09 fevral 2026 19:59
95

Böyük əhəmiyyət kəsb edən Sülh

Biz Şeyx Zayedin adını daşıyan “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülmək böyük şərəf olmaqla yanaşı, onun qoyduğu zəngin irsə, humanizmə və xalqlara xidmət fəlsəfəsinə verilən yüksək dəyərin göstəricisidir. Şeyx Zayed təkcə öz dövrünün deyil, gələcək nəsillərin də yolunu işıqlandıran müdrik lider kimi tarixə düşmüşdür. Onun əsasını qoyduğu inkişaf modeli insan amilini ön plana çəkən, sabitlik, rifah və tərəqqini hədəfləyən strateji baxış üzərində qurulmuşdur.

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin əldə etdiyi uğurlar Şeyx Zayed siyasətinin davamlılığının bariz nümunəsidir. Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə kursunu uğurla davam etdirərək ölkəsini qlobal miqyasda nüfuzlu və güclü mövqeyə yüksəltmişdir. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, innovasiyaların təşviqinə, sosial rifahın yüksəldilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.

Şeyx Zayedin müəyyənləşdirdiyi əsas dəyərlər — sülh, tolerantlıq, humanizm və xalqlar arasında dialoq bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Məhz bu dəyərlərin qorunub saxlanılması və müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsi BƏƏ-ni regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır.

Şeyx Zayed adına təsis olunmuş mükafatlar isə bu ali dəyərlərin yaşadılmasına, insanlığa xidmət edən təşəbbüslərin təşviqinə və beynəlxalq miqyasda həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verir. Bu mükafata layiq görülmək yalnız fərdi uğur deyil, eyni zamanda Şeyx Zayed irsinin, onun ideyalarının və insanlığa xidmət fəlsəfəsinin qlobal səviyyədə qəbul olunduğunun təsdiqidir.

Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan mükafata cənab Prezidentimiz İlham Əliyevin layiq görülməsindən qürur hissi keçirir, şərəf hissi duyuruq. Ölkə Prezidentimiz qeyd edir ki, bu sülh təkcə Azərbaycan və Ermənistan üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq.

Ona görə də  Azərbaycan nümunəsi hərtərəfli öyrənilməli, müharibə vəziyyətində olan ölkələr bu nümunədən istifadə etməlidirlər. Cənab Prezidentimiz İlham Əliyevin “Zayed İnsan Qardaşlığı” mükafatına layiq görülməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, uğurlu xarici siyasətinin və Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərin yüksək səviyyəsinin bariz göstəricisidir.

Ölkə Prezidentinin bu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq sülh təşəbbüslərinə verilən töhfələrin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Qadir İbrahimov,
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri