11 fevral 2026 15:30
114

Dünyanın ən böyük nüvə elektrik stansiyası YENİDƏN FƏALİYYƏTƏ BAŞLADI - YAPONLAR NARAZIDIR

Yaponiya 2011-ci ildə Fukusima nüvə fəlakətindən sonra bağlanan dünyanın ən böyük nüvə elektrik stansiyası – Kaşivazaki-Kariva AES-də bir reaktoru yenidən istismara verib. Qərar ölkə ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.

Stansiyanın operatoru olan “Tokyo Electric Power Company” (TEPCO) əvvəl texniki nasazlıq səbəbindən dayandırılmış prosesdən sonra Kaşivazaki-Kariva AES-də reaktorun yenidən işə salındığını açıqlayıb. Məlumata görə, Niigata prefekturasında yerləşən stansiyada yenidən başlatma yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 05:00) həyata keçirilib. Yanvar ayında aparılan ilkin sınaq isə müşahidə siqnalında qeydə alınan kiçik nasazlıq səbəbindən qısa müddət sonra dayandırılmışdı.

Şirkət nümayəndələri bildirmişdilər ki, siqnalizasiya sistemi bir kabeldə elektrik cərəyanında təhlükəsiz həddə qalan cüzi dəyişiklikləri aşkar edib, lakin ehtiyat tədbiri olaraq reaktor müvəqqəti bağlanıb. Parametrlər yenidən tənzimləndikdən sonra qurğunun təhlükəsiz şəkildə istismar oluna biləcəyi vurğulanıb.

Fukusima fəlakətindən sonra bağlanmışdı

Kaşivazaki-Kariva AES 2011-ci ildə baş verən güclü zəlzələ və sunami nəticəsində Fukusima-Daiiçi AES-də üç reaktorun əriməsinə səbəb olan fəlakətdən sonra Yaponiyanın nüvə obyektlərini bağlamaq qərarı çərçivəsində fəaliyyətini dayandırmışdı.

Bu dəfəki yenidən işə salınma TEPCO-nun idarə etdiyi bir nüvə blokunun 2011-ci ildən sonra ilk dəfə fəaliyyətə qaytarılması deməkdir. Şirkət, eyni zamanda, hazırda sökülmə mərhələsində olan Fukusima-Daiiçi AES-in də operatorudur.

Enerji siyasətində dönüş

Yaponiya artan enerji tələbatı, süni intellekt texnologiyalarının yaratdığı əlavə elektrik ehtiyacı və 2050-ci ilə qədər karbon neytrallığı hədəfləri fonunda nüvə enerjisinə yenidən üstünlük verməyə başlayıb. Bazar günü keçirilən seçkilərdə böyük qələbə qazanan baş nazir Sanae Takaichinin də nüvə enerjisini ölkə iqtisadiyyatının dirçəldilməsində əsas amillərdən biri kimi dəstəklədiyi bildirilir.

Qeyd edək ki, yeddi reaktordan ibarət Kaşivazaki-Kariva dünyada ən böyük nüvə elektrik stansiyası hesab olunur. Hazırda isə yalnız bir reaktor yenidən istismara verilib. Fukusimadan sonrakı dövrdə sərt təhlükəsizlik qaydaları çərçivəsində, əsasən Yaponiyanın qərb və cənub bölgələrində yerləşən 14 reaktorun fəaliyyəti bərpa edilib. Yanvarın ortalarına olan məlumata görə, onlardan 13-ü hazırda aktivdir.

TEPCO rəsmiləri kommersiya məqsədli elektrik istehsalına martın 18-də və ya bundan sonra, genişmiqyaslı yoxlamalardan sonra başlanılacağını açıqlayıblar.

Təhlükəsizlik tədbirləri və yerli etirazlar

Kaşivazaki-Kariva kompleksində 15 metr hündürlüyündə sunami divarı inşa olunub, fövqəladə enerji sistemləri yüksəldilib və əlavə təhlükəsizlik təkmilləşdirmələri həyata keçirilib. Buna baxmayaraq, ətraf ərazilərdə yaşayan əhali arasında qərara münasibət birmənalı deyil.

Niigata prefekturasında sentyabr ayında keçirilən sorğuya əsasən, sakinlərin təxminən 60 faizi stansiyanın yenidən açılmasına qarşı çıxıb, 37 faizi isə bunu dəstəkləyib. Müxalif qruplar keçmişdə baş verən məlumatların gizlədilməsi halları, xırda qəzalar və yetərsiz hesab etdikləri təxliyə planlarını əsas arqument kimi göstərirlər.

Yanvarın 8-də stansiyanın yenidən fəaliyyətə başlamasına etiraz edən yeddi qrup təxminən 40 min imzanın toplandığı petisiyanı TEPCO-ya və Yaponiya Nüvə Tənzimləmə Qurumuna təqdim edib.

TEPCO isə bazar ertəsi yaydığı bəyanatda Kaşivazaki-Kariva AES-də təhlükəsizliyin ən yüksək prioritet olduğunu və bunu konkret addımlar və nəticələrlə nümayiş etdirməyə davam edəcəklərini vurğulayıb.

Orxan Vahidoğlu, "İki sahil"