13 fevral 2026 11:19
116

Strateji Tərəfdaşlıq haqqında Xartiya yeni mərhələnin siyasi və iqtisadi əsaslarını müəyyənləşdirir

Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vitse-prezidenti Cey. Di. Vens Azərbaycana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Dövlətimizin başçısının çıxışında səsləndirilən fikirlər formalaşmaqda olan yeni strateji arxitekturanın siyasi konturlarını müəyyənləşdirən mesajlar idi. Xüsusilə Tramp-Vens administrasiyasına göstərilən müsbət münasibətə görə minnətdarlıq ifadə olunması və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərin institusional müstəviyə keçdiyini təsdiqləyir.

Altı ay əvvəl Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün İşçi Qrupunun yaradılması haqqında memorandumun imzalanması bu prosesin başlanğıc nöqtəsi olmuşdur. Həmin mərhələdən etibarən intensiv danışıqlar aparılmış, prioritet sahələr müəyyənləşdirilmiş və nəticədə iki dövlət arasında münasibətləri sistemləşdirən fundamental sənəd ortaya çıxmışdır. Bu faktor uzunmüddətli strateji tərəfdaşlıq modelinə keçidin rəsmi təsdiqidir.

Prezident İlham Əliyev bəyanatında ABŞ rəhbərliyinə Qafqazda sülhə verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib. Ötən ilin avqust ayında Ermənistan və Azərbaycan arasında Ağ Evdə paraflanmış sülh sazişi və imzalanmış Birgə Bəyannamə regionda yeni siyasi reallıq yaradıb. ABŞ-ın vasitəçilik səyləri nəticəsində formalaşan bu mühit artıq altı aydır davam edən sabitlik mərhələsi ilə müşayiət olunur.

Dövlətimizin başçısının “Biz sülh içində yaşamağı öyrənirik” ifadəsi mövcud mərhələnin mahiyyətini göstərir. Bu, həm də psixoloji və siyasi transformasiya mərhələsidir. Sülhün davamlı olması üçün iqtisadi və nəqliyyat əlaqələrinin açılması, qarşılıqlı etimadın formalaşması və regional əməkdaşlığın genişləndirilməsi vacibdir. ABŞ-ın bu prosesdə iştirakı regionun geosiyasi balansında yeni çalarlar yaradır və sülhün beynəlxalq təminat mexanizmini gücləndirir.

Tramp-Vens administrasiyasının regiondakı səylərinin konkret nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir. Bu layihə yalnız Azərbaycanın iki hissəsini birləşdirən daxili bağlantı xətti deyil, həm də Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin əraziləri vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək genişmiqyaslı və təhlükəsiz multimodal dəhlizdir.

Xartiyanın I Bölməsində Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) əsas götürülərək quru, dəniz və hava nəqliyyatının inkişafı, enerji və data bağlantısı, gömrük prosedurlarının sadələşdirilməsi və beynəlxalq logistikanın təşviqi kimi istiqamətlər konkret şəkildə müəyyənləşdirilib. Bu yanaşma regionu qlobal ticarət sisteminin ayrılmaz hissəsinə çevirməyi hədəfləyir. Azərbaycanın Ermənistana gedən yüklərin tranzitinə qoyulmuş məhdudiyyətləri aradan qaldırması və neft məhsullarının təchizatına başlaması iqtisadi əməkdaşlığın artıq praktik mərhələyə keçdiyini göstərir. Bu addımlar qarşılıqlı asılılığı artıraraq sülhün iqtisadi əsaslarını möhkəmləndirir. TRIPP layihəsi beləliklə həm geoiqtisadi, həm də geopolitik baxımdan strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu fakt ölkənin beynəlxalq enerji arxitekturasında etibarlı və strateji tərəfdaş kimi qəbul olunduğunu göstərir. Xartiyada Azərbaycanın enerji təhlükəsizliyindəki rolunun rəsmi şəkildə tanınması münasibətlərin mühüm komponentlərindən biridir. Sənəd çərçivəsində neft, qaz və elektrik enerjisi sektorlarında əməkdaşlığın genişləndirilməsi, interkonnektor layihələrinin icrası və təchizat marşrutlarının şaxələndirilməsi nəzərdə tutulur. Bundan əlavə, mülki nüvə əməkdaşlığı və kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara çıxışı gələcək enerji və sənaye təhlükəsizliyinin yeni istiqamətlərini müəyyənləşdirir. “Əsrin müqaviləsi” və Cənub Qaz Dəhlizi kimi layihələrin yaratdığı təcrübə əməkdaşlığın möhkəm tarixi əsaslara söykəndiyini göstərir. Yeni Xartiya isə bu təcrübəni daha geniş və çoxşaxəli formatda davam etdirməyə imkan verir.

