Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasındakı münasibətlərdə iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkələrimiz arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq sazişinin imzalanması əlaqələrimizin inkişafının yeni mərhələsi hesab edilə bilər.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak deyib.
Onun sözlərinə görə, ötən il BƏƏ-Azərbaycan qeyri-neft ticarətinin həcmi 2,4 milyard dollara yüksəlib ki, bu da 43 faiz artım deməkdir.
“Eyni zamanda, BƏƏ və Azərbaycandan olan investisiyaların ümumi həcmi 1 milyard dollar təşkil edir. Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq sazişi və davam edən danışıqlar sayəsində biz bunu xüsusilə kənd təsərrüfatı və ərzaq sektorunda daha da inkişaf etdirməyi hədəfləyirik. Bu gün BƏƏ müxtəlif maraqlı tərəfləri, o cümlədən, hökumət nümayəndələrini, şirkətləri və özəl sektoru bir araya gətirib. Bu dəyirmi masanın əsas məqsədi müzakirələri başlatmaq, imkanları müəyyənləşdirmək və bu imkanları Azərbaycan, BƏƏ üçün konkret və əhəmiyyətli layihələrə çevirməkdir. Azərbaycan kənd təsərrüfatı sahəsində inkişaf edib. BƏƏ isə yüksək texnologiyalı, “ağıllı kənd təsərrüfatı”na və güclü logistika imkanlarına malikdir. Bugünkü danışıqların başlanğıcını qoyduğumuz tərəfdaşlarla gələcəkdə də əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə nazir əlavə edib.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib