10 fevral 2026 17:34
182

Qriplə bağlı XƏBƏRDARLIQ!

Cəmiyyətdə çox zaman adi qış xəstəliyi kimi qəbul edilən influenza (qrip) düşündüyümüzdən daha ciddi fəsadlara yol aça bilər. Son elmi tədqiqatlar qrip virusunun təkcə tənəffüs yollarını deyil, beynin yaddaş mərkəzi hesab olunan hipokampusu da təsir altına ala bildiyini göstərir.

Mövzu ilə bağlı açıqlama verən türkiyəli beyin və sinir cərrahı, professor Tolqa Dündar qripdən sonra yarana bilən beyin iltihabı riskinə diqqət çəkərək, xüsusilə uşaqlara və yaşlılara xəbərdarlıq edib: “Beyin keçirdiyimiz xəstəlikləri unutmur”. İnsan beyninin mürəkkəb və çoxşaxəli sinir şəbəkəsini əməliyyatlar zamanı yaxından müşahidə etdiyini bildirən professor Dündar qeyd edib ki, beynimizdəki sinir əlaqələri təkcə genetik faktorlarla deyil, həyat boyu keçirdiyimiz infeksiyalarla da formalaşır. Onun sözlərinə görə, mikroqliya adlanan beynin müdafiə hüceyrələri normal halda qoruyucu rol oynasa da, bəzi hallarda yanlış reaksiya verərək sinir hüceyrələrinə zərər yetirə, beyində hüceyrə səviyyəsində uzunmüddətli izlər buraxa bilər.

Ağciyərdə başlayan infeksiya beyni necə təsir altına alır?

Professor Tolqa Dündar bildirib ki, qrip infeksiyasının təsirləri yalnız tənəffüs sistemi ilə məhdudlaşmır. Virus ağciyərlərə yerləşdikdən sonra orqanizmdə güclü immun reaksiyası yaranır. Bu proses zamanı ifraz olunan sitokinlər qan-beyin baryerini keçərək sinir sisteminə təsir göstərə bilər. Xüsusilə “İnfluenza A” virusunun bəzi tədqiqatlarda beyin toxumasında uzunmüddətli dəyişikliklərlə əlaqələndirildiyini vurğulayan mütəxəssis qeyd edib ki, virus birbaşa beyinə çatmasa belə, sistemli iltihab nəticəsində mikroqliya hüceyrələri aktivləşir və bu da beynin dərin sahələrində neyroiltihabi proseslərə zəmin yaradır.

Bu prosesin xəstəlik sağaldıqdan sonra da davam edə biləcəyini bildirən professor Dündar əlavə edib ki, immun sisteminin “həyəcan vəziyyəti” dərhal sönməyə bilər. Nəticədə beyində bəzi sinir əlaqələri müvəqqəti zəifləyə və ya yenidən qurula bilər. Klinik olaraq bu hal diqqətin azalması, zehnin geriləməsi və “beynin dumanlanması” hissi ilə özünü göstərə bilər.

Hər virus eyni riski daşımır

Mütəxəssis vurğulayıb ki, bütün virus infeksiyaları beyin üçün eyni təhlükə yaratmır. Adi soyuqdəyməyə səbəb olan rinoviruslar əsasən lokal təsir göstərir və beyinə keçmə ehtimalı aşağıdır. Lakin “İnfluenza A” və “SARS-CoV-2” kimi viruslar güclü təsirli immun reaksiyaya səbəb olaraq xüsusilə hipokampüs bölgəsində daha uzunmüddətli struktur dəyişikliklər yarada bilər.

Uşaqlar və yaşlılar risk qrupundadır

Alim bildirib ki, beyin inkişafı davam edən uşaqlar iltihabi proseslərə qarşı daha həssasdır. Yaşlı insanlarda isə immun sisteminin zəifləməsi səbəbindən infeksiyadan sonra yaranan neyroiltihab, alzeymer kimi neyrodegenerativ xəstəliklərin gedişinə təsir göstərə bilər. 

Qrip peyvəndi beyni də qoruyur

Qrip peyvəndinin əhəmiyyətinə toxunan professor Tolqa Dündar qeyd edib ki, peyvənd yalnız xəstəliyin ağır keçməsinin qarşısını almır, eyni zamanda, beyinə zərər verə bilən nəzarətsiz sitokin ifrazını da məhdudlaşdırır. Elmi məlumatlara görə, peyvəndləmə infeksiyadan sonra yarana biləcək bəzi nevroloji fəsadların riskini azalda bilər.

Şahnigar Əhmədova, “İki sahil”