15 fevral 2026 17:42
117

Elektromobil istehsalından imtina dünya avtomobil sənayesinə 65 milyard dollara başa gəlib

ABŞ-də prezident Donald Trampın dövründə iqlim siyasətinə yanaşmanın dəyişməsi səbəbindən elektromobil istehsalı planlarından imtina edilməsi nəticəsində dünya avtomobil sənayesi 2025-ci ildə azı 65 milyard dollar itirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Belə ki, transmilli avtomobil istehsalı korporasiyası "Stellantis N.V." bəzi elektromobil modellərinin istehsaldan çıxarılması və ABŞ-də 5,7 litrlik "Hemi V8" mühərrikinin istehsalının bərpa edilməsi səbəbindən 26 milyard dollar xərcləməli olub. Materialda qeyd olunub ki, bu qərar səhmlərin kütləvi satışına səbəb olub və nəticədə şirkətin bazar dəyəri təxminən 6 milyard dollar azalıb.

Məqalədə vurğulanıb ki, ABŞ-də elektromobillər üçün vergi güzəştlərinin ləğvi və Trampın nəqliyyat vasitələrindən emissiyaların azaldılmasına yönəlmiş qaydaları yumşaltmaq cəhdi analitiklərin proqnozlarına yol açıb: yaxın illərdə elektromobillərin payı Amerika bazarının cəmi 5 %-ni təşkil edəcək.