Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bu həftə gerçəkləşən rəsmi səfəri və səfər çərçivəsində təqdim olunan "Zayed İnsan Qardaşlığı Mükafatı" (Zayed Award for Human Fraternity) Azərbaycan xarici siyasətinin keyfiyyətcə yeni və daha üstün bir mərhələyə daxil olduğunun nümayişidir. Bu hadisə sadəcə iki ölkə arasındakı isti münasibətlərin təzahürü deyil, eyni zamanda Azərbaycanın qlobal nizamda oynadığı stabilizator rolunun və sülh quruculuğu missiyasının beynəlxalq səviyyədə ən yüksək legitimlik qazanmasıdır.
Analitik müstəvidə bu səfəri və mükafatın əhəmiyyətini bir neçə fundamental kontekstdə dəyərləndirmək mümkündür. Birincisi, Zayed Mükafatı dünyada insan həmrəyliyi və birgəyaşayış ideallarını təşviq edən ən nüfuzlu platformalardan biridir. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi onun Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişəni hərbi-siyasi yolla həll edərək regionda davamlı sülh üçün yeni reallıqlar yaratmasının beynəlxalq etirafıdır. Mükafatın təqdimolunma motivlərində Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və humanitar fəaliyyətlərin qabardılması, Bakının güc tətbiq edən deyil, həm də sülhü inşa edən intellektual mərkəz kimi qəbul edildiyini göstərir.
İkincisi, səfərin iqtisadi və təhlükəsizlik parametrləri Azərbaycanın Körfəz ölkələri ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Əbu-Dabidə iki ölkə liderinin iştirakı ilə keçirilən "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimləri bu münasibətlərin hərbi-strateji dərinliyini sübut edir. Bu, Azərbaycanın təkcə enerji deyil, həm də müdafiə sənayesi və regional təhlükəsizlik arxitekturasında BƏƏ kimi qlobal oyunçu ilə sinxron hərəkət etdiyinin göstəricisidir. Logistika və "yaşıl enerji" sahələrində imzalanan yeni sazişlər isə Orta Dəhlizin və bərpa olunan enerji dəhlizlərinin gələcəyini Bakı-Əbu-Dabi oxu üzərində möhkəmləndirir.
Üçüncüsü, Prezident İlham Əliyevin şəxsi nüfuzu və yürütdüyü balanslaşdırılmış siyasət Azərbaycanı qlobal qərar qəbulu proseslərində vazkeçilməz tərəfdaşa çevirib. ABŞ-ın yeni administrasiyası, xüsusən vitse-prezident Ceyms Devid Vensin gözlənilən səfəri və Vaşinqtonun Bakıdakı sülh gündəliyini dəstəkləməsi bu beynəlxalq koalisiyanın tərkib hissəsidir. Azərbaycan bu gün həm İslam dünyası, həm də Qərb üçün bərabərhüquqlu və etibarlı tərəfdaş modelini tətbiq edən nadir dövlətlərdəndir.
Yekun olaraq qeyd etmək olar ki, Zayed Mükafatı Azərbaycanın son illərdə yürütdüyü "humanitar və strateji realizm" kursunun zirvəsidir. Bu zəfər, ölkəmizin beynəlxalq imicini təkcə enerji resursları ilə zəngin dövlət kimi deyil, həm də bəşəri dəyərlərin, sülhün və qlobal həmrəyliyin aparıcı lokomotivi kimi sementləşdirir. Bakı artıq regionun taleyini müəyyən edən paytaxt olmaqdan çıxıb, qlobal sülh modelinin mərkəzlərindən birinə çevrilmişdir.
Tural İsmayılov,
Analitik