16 fevral 2026 20:02
134

Mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq

Dövlət başçısı İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə Almaniya Federativ Respublikasına səfəri, tədbir çərçivəsində keçirdiyi görüşlər, Azərbaycan telekanallarına və “France 24” televiziyasına müsahibələri, panel müzakirələrdə səsləndirdiyi çağırışlar Azərbaycanın hazırda beynəlxalq münasibətlər sistemində yerinin və rolunun təqdimatı oldu

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-dən Almaniya Federativ Respublikasında səfərdə oldu. Dövlətimizin başçısının beynəlxalq tədbirlərdə iştirakını daim diqqətdə saxlayan mühüm məqamlardan biri səfər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında çoxsaylı görüşlər keçirməsi, həmçinin yerli və xarici mətbuata müsahibələr verməsidir. Bu baxımdan cənab İlham Əliyevin Almaniya səfəri də diqqətdə oldu. Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşet, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Ukrayna Prezidenti Volodimir Zelenski, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşdü. Münxendə Azərbaycan telekanallarına müsahibə verdi. Qeyd edək ki, dünyanın 120-dək ölkəsindən ümumilikdə minə yaxın nümayəndənin, o cümlədən 60 dövlət və hökumət başçısının iştirak etdiyi 62-ci Münxen Təhlükəsizlik Konfransından öncə cənab İlham Əliyevin bu platformadan səsləndirəcəyi mesajları açıqlaması bir daha Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin, hər bir məsələyə yanaşmasına verilən önəmin nümayişi oldu. Cənab İlham Əliyev qeyd etdi ki, həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib. İlk dəfədir ki, bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm. Mesajlarımız həmişə olduğu kimi, çox açıqdır, aydındır - əməkdaşlıq, sülh, tərəfdaşlıq. Təbii ki, Azərbaycanın həm təhlükəsizlik sahəsində artan rolu, imkanlarımız, eyni zamanda, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar, süni intellect, yəni bütün bu məsələlər bu gün dünyanın əsas gündəliyini təşkil edir. Ona görə Azərbaycan da bu sahələrdə geridə qalmır. Dövlətimizin başçısı, həmçinin bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının gözlənilib-gözlənilmədiyinə də aydınlıq gətirdi. “ Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, Vaşinqton Zirvə Görüşündəki razılaşmalar, imzalanmış Birgə Bəyannamə və sülh müqaviləsinin paraflanması de-fakto sülh deməkdir. Konstitusiyaya nə qədər tez dəyişiklik edilərsə və Azərbaycana qarşı olan ərazi iddiası oradan çıxarılarsa, sülh müqaviləsi o qədər də tez imzalanacaq.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Bu, bəzi dünya güclərinə mesaj oldu. Bu baxımdan ki, zamanında ədaləti maraqlarına qurban verməyib işğalçını adı ilə çağırsaydılar, Ermənistana sanksiyanın tətbiqi barədə düşünsəydilər Vətən müharibəsi baş verməzdi. Lakin onlar nə etdilər? Ermənistana maddi və mənəvi dəstəkləri ilə onu daha böyük iddialarla yaşamağa, yeni müharibə planları hazırlamağa sövq etdilər. Ermənistanın silahlandırılması, törətdiyi təxribatlara göz yummaları və sair kimi hadisələr bu güclərin Qarabağ münaqişəsinin həllində deyil, dondurulmasında nə qədər maraqlı olduqlarını təsdiqlədi. Lakin rəsmi Bakı bu bəyanatı daim bəyan etdi ki, heç zaman işğalla barışmayacaq, bir qarış torpağımız belə düşmənə verilməyəcək. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu torpaqları qeyd-şərtsiz tərk etmələrinin vacibliyi bildirildiyi halda, həm münaqişənin həllində vasitəçilik missiyasının yerinə yetirmək məqsədilə yaradılan, hazırda lğv edilən ATƏT-in Minsk qrupunun həmsədr üzvü, həm də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündə üçü olan ABŞ, Fransa, Rusiya bu qətnamələrin icrası istiqamətində addımlar atmadılar. Bundan ərköyünləşən Ermənistanın sülh danışıqlarına yalnız imitasiya naminə qatılması, bəzən də bu danışıqlardan yayınmaq, diqqəti uzun müddət bu danışıqlardan uzaqlaşdırmaq üçün həmin ərəfələrdə təxribatlar törətməsi həmsədr ölkələri narahat etmədi. Təbii ki, bunları yada salmağımız səbəbsiz deyil. Bu gün dünya nizamının yenidən formalaşmasından bəhs ediriksə, təbii ki, burada ədalət və beynəlxalq hüquq meyarları əsas olmalıdır. Onlara əməl edilməsi üçün vahid mexanizm olmalıdır. Qütbləşən dünya birliyə, həmrəyliyə, əməkdaşlığa maraq göstərməlidir. Qlobal problemlərin həllində birgə səylər göstərilməlidir. Bir dövlət digərinin daxili işinə müdaxilə etməməlidir. Sadalanacaq meyarlar saysız-hesabsızdır. Çünki bugünümüzün əsas çağırışı dayanıqlı sülhə, təhlükəsizliyə sahib olan dünyanı görməkdir. Bu fikirlər beynəlxalq tədbirlərdə, o cümlədən Münxen Təhlükəsizlik Konfransında da səsləndirildi.

Dövlətimizin başçısı Konfransdan əvvəl Azərbaycan telekanallarına müsahibəsində də “Bu gün danışdığımız hər kəs köhnə dünya nizamının dağıldığını və yeni dünyanın peyda olacağını deyir, lakin o, hələ də peyda olmayıb. Sadəcə, bir neçə həftə bundan öncə Davosda Siz “Sülh Şurasının Nizamnaməsi”ni imzaladınız. Azərbaycan qurumun təsisçi üzvüdür. Bir neçə gündən sonra isə Vaşinqtonda daha bir görüş olacaq. Yeni dünya nizamının potensial elementi olaraq bu təşkilat haqqında nə düşünürsünüz” sualını cavablandırarkən bildirdi ki, əgər xatırlayırsınızsa, mən bu haqda danışmışam, ola bilsin, təfərrüatı ilə yox, amma, ümumiyyətlə, demişəm ki, beynəlxalq hüquq artıq etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü. Əlbəttə ki, hər şey gündəlikdən asılı olacaq: “Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir.”

Azərbaycan sülh, əməkdaşlıq gündəliyinin müəllifi kimi tanınır və nüfuz qazanır. Ölkəmizin yerləşdiyi coğrafi məkan onun körpü roluna daim yeni əlavələr edir. Yeni körpülər qurulur, ənənəvi tərəfdaşlar, həmçinin yeni dostlar bu körpünün möhkəmləndirilməsi üçün üzərinə düşən məsuliyyəti daha dərindən dərk etməli, səylərini artırmalıdırlar. Azərbaycanın əməkdaşlığa, sülhə, təhlükəsizliyə töhfələri davamlılığı ilə diqqətdədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri əməkdaşlığın coğrafiyasını genişləndirir. Təbii ki, bunlar, cənab İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, Azərbaycanın üstünlükləridir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində bununla bağlı ünvanlanan sualı cavablandırarkən bildirdi ki, biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının, enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq elektrik və fiber-optik dəhlizləri də əhatə etməklə təşəbbüskarıyıq. Buna görə də ölkəmizin potensialı möhkəmləndikcə, beynəlxalq əlaqələr inkişaf etdikcə, biz bir növ mövcud bağlantı konsepsiyasına yeni elementlər əlavə edirik. Əgər neft və qaz kəmərlərini artıq reallaşmış fakt hesab etmək olarsa, baxmayaraq ki, qaz nəqli infrastrukturumuzun genişləndirilməsinə ehtiyac var, əgər dəmir yolu əlaqələri ilə bağlı məsələlərin qismən həll olunduğunu nəzərə alsaq və Azərbaycanın nə tranzit daşımaların təmin edilməsində, nə də öz məhsullarının ixracında xüsusi çətinliklərlə üzləşmədiyini qeyd etsək, hərçənd, Zəngəzur dəhlizi buna əlavə töhfə olacaq, o zaman elektrik kabelləri, fiber-optik kabellər, məlumat mərkəzlərinin və süni intellektin fəaliyyəti nəticəsində informasiyanın ötürülməsi və tranziti ilə bağlı məsələlər hazırda konkret olaraq məşğul olduğumuz sahələrdir: “Bizim çox üstünlüklərimiz var: coğrafiya, həm Qərbdə, həm də Şərqdə qonşularla sıx əlaqələr, elektrik enerjisinin artıqlığı, hazırlıqlı kadrlar və bir çox digər üstünlüklər. Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir. Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Buna görə də biz dəhlizlər haqqında danışarkən, əlbəttə ki, bu məsələyə daha geniş baxmalıyıq: yalnız dəmir yolu və yalnız avtomobil yolu deyil, həm də bağlantını təmin edən və müasir dünyanın tələblərinə cavab verən bütün istiqamətlər nəzərdə tutulmalıdır.”

Prezident İlham Əliyev, həmçinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına da müsahibə verdi. Cənab İlham Əliyev bu müsahibədə də sülh müqaviləsinin imzalanması ilə bağlı ünvanlanan sualları cavablandırdı. “Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü” sualına cavabı bir daha Azərbaycanın qətiyyətli, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin beynəlxalq ictimaiyyətə təqdimatı oldu. Cənab İlham Əliyev böyük əminliklə “Bəli, elə düşünürəm” söylədi və bildirdi ki, çünki bu tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq. ABŞ Prezidenti Birgə Bəyannaməni də şahid qismində imzalamışdır. O vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur. Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdı. Biz, həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir.

Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində tam normallaşmanı şərtləndirən amilə- Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinə də diqqəti yönəltdi. Vurğuladı ki, normallaşmanı rəsmi sülh sazişindən ayırardım. Çünki normallaşma artıq baş verir. Müsbət məcrada inkişaf edən bütün hadisələr bunu göstərir. Lakin Ermənistanın Konstitusiyasında, - hansı ki, Qarabağın işğal altında olduğu dövrdə, uzun müddət bundan öncə qəbul olunmuşdur, Ermənistanın İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada da “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu paraqraf var. Beləliklə, bu, Azərbaycana ərazi iddiasıdır. İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. Azərbaycan üçün sülh əldə olunub. Normallaşma prosesi uğurla irəliləyir.

Müsahibədə diqqət göstərilən məsələlərdən biri, təbii ki, TRIPP layihəsi oldu. “Bu, Ermənistandan keçən və eksklavınız olan Naxçıvana gedən magistral yol və dəmir yoludur. Bu, sadəcə boş ümidlərdir, yoxsa həqiqətən baş verəcək və dinamikanı dəyişəcək” sualını cavablandırarkən vurğuladı ki, məndə bunun baş verəcəyinə dair heç bir şübhə yoxdur. Bunun səbəblərindən biri də odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə çox vacib rol oynayır. Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq marşrut Prezident Trampın adını daşıyır. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. ABŞ Prezidentinin şəxsən öz üzərinə götürdüyü bu öhdəlik və ABŞ hökumətinin gündəliyi TRIPP-in inşa olunacağını göstərir. Bu, böyük məsafə deyil, cəmi 40 kilometrdən çoxdur. Hazırda Azərbaycanın paytaxtdan Ermənistan sərhədinədək inşa etməkdə olduğu dəmir yolu təxminən 400 kilometrdir. Üstəlik demək olar ki, 200 kilometrlik hissə bizim Naxçıvan eksklavında bərpa olunacaq. Beləliklə, bizim adlandırdığımız kimi, Zəngəzur dəhlizinin Ermənistan seqmenti çox qısadır. Bunun həyata keçiriləcəyinə əminəm.

Cənab İlham Əliyev müsahibəsində ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin də ölkəmizə rəsmi səfərinin Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq mühüm sənədin imzalanmasından bəhs etdi.

Bildirdi ki, Birləşmiş Ştatların Vitse-prezidentinin səfəri özlüyündə istənilən ölkə üçün əhəmiyyətlidir. Hazırkı vəziyyətdə bu, Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ilə əlamətdar oldu. Beləliklə, dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı olduq və bunu ölkəmiz üçün böyük uğur hesab edirik. Bu Strateji Xartiya müxtəlif bölmələrdən ibarətdir. Onlardan biri müdafiə məhsullarının satışı ilə bağlıdır, amma təkcə bu deyil. Buraya enerji, bağlantı, süni intellekt, investisiya və ticarət daxildir, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Müsahibədə Azərbaycan-Fransa münasibətlərindən də bəhs olundu. Fransa ilə problemlərin kökünün bizdən gəlmədiyini, İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimizin olduğunu, Prezident Sarkozinin, Ollandın ölkəmizə, Azərbaycan Prezidentinin Fransaya səfərlərini önə çəkən dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, Prezident Makronun hakimiyyəti dövründə Fransaya səfər etmişəm. Bizim çox mehriban münasibətlərimiz olub, çox biznes fəaliyyəti aparılıb, 10-dan artıq qardaşlaşmış şəhərlərimiz olub. İkinci Qarabağ müharibəsi başlayan zaman ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən, ölkələrin ərazi bütövlüyünü müdafiə edir, o, öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir, hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular. Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə, Fransa parlamenti hətta qondarma “Dağlıq Qarabağ”ı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi. Lakin biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz, sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik.

