10 fevral 2026 23:16
134

Azərbaycan-ABŞ əlaqələrinin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq - TƏHLİL

Dövlət başçısı İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha bildirdi ki, Azərbaycan və qanunvericiliyimiz hər zaman xarici sərmayələrə açıq olub

Bu gün yeni mərhələyə daxil olan Azərbaycan-ABŞ münasibətlərinin fonunda ölkəmizin ədalətli mövqeyinə dəstəyi aydın şəkildə görürük. Dövlət başçısı İlham Əliyevin bu ilin əvvəlində yerli televiziya kanallarına ənənəvi müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində lazımi səviyyədə münasibətlər qura bilməmişdi. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya Prezident başda olmaq şərti ilə çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də, bizim üçün də önəmlidir. Dövlət başçısı İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açdı. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə tarixi sülh razılaşmasının əldə edilməsi, 907-ci düzəlişə son qoyulması və sair kimi mühüm məqamlar iki ölkənin əlaqələrinin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Həmçinin həmin səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Cənab İlham Əliyev həmin mərasimdə bir daha bildirdi ki, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu. Dövlətimizin başçısı onu da qeyd etdi ki, Prezident Donald Tramp ilk prezidentlik dövründə gördüyü işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqdir. Son bir neçə ay ərzində Asiya, Afrika və nəhayət Cənubi Qafqaza sülh gətirdi. İnanılmazdır. ABŞ Prezidentinin cənab İlham Əliyevə “Siz böyük lidersiniz” müraciəti, həmçinin Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim edərək “Mən bunu nadir hallarda təqdim edirəm” söyləməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, Prezidentimizə böyük etimadın fonunda ABŞ-ın ölkəmizlə əməkdaşlığa nə qədər böyük önəm verdiyini nümayiş etdirdi.

Hazırda Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Tarixi sülh razılaşmasından sonra münasibətlərdə uğurlu inkişaf diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Donald Trampın birinci prezidentliyi dövründə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. Cənab İlham Əliyev Prezident seçilməsi münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycanın Amerika ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini önə çəkərək onu da qeyd etmişdir ki, biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. Bu əminlik də ifadə edilmişdir ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.

Cənab İlham Əliyevin bu fikirləri ABŞ-ın yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan və faydalı tərəfdaşlığın davam etdirilməsinə olan inamın təzahürüdür. Dövlətimizin başçısı Prezident seçilməsi münasibətilə Donald Trampla telefon danışığında da bildirmişdir ki, Sizin fəaliyyətiniz dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq. Birinci prezidentliyi dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət yetirdiyini vurğulayan dövlətimizin başçısı onu da əlavə etmişdir ki, ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarıq.

Bugünkü reallıqlarımız Azərbaycan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı söylənilən əminliyin artıq gerçəkləşməkdə olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında Davos Dünya İqtisadi Forumunun 56-cı iclası çərçivəsində də Prezident Donald Trampla görüşdü. Həmin görüş bir daha iki ölkənin, o cümlədən iki liderin münasibətlərinin təqdimatı oldu. Azərbaycanın ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasına təsisçi kimi qoşulması ölkəmizin beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin, eyni zamanda, yüksələn xətlə inkişaf etməkdə olan Azərbaycan-ABŞ münasibətlərinin təqdimatı oldu. Sülh Şurasının təsisçilərindən biri kimi Azərbaycan beynəlxalq platformalarda fəal iştirak etməklə sülh gündəliyinin formalaşmasına və qlobal etimadın güclənməsinə xidmət edir.

Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yönəlmiş qarşılıqlı siyasi iradə ABŞ-dan verilən yüksəksəviyyəli mesajlarda da öz əksini tapır. ABŞ Prezidenti Donald Tramp dövlətimizin başçısı İlham Əliyevə bayramlarda, əlamətdar günlərdə ünvanladığı məktublarda da Azərbaycanla Amerika arasında birgə fəaliyyətin zəngin tarixə malik olduğunu, qarşıdakı illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini bildirir.

ABŞ Prezidentinin Azərbaycanla birgə əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını ortaya qoyur. Eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Bu mesaj qarşılıqlı anlaşma və etimad əsasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə dərin inam yaradır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyevin ötən il Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş zamanı ölkəmizin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə dair səsləndirdiyi fikirlər Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri baxımından mühüm mesajlar kimi qiymətləndirildi. Gözləntilərin böyük olduğunu vurğulayan cənab İlham Əliyev belə bir əmilnliyi ifadə etmişdir ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq: “Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq.”

Dövlətimizin başçısı İlham Əliyev Xankəndi şəhərində yeni diplomatik dövrün prioritetlərinin açıqladı. Həmin Forumdan çox keçmədi ki, dövlətimizin başçısı İlham Əliyevin Donald Trampın dəvəti ilə ABŞ-a işgüzar səfəri oldu. Bu səfər çərçivəsində tarixi sülh razılaşması əldə edildi. O da məlumdur ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni paylaşaraq bir daha ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini bir daha təsdiqlədi. Dövlətimizin başçısı Trampın onun Şuşa Forumundakı çıxışından sitat paylaşmasına münasibət bildirərək vurğuladı ki, Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim. Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik. Biz ona bu məqsədə nail olunması istiqamətində bütün səylərində uğurlar arzulayırıq.

