Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi Avrasiyanın şərqindən qərbinə uzanan, eyni zamanda, elementlərinin sayı və marşrut istiqamətləri daim artan nəhəng və mürəkkəb dəhlizdir. “Bir kəmər bir yol” təşəbbüsü, Şərq-Qərb nəqliyyat dəhlizi, Şərq-Qərb enerji dəhlizi, “Yuxarı Dəhliz”, “Orta Dəhliz”, “Aşağı Dəhliz”, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”, TRASEKA (Trans-Europe-Caucasus-Asia), “Böyük İpək Yolu”, “Trans-Qafqaz” dəhlizi, “Trans-Xəzər Beynəlxalq Şərq–Qərb Orta Dəhlizi” və s. ifadələr Avrasiyanın şərqindən qərbinə, qərbindən isə şərqinə istiqamətlənən ən müxtəlif enerji və nəqliyyat-kommunikasiya dəhlizlərinin özünə, marşrutlarına və ya komponentlərinə verilən adlardır. Bura digər nəqliyyat-kommuniksiya və enerji dəhlizlərini əlavə etməklə bu siyahını genişləndirmək olar. Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və onun tərkibində olan Trans-Anadolu qaz boru kəməri, Trans-Adriatik qaz boru kəməri (TAP), Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Qara dənizin dibi ilə Avropaya nəqlini nəzərdə tutan enerji dəhlizi və s. kimi bir çox dəhlizi Şərq-Qərb dəhlizinin ayrı-ayrı altdəhlizləri kimi götürülə bilər. Bu isə o deməkdir ki, Şərq-Qərb dəhlizi nəqliyyat dəhlizləri, rəqəmsal dəhlizləri, enerji dəhlizlərini, o cümlədən boru kəmərləri də daxil olmaqla, ümumi sayı 10-a yaxın olan dəhlizləri özündə birləşdirən əhatəli dəhlizlər sistemidir.
Şərq-Qərb nəqliyyat dəhlizi təkcə ayrı-ayrı elementlərə bölünmür, o, həm də marşrutlarına görə 3 yerə bölünür. Bu marşrutlar aşağıdakı kimi adlandırılır: Yuxarı Dəhliz; Orta Dəhliz; Aşağı Dəhliz. Bu üç marşrut üzrə əhatə olunan ölkələr və dənizlər aşağıdakı ardıcılıqla sıralanır: Yuxarı Dəhliz: Çin/Yaponiya/Cənubi Koreya-Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə/Qara dəniz-Avropa. Orta Dəhliz: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə/Qara dəniz-Avropa. Aşağı Dəhliz: Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə/Qara dəniz-Avropa.
Göründüyü kimi, bu üç marşrutun hər biri Çindən başlayır, hər biri Azərbaycandan keçir və hər biri Avropada bitir. Bu üç qanad üzərində yerləşən ölkələrin müxtəlif xüsusiyyətləri, marşrut üzrə olan məsafələr və digər parametrlərin analizi nəticəsində məhz Orta Dəhliz böyük Şərq-Qərb nəqliyyat dəhlizinin ən əlverişli marşrutu hesab edilir. Buna görə də Orta Dəhliz digər iki marşrutu tamamilə kölgədə qoyaraq, son illərin ən çox barəsində müzakirələr aparılan və əməli işlər görülən bir dəhlizə çevrilmişdir.
Şərq-Qərb nəqliyyat dəhlizinin ölkəmiz üçün üstünlüklərinə gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycanın tranzit potensialından maksimum istifadə olunmaqla tranzit imkanlarını artırmaq, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə daşınacaq yükün həcminin artırılması və bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək üçün mühüm addımdır.
Dəhlizin ölkəmizin ərazisindən keçməsi tranzit yüklərinin həcminin artması ilə müşayiət olunmaqdadır. Belə ki, ötən il Azərbaycandan keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14 milyon 261,4 min ton, avtomobil nəqliyyatı ilə 11 milyon 46,1 min ton, dəniz nəqliyyatı ilə isə 7 milyon 229,7 min ton yük daşınıb. Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 16 milyon 909,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 173,2 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5 milyon 804,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 533,6 min ton təşkil edib. Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 93,3 faizini tranzit yüklər təşkil edib.
Qeyd edək ki, son 20 ildə ölkəmizdə nəqliyyat sahəsində ciddi struktur islahatları aparılıb: nəqliyyat sisteminin modernləşdirilməsi, idarəetmənin və infrastruktur təminatının təkmilləşdirilməsi, nəqliyyat parkının müasirləşdirilməsi, rəqəmsal texnologiyalardan istifadənin genişlənməsi, normativ-hüquqi bazanın zənginləşdirilməsi, beynəlxalq konvensiyalara qoşulma və daşıyıcı bazasının inkişafı və s. Həyata keçirilən dövlət siyasəti, uğurla reallaşdırılan proqram və layihələr nəticəsində Azərbaycan regionda aparıcı nəqliyyat-logistika mərkəzinə çevrilib. 9 beynəlxalq hava limanına, regionda ən böyük Aviayük donanmasına malik olan Azərbaycanda Ələt BDTL-in tikintisi, Zəngəzur dəhlizinin açılması istiqamətində intensiv işlərin aparılması, nəqliyyat-tranzit potensialından istifadə ilə bağlı ardıcıl proqramların qəbulu və s. bir qovşaq kimi ölkəmizin nəqliyyat-logistika mövqeyini daha da möhkəmləndirir. Bütün bunlarla yanaşı, Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində aparıcı mövqeyini təmin edib, eləcə də bu istiqamətdə ardıcıl işlər aparılmaqdadır.
Ötən ilin noyabr ayında Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisçilərinin ümumi yığıncağının keçirilməsi də Orta Dəhlizin imkanlarını daha da genişləndirəcəkdir. Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarını özündə birləşdirən təşkilat Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Bu, birgə qurum transregional daşımalarda kooperasiyanı gücləndirməyi hədəfləyir. Eyni zamanda, beynəlxalq yük daşımaları sahəsində də dinamika müsbətdir. Bircə faktı qeyd edək ki, “Kazakhstan Temir Zholy” (KTZ) son vaxtlar Azərbaycana taxıl tədarükünü 25 dəfə artıraraq 600 min tona çatdırıb. Bu, regionda yükdaşımaların önəmli yüksəlişinin bariz nümunəsidir.
Bu layihələrdə Çin şirkətlərinin və maliyyə institutlarının da iştirakı iki ölkə arasında qarşılıqlı etimadın və praktiki əməkdaşlığın göstəricisidir. Nəticə etibarilə, Orta Dəhliz üzrə daşımaların artması Azərbaycanın tranzit gəlirlərini yüksəltməklə yanaşı, ölkənin qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verib. Belə ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara əsasən, 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində bildirib: "Əlbəttə ki, bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük. İlk dəfə olaraq artıq 100 min konteyner Azərbaycan ərazisindən keçib. Bu, ancaq başlanğıcdır, onların sayı dəfələrlə artacaq və hazırda biz öz nəqliyyat infrastrukturumuzu genişləndirmək üçün fəal işləyirik".
Sevinc Azadi, “İki sahil”