09 fevral 2026 18:41
119

Azərbaycan bütün sahələrdə körpülər qurmaq potensialına malikdir - TƏHLİL

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirilən çağırışlar sülhə, təhlükəsiz gələcəyə, əməkdaşlığa hədəflənib

Azərbaycan hər zaman qlobal problemlərin həllinə davamlı töhfələri ilə diqqətdədir. Daim bu reallıq vurğulanır ki, qlobal problemlər birgə səylərin göstərilməsini tələb edir. Azərbaycan 2024-cü ildə COP29 iqlim konfransına ev sahibliyi etməklə iqlim dəyişikliklərinin yaratdığı problemlərin həllinə növbəti töhfəsini verdi. Bu tədbir iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi, yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirdi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü rolunu oynayır. Yeni əməkdaşlıq formatlarının yaradılması ilə bu körpü daha da möhkəmlənir. Dövlət başçısı İlham Əliyevin müsahibələrinin birində “Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualına cavabını yada salmaq istərdik. Prezident İlham Əliyev bildirmişdir ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir. Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib: “Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz. Biz sərmayə qoymağa və tikintiyə başladıq.”

Dövlətimizin başçısı bu fikirlərin davamı olaraq onu da qeyd etmişdir ki, təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq. Çünki bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsan. Beləliklə, Xəzərin şərq sahilində yerləşən ölkələrlə, bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Gürcüstan, Türkiyə və bir çox Avropa ölkələri ilə güclü əlaqələrimiz var.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyini bütün dövrlərdə aktual məsələ kimi qarşıya qoyur. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri zamanı iştirak etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasiminə liderlərin videomüraciətlərində də bu məqamlara xüsusi diqqət yönəldildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, tarix göstərir ki, uzunmüddətli və dayanıqlı artım yalnız güzəştlər, qarşılıqlı hörmət və ehtiram mühiti yolu ilə əldə oluna bilər. Şeyx Zayedin “İnsan Qardaşlığı Mükafatı”nın laureatlarını – Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir. Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir. Bu mənada dövlət xadimlərinə belə yüksək mükafatın verilməsi, həmçinin dünyanın mühüm regionlarından birində yaranan dostluq, həmrəylik və yeni əməkdaşlıq ruhunun aydın əməli təsdiqidir. Biz istənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Bu gün biz xalqımızın ümumi əmin-amanlığı və rifahını yalnız birlik, qarşılıqlı dəstək və tərəfdaşlıq vasitəsilə təmin edə bilərik. Böyük Şeyx Zayedin adını daşıyan bu mükafatın layiqli namizədlərə verilməsi faktı həmin əbədi həqiqəti bir daha aydın şəkildə sübuta yetirir.

Digər videomüraciətlərdə də vurğulandı ki, parçalanma və münaqişələr məngənəsində olan dünyada Prezident Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb, onun gələcəyə yönələn baxışları uzunmüddətli ziddiyyətləri kənara qoyaraq, Ermənistanla tarixi sülh sazişi əsasında sülhə yolun açılmasında, əmin-amanlığın gücləndirilməsində özünü büruzə vermişdir. Həmin olduqca mühüm razılaşma təxminən dörd onillik sürən münaqişəyə son qoydu və beləliklə, Zayed Mükafatının dərindən təşviq etdiyi insan qardaşlığının, həmrəyliyin, mərhəmətin, ortaq insani dəyərlərin əsl nümunəsini təcəssüm etdirir.

Azərbaycan tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanır. Qərblə Şərqin qovuşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.

Prezident İlham Əliyevin sözügedən nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın tolerantlığının, multikulturalizmi həyat tərzinə çevirməsinin nümayişidir. Belə ki, bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” Komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçdi. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını, məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur.

Göründüyü kimi, dayanıqlı inkişafın təmin edilməsi üçün sülh, təhlükəsizlik, əməkdaşlıq əsasdır. Təhlükəsiz gələcəyin qurulması üçün Azərbaycan regionda dayanıqlı sülhün təmin edilməsini, Ermənistanla münasibətlərində yeni səhifənin açılmasını vacib bildi və bu istiqamətdə real addımlar atdı. Ötən ilin avqust ayında Vaşinqtonda əldə edilən sülh razılaşması görülən işlərin nəticəsi oldu. Sülh yeni əməkdaşlıq formatlarının yaradılmasına imkanlar açacaq. Cənab İlham Əliyev qeyd etdiyimiz mükafatın təqdimolunma mərasimində bildirdi ki, biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk.

Azərbaycan tranzit imkanları ilə də ölkələri birləşdirir. Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır: «Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.”

Təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır.

Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer aldığı təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir. Hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq, Bütün bunlar Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir.

Son beş ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da , digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev diqqəti işğaldan azad edilmiş ərazilərimizdə tikilən Beynəlxalq Hava limanlarına yönəldir. Artıq 2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan, 2025-ci ildə isə Laçın Beynəlxalq Hava limanlarının açılışı oldu. Bu Beynəlxalq Hava limanları Azərbaycanın dünya birliyində roluna, möhkəmlənən mövqeyinə aydınlıq gətirir. Beynəlxalq status almış bu hava limanları işğaldan azad edilmiş ərazilərimizin turizm imkanlarından istifadəyə geniş imkanlar açacaq. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu inkişaf konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret konseptual proqramlar, düşünülmüş ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Məqsəd iqtisadi gücümüzü artırmaq, iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirməkdir. Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı Prezidentlərin görüşündə, həmçinin əlaqlərin gələcək inkişafında əhəmiyyətli rol oynayan sənədlərin imzalanmasında da əsas diqqət iqtisadi inkişafa, əlaqlərin möhkəmləndirilməsi üçün mövcud potensiala yönəldildi. Ümumiyyətlə, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan və BƏƏ arasında əməkdaşlıq bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf edir. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışıdır. Bu baxımdan Azərbaycanın bərpaolunan enerji potensialı yeni əlaqlərin qurulmasına stimul verir. Dövlətimizin başçısı İlham Əliyevin BƏƏ səfərində imzalanan sənədlərin iqtisadi sahəni əhatə etməsi özündə əsas məqamları birləşdirir. Çünki hər iki ölkə neft kapitalının insan kapitalına çevrilməsini qarşıya əsas hədəf kimi qoyub.

Qısa təhlil bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycan bütün sahələrdə körpülər qurmaq potensialına malikdir.

Yeganə Əliyeva, “İki sahil”