Prezident İlham Əliyevin fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər də Azərbaycan-ABŞ münasibətlərinin uğurlu inkişafının, bunun üçün bütün sahələrdə böyük potensialın olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki, hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq. ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində nümayəndə heyətinin gəlişi olduqca əhəmiyyətlidir. Çünki təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib.

Ölkəmizə səfər etməkdən məmnunluqlarını ifadə edən bir çox nüfuzlu şirkətin təmsilçiləri Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirdilər. Onlar təmsil etdikləri şirkətlərin fəaliyyəti, həmçinin ölkəmizlə həyata keçirdikləri əməkdaşlıq barədə məlumat verdilər. Görüşdə şirkət təmsilçilərinin diqqət göstərdiyi mühüm məqamlardan biri Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi, dünyanı Bakıya toplayan COP29 iqlim konfransı oldu. Bildirildi ki, Azərbaycana çox böyük maraq var. Hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu.

Prezident İlham Əliyev Azərbaycanı ziyarət edən şirkətlərin siyahısına nəzər salarkən onların bir çoxu ilə uzun illər ərzində səmərəli əməkdaşlığımızın mövcud olduğunu vurğuladı. Şirkətlərin bəziləri yenidir və bu da tamamilə təbiidir. Çünki birincisi, müstəqilliyinin erkən illərindən Azərbaycan beynəlxalq tərəfdaşlığa çox açıq idi və bir çox beynəlxalq şirkətlərlə, o cümlədən ABŞ şirkətləri ilə yaxşı təmaslar qurmuşdur. Digər tərəfdən, keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir. Enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, Amerika şirkətləri əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki bu gün Azərbaycan yalnız neft deyil, qaz və elektrik enerjisi ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. COP29 Azərbaycanın bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğunu, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların mövcudluğunu nümayiş etdirdi. Azərbaycan, eyni zamanda, tranzit imkanları ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bu reallıqlar fonunda bildirdi ki, regionda biz hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkəyik. Biz özümüzü neft, qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ilə təmin edirik. Bir çox ölkələr üçün çox faydalı olacaq artan ixracla yanaşı, hədəfimiz məhz budur. Bu gün biz təbii qazı boru kəmərləri ilə 16 ölkəyə ixrac edirik və qazın boru kəməri ilə təchizatı nöqteyi-nəzərindən dünyada birinci yerdəyik. Lakin bununla yanaşı, biz süni intellekt və rəqəmsal transformasiya sahəsində tərəfdaşlarımızın olması üçün Amerika və digər ölkələrdən olan aparıcı şirkətləri cəlb etmək məqsədilə buradakı enerji potensialımızdan istifadə etmək istəyirik. Cənab İlham Əliyev onu da qeyd etdi ki, hazırda üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xətlərin çəkilməsidir: “Biz bağlantıları da diqqət mərkəzində saxladığımız mühüm sahələrdən biri hesab edirik. Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb. Hazırda bizim dəniz limanımızın yükaşırma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yükaşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti - bütün bunlar artıq bir üstünlükdür.”

“İqtisadiyyatı şaxələndirmək bizim qarşımıza qoyduğumuz hədəflərdən biridir” söyləyən cənab İlham Əliyev diqqəti bu ilin yanvar ayının statistikasına yönəltdi. Bildirdi ki, qeyri-neft və qaz sənayemiz 8 faiz artıb. Bu, həmin şaxələndirmə sayəsində mümkün olub. Beləliklə, ənənəvi enerji mənbələri ilə bağlı müqavilələr və əməkdaşlıq bizə vəsait toplamaq və yenidən investisiya yatırmaq imkanı verir. Prezident İlham Əliyev ölkəmizdə yaradılmış əlverişli investisiya mühitindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan geniş bəhs etdi. Ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. nəhəng sərmayələri cəlb etmişik. Əgər ölkənin ölçüsünə və əhalinin sayına baxsaq, son iki onillik ərzində 350 milyardlıq sərmayə həqiqətən çox böyük rəqəmdir. Sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir. Azərbaycan və qanunvericiliyimiz hər zaman xarici sərmayələrə açıq olub. Beynəlxalq əlaqələrimizin coğrafiyası genişlənir. Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkənin inkişaf gündəliyi göstərir ki, biz düz yoldayıq. Birləşmiş Ştatlarla münasibətlər yeni, tamamilə əla dövrə qədəm qoyur. Biz çox həvəsliyik və şirkətlərimiz arasında birbaşa əlaqələri qurmaq üçün həmin böyük fürsətdən istifadə etmək istəyirik. “Ən böyük gözlədiyimiz nəticə Amerika şirkətləri ilə strateji tərəfdaş kimi işləməkdir” bildirən dövlətimizin başçısı onu da əlavə etdi ki, çünki onlar bu sahədə liderdir.

Göründüyü kimi, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün böyük potensial mövcuddur. Donald Trampın Prezident seçilməsindən ötən dövrdə iki ölkənin münasibətlərində diqqət çəkən inkişaf gələcək barədə aydın təsəvvür yaradır. Dayanıqlı inkişafda, yeni əməkdaşlıq formatlarının yaradılmasında əsas amil sülhün, təhlükəsizliyin təmin edilməsidir ki, ABŞ Prezidenti Donald Trampın tarixi sülh razılaşmasının əldə edilməsində rolu özündə bütün məqamlar ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfəri zamanı Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimindəki çıxışında bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirən cənab İlham Əliyev bir daha vurğuladı ki, o, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi də imzaladı və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyuldu.

Yeganə Əliyeva, “İki sahil”