09 fevral 2026 23:01
130

Azərbaycanın sülh siyasətinə YÜKSƏK DƏYƏR

Prezident İlham Əliyev bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdə oldu. Hər bir səfər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər, ölkələr arasında qarşılıqlı etimad mühitinin  mövcudluğunu təsdiqləyən addımların atılması və sair kimi mühüm məqamlar gələcəyin aydın mənzərəsinin təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri daim yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlərin davamlılığı hər iki ölkənin liderinin əlaqələrin inkişafında nə qədər maraqlı olduğunu açıqlayır. Təkcə ötən ilə diqqət yetirsək görərik ki, Prezident İlham Əliyevin dost ölkəyə üç dəfə səfəri olub. Ötən ilin iyulunda dövlətimizin başçısının bu ölkəyə işgüzar səfəri zamanı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə edilmişdi. Bu baxımdan Prezident İlham Əliyev bu günlərdə Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirdi ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.

Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir. Prezident İlham Əliyevin budəfəki səfəri zamanı da liderlərin görüşündə  Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu. Münasibətlərimizin genişlənməsində hər iki Prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edildi. Səfər çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam və inkişaf etdirilməsini nəzərdə tutan  mühüm sənədlər imzalandı. Bu sırada “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənədi, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunu qeyd etmək istərdik. Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimini də  izlədilər.  Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Göründüyü kimi, atılan hər bir addın iki dost ölkənin münasibətlərinin gələcək inkişafına hədəflənir. Dövlət başçısı İlham Əliyevin  “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində söylədiyi “Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir. Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir” fikirləri həm  dünyada öz inkişafı ilə seçilən bir dövlət kimi Birləşmiş Ərəb Əmirliklərinin  möhkəm təmələ əsaslanan siyasətinin uğurlarını, həm də Azərbaycan-BƏƏ münasibətlərinin hazırkı inkişaf səviyyəsini təqdim etdi.
Səfərin mühüm məqamlarından biri də  “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülən Prezident İlham Əliyevin mükafatın təqdimolunma mərasimində iştirakı oldu. Ölkə liderlərinin mərasimə videomüraciətlərində bir daha vurğulandı ki,  bu mükafat qarşıdurma məntiqi əvəzinə sülhün, kin əvəzinə məsuliyyətin, keçmiş əvəzinə gələcəyin seçilməsi baxımından müdrik rəhbərliyi qeyd edir. Dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Tarixi sülh razılaşması  mehriban qonşuluq əlaqələrinin, sabitliyin beynəlxalq münasibətlərin ən ali dəyərləri olması ilə bağlı dünya ictimaiyyətinə aydın siqnal göndərdi. Balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik.

Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin bərpasının yaratdığı reallıqlara söykənərək atdığı qətiyyətli addımlar yeni dünya nizamının formalaşdığı bir dövrdə ölkəmizin mövqeyinin hər bir məsələnin həllində önəmini təsdiqləyir. Daim ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edir. Azərbaycan hər zaman ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirərək  multikultural dəyərlərin inkişafını dövlət siyasətinin prioriteti kimi diqqətdə saxladığını nümayiş etdirir. Multikulturalizm Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələri dostluq, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Dövlət başçısı İlham Əliyevin sözügedən mükafata layiq görülməsi Azərbaycanın sülh modelinə, tolerantlığına yüksək dəyərin təcəssümüdür.  Sülh yalnız siyasi razılaşmalarla deyil, həm də mənəvi yaxınlaşma, qarşılıqlı hörmət və tolerantlıq mühiti ilə möhkəmlənir. İnsan qardaşlığı anlayışı məhz bu birliyin təzahürüdür. Dövlət başçısı İlhsam Əliyev sözügedən mərasimdə bir daha bu çağırışı etdi ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.

Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi