrində qanlı müharibələr, qarşıdurmalar davam edir. Lakin müharibə tərəfləri arasında sülh yaratmaq isə hələ də mümkün deyildir. Çünki bu müharibələrdə hələ də qalib tərəf yoxdur. Ancaq Azərbaycan qalib olduğu üçün Ermənistanı sülh proseslərinə cəlb edə bildi. Həm də ən ədalətli yollarla.

Məhz sülh danışıqlarına fokuslanmış siyasi fəaliyyətindəki qətiyyətinə və humanizminə görə Prezident İlham Əliyev  nüfuzlu mükafata layiq görüldü. Belə ki,  fevralın 4-də Əbu- Dabidə  ölkəmizin başçısına «Zayed İnsan Qardaşlığı Mükafatı» təqdim edildi. Bu, sülhə, dialoqa və qarşılıqlı anlaşmaya xidmət edən siyasi liderə verilən yüksək qiymətdir.

"Zayed İnsan Qardaşlığı Mükafatı" Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin adını daşıyır və dinlərarası dialoqun, mədəniyyətlərarası anlaşmanın, humanizm və sülh ideallarının təşviqinə mühüm töhfə verən şəxslərə və qurumlara təqdim olunur. Mükafat beynəlxalq münsiflər heyətinin qərarı ilə verilir və əsas meyar kimi münaqişələrin dinc yolla həlli, insan ləyaqətinin qorunması, xalqlar arasında etimadın möhkəmləndirilməsi götürülür.

Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi beynəlxalq aləmdə geniş rezonans doğurdu. Bir çox ölkələrin başçıları, o cümlədən  Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Livan Respublikasının Prezidenti Cozef Aun, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah «Zayed İnsan Qardaşlığı Mükafatı»nın laureatlarını təbrik edərək bu qərarın regionda və dünyada sülhə xidmət edən mühüm siyasi mesaj olduğunu vurğuladılar. Təbriklərdə Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasəti nəticəsində müharibədən sülhə danışıqlarına keçidin əhəmiyyəti vurğulanıb.

Elçin Zaman, "İki sahil"