Azərbaycanın atdığı addımlar yalnız cavab idi. Bizdə Fransa Prezidentinin və bir çox fransız rəsmilərinin, o cümlədən Senatınızın sədrinin, Milli Assambleyanızın sədrinin, tanınan şəxslərin dövlətimizi və şəxsən məni təhqir etmək üçün istifadə etdikləri ağır sözlərdən kataloqumuz var. Bundan əlavə, 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra və 2023-cü ildə antiterror əməliyyatından əvvəl xanım Pekres, cənab Barnye, cənab Retayyo kimi çox tanınan şəxslər, bütün bu adlar auditoriyaya yaxşı məlumdur, Qarabağa qeyri-qanuni səfərlər etmiş və separatçılara dəstək vermişlər. Bu, Azərbaycan dövlətçiliyinə açıq təhqir və tam hörmətsizlik əlaməti idi. Dövlətimizin başçısı bir daha bildirdi: “Bizim tərəfimizdən deyilmiş sözlərin və ya atılmış addımların hamısı cavab olaraq baş vermişdir. Bəlkə də bu, ağır tərzdə olmuşdur. Ölçmək asan deyil. Lakin düşünürəm ki, bizim üçün vacib odur ki, qeyd etdiyiniz kimi, ötən ilin sonunda Prezident Makron ilə görüşüm oldu. Görüş çox müsbət keçdi və biz hər şeyi yenidən başlamaq razılığına gəldik. Biz buna hazırıq. Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil. Bir daha deyirəm, bu, bizim təşəbbüs deyildi, lakin indi düşünürəm ki, hər iki tərəf, xüsusən də Ermənistan ilə Azərbaycan arasında artıq əldə olunmuş sülhdən sonra normal münasibətlərə daha çox hazırdır.”

Dövlət başçısı İlham Əliyevin hər bir səfəri, beynəlxalq qurumların iclaslarında iştirakı və çıxışı, həmçinin vurğulandığı kimi, müsahibələri Azərbaycan həqiqətləri ilə yanaşı, region və dünyanı necə görmək istədiyimizi özündə ehtiva edən strategiyanın təqdimatı olur.

Münxen Təhlükəsizlik Konfransında enerji təhlükəsizliyi də əsas müzakirə mövzuları arasında yer alırdı. Konfrans çərçivəsində təşkil olunan “Açıq dəhliz siyasəti” Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində Azərbaycanın bu sahədə oynadığı mühüm roldan geniş bəhs edildi. Prezident İlham Əliyev panel iclasdakı çıxışında bildirdi ki, sonuncu dəfə panel sessiyasında görüşdükdən sonra regionumuzda dəhlizlər və bağlantılar baxımından xeyli dəyişikliklər olub. Həmin dövrdə Azərbaycan fiziki infrastruktura, o cümlədən dəniz limanları, dəmir yolları, magistral və hava yolları ilə yüklərin daşınmasına böyük sərmayələr yatırıb. Birmənalı olaraq, regional daşımalar qovşağına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır və Azərbaycanda həm Qərb, həm də Şərq istiqamətlərində belədir.

Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi üstünlükdür. Lakin fiziki infrastruktursuz onun mənası çox deyil. Ötən il Azərbaycan vasitəsilə daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstərici əldə edildi. Bir neçə ildən sonra həmin göstərici 200 min və hətta 300 min nəqliyyat vahidinə çatacaq. Hədəf 500 min nəqliyyat vahididir. Ölkəmiz bu məqsədlə artıq dəniz limanının genişləndirilməsinə başlayıb və hazırda orada sərmayələr yatırılır. Regional bağlantı layihələrinə gəldikdə söhbət təkcə dəmir yollarından getmir, həmçinin fiber-optik kabellər də nəzərdə tutulur. Hazırda Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzərində Mərkəzi Asiyadakı tərəfdaşlarımızla sıx işləyirik. O, bu il hazır olmalıdır və Ermənistanla sülh qurulduqdan sonra yeni imkanlar əldə olunub.

Üç gün davam edən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qlobal məsələlərin ətrafında geniş fikir mübadiləsi aparıldı, uzunmüddətli ittifaqların möhkəmliyinin və davamlılığının ciddi təhdid altında qalması, beynəlxalq nizamın zəifləməsi, dünyada qeyri-sabitliyin və münaqişələrin daha da kəskinləşməsi vurğulandı. Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger konfransın uğurlu olduğunu, indi isə müvafiq fəaliyyət planlarının ən qısa zamanda hazırlanıb həyata keçirilməsinin vacibliyini diqqətə çatdırdı.

Münxen Təhlükəsizlik Konfransının ötən iclasından keçən dövr Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənərək regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh təklifi ilə bağlı uğurlu nəticənin, tarixi sülh razılaşmasının əldə edilməsi ilə xarakterizə edilir. Azərbaycanın dünyaya təklif etdiyi bu sülh modeli beynəlxalq səviyyədə dəstəkləndi, cənab İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü. Birləşmiş Ərəb Əmirliklərində həmin mükafatın təqdimolunma mərasimində bir daha vurğulandı ki, dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda belə siyasətin müstəsna mənəvi və siyasi əhəmiyyəti var. Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir. Bu, hətta uzunmüddətli münaqişələrin dialoq, məsuliyyət və təmkinlik vasitəsilə həll oluna biləcəyini nümayiş etdirir. Belə bir əminlik də ifadə olundu ki, balansa və məntiqi düşüncəyə əsaslanan diplomatiya vasitəsilə biz daha sabit və proqnozlaşdırılabilən gələcək qura bilərik.

Yeganə Əliyeva, “İki sahil”