Bəli, üç yüz əvvəl lənətə gəlmiş bir dəlinin “Parçala, hökm sür” vəsiyyətinin nəhayət, puça çıxmasına tarixi zərurət və lazımi şərait yaranıb. Həmin vəziyyətin acı nəticəsi olaraq Azərbaycana daha bir süni problem yaradılıb. Naxçıvanı Bakı ilə birləşdirən Zəngəzur Azərbaycandan zorla alınaraq Ermənistana “bağışlanıb.” Artıq bu problem öz həllini tapmaq ərəfəsindədir. Doğrudur, o qədər də asan məsələ deyil, çünki buna diş qıcayanlar var. Ancaq indi problemin ədalətli həlli Azərbaycanla Ermənistanın birgə əzmindən daha çox asılıdır. Təbii ki, burada güclü bir dövlətin dəstəyi də həlledici rol oynaya bilər. O da var. ABŞ artıq Cənubi Qafqaz bölgəsində söz sahibidir və buna qarşı çıxmağa kimsə cəsarət etməz.
Xatırladaq ki, 1921-ci il Moskva və Qars müqavilələri Naxçıvanı ayırsa da Azərbaycanın tərkibində saxlayır, amma onun taleyinə tam sahib çıxmağa imkan vermirdi. Moskva və Ankara “zəmanətçi” idi. Bu isə əslində suverenlik yox, qolumuzda Moskvanın qandallarını saxlamaqdan başqa bir şey deyildi. Müsəlman ölkələrinə pis münasibət saxlayan SSRİ-nin müstəbid diktatoru İosif Stalinin dövründə Zəngəzurun Azərbaycanın tərkibindən çıxarılıb süni surətdə quraşdırılan Ermənistana birləşdirilməsi məkrli məqsədə xidmət edirdi. Zəngəzurun verilməsi Naxçıvanın Azərbaycandan və Türkiyədən ayrı salınması, bütöv bir xalqın heysiyyətini tapdalamaq demək idi. Məqsəd Türkiyə ilə Türk dünyası arasında quru əlaqənini kəsmək, Azərbaycanı coğrafi baxımdan parçalamaq idi. İndi isə Naxçıvan Muxtar Respublikası Konstitusiyasından bu müqavilələrə istinadın çıxarılması həmin mexanizmin sökülməsi deməkdir. Bu addım Moskvanın hüquqi alətini əlindən alır, öz müstəqilliyinin coğrafiyasını daha da genişləndirir, qardaş Türkiyə üçün isə heç bir problem yaratmır. Əksinə, Türk dünyasına yol açılır. Rəsmi Ankara öz mövqeyini quraşdırılmış sərhəd və saxta sənədlərlə deyil, real müttəfiqliklə qoruyur.
Belə dəyişiklik gələcəkdə həm status, həm də sərhədlərlə bağlı əsaslı dəyişikliklər üçün yol açır. Məhz buna görə Moskva və Tehran hürkür, bu prosesi özlərinə “təhlükə” hesab edirlər. Kimsə öz ərazisini geri qaytarırsa bunun irana və Rusiyaya nə dəxli var? Axı, bu tələb onlar üçün heç bir təhlükə yaratmır. Halbuki bu, Azərbaycan daxilində faktiki olaraq qəsdən pozulmuş hüquqi asimmetriyanın, tarixi ədalətsizliyin aradan qaldırılmasıdır. Adları çəkilənlərin qarınlarının ağrısı Naxçıvanın “xüsusi nəzarət zonası” statusundan çıxarılmasıdır. Nə üçün bunlar başqa dövlətlərin sərhədlərinə nəzarət etməlidirlər? Bu ixtiyarı onlara kim verib? Məgər bunlar dünyanın ağalarıdır? Zəngəzur məsələsi ortalığa çıxarılandan sonra niyə nala-mıxa döyməyə başlayıblar? Çünki bunların paslı və kinli siyasətlərinə uyğun deyil.
Zəngəzur–Naxçıvan xətti artıq təkcə Azərbaycan üçün deyil, türk dövlətləri, Çin, Avropa İttifaqı və ABŞ üçün də əhəmiyyətli marşruta çevrilir. Bu xətt nə qədər açıq və funksional olarsa, Moskvanın region üzərindəki təsir rıçaqları bir o qədər zəifləyər. Rusiya bunu anlayır və məhz buna görə çox narahatdır. Ancaq narahatlığa əsas yoxdur.
Bu proses bir günün işi olmasa da istiqamət aydın görünür. Cənubi Qafqaz postimperiya mərhələsinə daxil olur. Zəmanətçilər kənara çəkilir, dövlətlər bütün məsuliyyəti öz üzərinə götürürlər. Azərbaycan min il vasitəçilərsiz yaşayıb, yenə yaşayacaq. Artıq Naxçıvan blokadadan çıxıb mərkəzə doğru hərəkət edir. Ermənistan rəhbərliyi buna heç bir narazılığını bildirmir, yəni məsələnin bu cür həllini məqbul hesab edir.
Zəngəzur–Naxçıvan-Bakı xətti yalnız nəqliyyat marşrutu deyil. Bu xətt imperiya sərhədlərinin çəkildiyi süni maneələrin demontaj edilməsi, ölkəmizin pozulmuş hüquqlarının bərpası deməkdir. Artıq kənar dövlətlərin zəmanətçi rolu itir. Ankara zəmanətçi roluna heç ehtiyac da duymur. Bakı isə öz müstəqil dövlət məkanını tarixdən pis miras qalan hüquqi qandallardan azad edir. Bu, təkcə xəritənin dəyişməsi deyil. Bu, saxta xəritələri tərtib edənlərin özlərinin aradan çıxarılmasıdır. Beləliklə, tarixi ədalət zəfər çalmalıdır. Nəhayət, hər kəs öz yerini bilməli, ayağını yorğanına qədər uzatmalıdır.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana və Azərbaycana səfərinin gündəliyində Tramp Marşrutunun açılması üçün qarşıda duran çətinliklərin müzakirəsi də var. Superdövlətin ikinci şəxsinin Azərbaycana göndərilməsi qərarı isə Tramp komandasının Cənubi Qafqazla, xüsusən də Azərbaycanla bağlı nümayiş etdirdiyi prioritetlərdən xəbər verir.
Bu səfər xəbis niyyətli qonşulara dolayısı ilə mesaj verir ki, hər kəs öz yerini bilsin, başqalarının işinə qarışmasın. Əgər mesaja əməl etməsələr onda onları hansı təhlükələrin gözlədiyini yaxşı bilirlər. Odur ki, sakit durub gedən prosesi yalnız müşahidə etməklə kifayətlənirlər. Çünki başqa çarələri yoxdur.
Vəli İlyasov, “İki sahil”