10 fevral 2026 01:45
107

Böyük Qayıdış: Dayanıqlı tərəqqinin əsas göstəricisi

Bu gün Qarabağ və Şərqi Zəngəzurda formalaşan mənzərə Azərbaycanın inkişaf tarixində yeni bir səhifənin açıldığını göstərir

2026-cı il “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tam icrası baxımından həlledici sayılır. Bu ilin sonuna kimi Böyük Qayıdış Proqramının Qarabağ və Şərqi Zəngəzura köçürülən soydaşlarımızın sayının təxminən 130-140 minə çatacağı gözlənilir. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin miqyası getdikcə daha da genişlənir. 44 günlük Vətən müharibəsindən ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış komplekslərinin inşa edilməsi, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin təşkili, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Bu, ilk növbədə, regionun sürətli dirçəlişinə və keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasına, onların davamlı iqtisadi fəallığının təmin olunmasına xidmət edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri Qarabağın hər bir guşəsində yeni həyatın başlanğıcına çevrilir və həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə ötən il bu baxımdan mühüm mərhələ kimi yadda qalıb. 2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 22 yeni yaşayış məntəqəsinə - 2 şəhər, 3 qəsəbə və 17 kəndə köç prosesi həyata keçirilib. Yeni ilin ilk günlərində də bu proses davam etdirilib. Yanvarın 9-da Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndləri ilk sakinlərinə qovuşub. İlk mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə - 119 nəfər, Çapar kəndinə 26 ailə - 96 nəfər, Heyvalı kəndinə 19 ailə - 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə - 48 nəfər qayıdıb.

Hazırda respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış insanlar mərhələli şəkildə öz doğma yurdlarına köçürülür. Bu günədək 6554 ailə, 25754 nəfər artıq Qarabağ və Şərqi Zəngəzurda məskunlaşıb. Ümumilikdə 7 şəhər, 3 qəsəbə və 26 kənd sakinlərini qarşılayıb. 2027-ci ilədək isə 91 yaşayış məntəqəsinə 96 minə yaxın şəxsin qayıdışı planlaşdırılır. Böyük Qayıdışın birinci mərhələsi tamamlanana qədər isə 140 min nəfərin - 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulur. Bu irimiqyaslı proseslərin maliyyə təminatı da dövlət tərəfindən tam şəkildə həyata keçirilir. 2020-2026-cı illər ərzində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 30,5 milyard manat vəsait ayrılıb. Belə ki, 2020-2025-ci illərdə bərpa işlərinə 22,3 milyard manat, o cümlədən 18,5 milyard manatı investisiya xərcləri olmaqla vəsait ayrılıb. 2025-ci ildə 4,7 milyard manat, 2026-cı ildə isə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Ümumilikdə 2026-cı il daxil olmaqla məbləğ 30,5 mlrd manatdır. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, infrastruktur layihələri icra edildikcə evlərin tikintisinə daha böyük vəsait veriləcək. Amma hər şey ardıcıllıqla, baş plan əsasında həyata keçiriləcək. Bu layihələr reallaşdırılarkən tələskənliyə yol verilib, keyfiyyət unudulmamalıdır. "Biz həm tələsirik, həm də tələsməməliyik. Çünki bəzi hallarda tələskənliyə yol verərkən keyfiyyət uduzur. Yaxud da ki, hansısa işi keyfiyyətsiz edənlər deyirlər ki, bəs tələsmişəm, mən bunu filan tarixdə təhvil verməli idim. Mən hamıya dedim, bax ictimaiyyətə də deyə bilərəm ki, heç vaxt heç bir tarix qoymamışam. Bu il üçün də heç bir tarix qoymamışam. Nə vaxt hazır olacaq, o vaxt hazır olacaq. Amma hər şey gərək keyfiyyətli olsun və təbii ki, ictimai nəzarət də olmalıdır", - deyə dövlətimizin başçısı qeyd edib.

Yenidənqurma işlərinin əsas istiqamətlərindən biri nəqliyyat-logistika infrastrukturunun yaradılmasıdır. Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq standartlara cavab verən avtomobil yolları, dəmir yolu xətləri və hava nəqliyyatı infrastrukturu inşa olunur. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun ölkədaxili və beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Eyni zamanda, Horadiz–Ağbənd dəmir yolu xətti və digər strateji nəqliyyat layihələri bölgənin tranzit potensialını artırmaqla yanaşı, Zəngəzur dəhlizi kontekstində regionun geoiqtisadi əhəmiyyətini daha da gücləndirir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa prosesinin fərqləndirici cəhətlərindən biri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqidir. Zəngilanın Ağalı kəndi bu modelin ilk nümunəsi kimi artıq sakinlərin istifadəsinə verilib. Enerji səmərəliliyi, rəqəmsal idarəetmə, ekoloji tarazlıq və sosial xidmətlərin əlçatanlığı bu konsepsiyanın əsas komponentlərini təşkil edir. Bu yanaşma regionda yaşayış keyfiyyətinin yüksəldilməsinə, eləcə də şəhərsalma sahəsində innovativ təcrübələrin tətbiqinə imkan yaradır. Sosial infrastrukturun qurulması da diqqət mərkəzindədir. Zabuxçay su anbarı və magistral boru kəməri istifadəyə verilib, Şuşada 90 çarpayılıq Müalicə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb. Azad edilmiş ərazilərdə 21 məktəb, 14 məktəbəqədər müəssisə və çoxsaylı mədəniyyət obyektləri tikilib və bərpa olunub. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda 247 min hektardan çox ərazi minalardan təmizlənib ki, bu da təhlükəsiz yaşayış üçün əsas şərtlərdən biridir.

Ümumiyyətlə Böyük Qayıdış prosesinə ayrılan vəsaitin həcmi həm onun milli prioritet kimi qəbul olunduğunu, həm də Azərbaycanın iqtisadi gücünün artan dinamika ilə inkişaf etdiyini sübut edir. Dövlətin maliyyə yükünü bu qədər böyük miqyasda daşıya bilməsi ölkə iqtisadiyyatının son illərdə keçdiyi modernləşmə mərhələsinin nəticəsidir. İnvestisiya imkanlarının genişlənməsi, qeyri-neft sektorunun möhkəmlənməsi, beynəlxalq ticarət və nəqliyyat-logistika əlaqələrinin diversifikasiyası büdcə gəlirlərinin artmasına imkan verir və bu artım ilk növbədə azad edilmiş ərazilərin bərpasına yönəlir.

Gələcək illərin büdcə çərçivəsi də eyni strategiyanı davam etdirir. 2026–2029-cu illər üçün hazırlanmış maliyyə çərçivəsi Böyük Qayıdış Proqramının uzunmüddətli maliyyə təminatını məqsədyönlü şəkildə formalaşdırır. Bu isə yalnız növbəti ilin deyil, həm də yaxın üç ilin iqtisadi planlaşdırılmasının mərkəzində dayanır. Beləliklə, bərpa prosesi təsadüfi dinamika ilə deyil, ardıcıl, planlı və institusional şəkildə həyata keçirilir. Bu, həm maliyyə dayanıqlığını qoruyur, həm də layihələrin davamlı icrasını təmin edir.

Sevinc Azadi, “İki sahil”