Strateji tərəfdaşlıq yalnız ənənəvi enerji və təhlükəsizlik sahələri ilə məhdudlaşmır. Xartiyanın II Bölməsində iqtisadi sərmayələr, süni intellekt (AI) və rəqəmsal infrastruktur məsələləri xüsusi yer tutur. Süni intellekt mərkəzlərinin yaradılması, data mərkəzlərinə investisiya və innovasiya körpü platformalarının formalaşdırılması münasibətlərin texnoloji mərhələyə keçdiyini göstərir. Birgə Tədqiqat və İnkişaf (R&D) mexanizmlərinin yaradılması, texnologiyaların kommersiyalaşdırılması və kibertəhlükəsizlik sahəsində sektor əsaslı təşəbbüslər ölkədə innovasiya ekosisteminin gücləndirilməsinə xidmət edə bilər. Trans-Xəzər rəqəmsal bağlantılar və data axınının genişləndirilməsi isə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi perspektivini artırır. Bu istiqamət iqtisadiyyatın şaxələndirilməsi və bilik əsaslı inkişaf modelinə keçid baxımından strateji əhəmiyyət kəsb edir.

Xartiyanın III Bölməsi təhlükəsizlik əməkdaşlığını sistemləşdirir. Müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığının genişləndirilməsi, kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahələrində birgə fəaliyyət nəzərdə tutulur. ABŞ-ın Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirməsi qarşılıqlı etimadın göstəricisidir. Humanitar minatəmizləmə sahəsində maliyyə və texnoloji dəstək isə post-münaqişə reabilitasiyasının sürətləndirilməsi baxımından mühüm rol oynayır. Təhlükəsizlik və iqtisadi inkişafın bir-biri ilə sıx bağlı olduğunu nəzərə alsaq, bu əməkdaşlıq regionun uzunmüddətli sabitliyi üçün əsas şərtlərdən biridir.

Xartiyanın IV Bölməsi əməkdaşlığın icra mexanizmlərini müəyyənləşdirir. İqtisadiyyat və ticarət, enerji, bağlantılar və rəqəmsal inkişaf, təhlükəsizlik və müdafiə sahələri üzrə İşçi Qruplarının yaradılması nəzərdə tutulur. Üç ay ərzində layihə siyahılarının və yol xəritələrinin hazırlanması sənədin praktik xarakter daşıdığını göstərir. İldə ən azı bir dəfə keçiriləcək görüşlər və əlavə dialoq platformaları tərəfdaşlığın davamlılığını təmin edəcək. Bu institusional çərçivə münasibətlərin sistemli, planlı və nəticəyönümlü inkişafına zəmin yaradır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir. Bu sənəd iki dövlət arasında münasibətlərin formal mərhələdən strukturlaşdırılmış və çoxşaxəli strateji tərəfdaşlıq mərhələsinə keçdiyini təsdiqləyir. Enerji təhlükəsizliyi, regional bağlantılar, süni intellekt, təhlükəsizlik və müdafiə əməkdaşlığı kimi sahələri əhatə edən bu model Cənubi Qafqazda yeni geosiyasi arxitekturanın formalaşmasına töhfə verir. Bakı–Vaşinqton xəttində yaranan bu yeni strateji konfiqurasiya regionun sabitlik, inkişaf və inteqrasiya perspektivlərini əhəmiyyətli dərəcədə genişləndirir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı