Azərbaycan Karate Federasiyası son illərdə ölkədə karate idman növünün inkişafı və beynəlxalq uğurların artırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.
Azərbaycan Karate Federasiyası (AKF) prezidentinin köməkçisi, Federasiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Abdullaza “İki sahil” qəzetinə müsahibəsində ötən ilin nailiyyətləri, gənc karateçilərin psixoloji və fiziki hazırlıq sistemləri, regionlarda və məktəb-lisey mühitində həyata keçirilən sosial və təhsil layihələri, həmçinin qadın idmançıların dəstəklənməsi və 2026-cı il üçün nəzərdə tutulmuş strateji hədəflər barədə ətraflı söhbət açdı.

-Ötən il federasiya hansı uğurlara imza atdı və 2026-cı ilə hansı hədəflərlə qədəm qoyub?
-Azərbaycan Karate Federasiyası son illərdə ölkədə karate idman növünün inkişafı və beynəlxalq səviyyədə uğurlarının artırılması istiqamətində ardıcıl, sistemli və nəticəyönümlü fəaliyyət göstərir. 2025-ci il Federasiya üçün yalnız milli komandaların dünya və Avropa çempionatlarında uğurla çıxış etməsi ilə yadda qalmayıb, həm də ölkədə karate idmanının vahid sistem üzrə inkişaf etdirilməsi, regionlarda infrastrukturun gücləndirilməsi, gənc və qadın idmançıların yetişdirilməsi və məktəb-universitet mühitində karate idmanının təşviqi istiqamətində mühüm addımların atıldığı bir il olub.
AKF 1997-ci ildən fəaliyyət göstərən Azərbaycan Karate Federasiyaları Assosiasiyasının hüquqi varisi kimi formalaşmış, 27 iyul 2023-cü il tarixində isə adı dəyişdirilərək rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Bu status Federasiyaya ölkə ərazisində karate idman növü üzrə yeganə tanınan və akkreditə olunmuş qurum kimi fəaliyyət göstərmək imkanı verir. Dövlətin idman siyasətinə uyğun şəkildə tətbiq edilən vahid idarəetmə modeli karate idmanının ölkədə sistemli inkişafını təmin edir.
2025-ci ilin nəticələri: Dünya və Avropa çempionatlarında ümumilikdə 209 medal!
Beynəlxalq yarışlarda 2025-ci ilin nəticələri federasiyanın bu yanaşmasının uğurunu göstərir. AKF millisi dünya və Avropa çempionatlarında ümumilikdə 209 medal qazanmışdır. Bunlardan 112-si idman karatesinə (WKF) aiddir: 39 qızıl, 29 gümüş və 44 bürünc. Qalan medallar isə ənənəvi və kontakt üslublar üzrə əldə edilmişdir. Paralel olaraq, Federasiya dünyada qəbul olunmuş 20-dən artıq karate üslubunu vahid sistem daxilində inkişaf etdirərək ümumi karate camiəsində koordinasiyanı və intizamlı idarəetməni gücləndirmişdir.
2026-cı ilə Azərbaycan Karate Federasiyası bir sıra hədəflərlə qədəm qoyur. Bunlar arasında idman karatesi üzrə olimpik standartlara cavab verən idmançı hazırlığını daha da gücləndirmək, uşaq-yeniyetmə və gənclər üçün ehtiyat bazasını genişləndirmək, seçim və hazırlıq mexanizmlərini təkmilləşdirmək, beynəlxalq yarışlarda sabit nəticə verən milli komanda modelini dərinləşdirmək, regionlarda karate məktəbləri və klubların fəaliyyətinin dayanıqlığını artırmaq, həmçinin hakimlik, məşqçilik və idarəetmə sahələrində keyfiyyət standartlarını yüksəltmək prioritet məqsədlər kimi göstərilir.
-Gənc karateçilərin inkişafı və psixoloji hazırlıqda Federasiya hansı proqram və yenilikçi metodları tətbiq edir?
-Gənc nəsil idmançıların inkişafı Azərbaycan Karate Federasiyasının əsas prioritetlərindən biridir. Müasir idman tələbləri göstərir ki, yalnız fiziki hazırlıqla kifayətlənmək mümkün deyil; uğurlu nəticələr üçün texnika, taktika, psixoloji dayanıqlıq, bərpa və yarış idarəetməsi bir sistem daxilində həyata keçirilməlidir.
Bu məqsədlə Federasiya mərhələli hazırlıq modelini tətbiq edir. Bu model çərçivəsində uşaqlarda baza motor bacarıqları, yeniyetmələrdə texniki-taktiki sistem, gənclərdə isə yarış performansı mərhələli şəkildə inkişaf etdirilir. Döyüşlərin video-analizi və rəqəmsal müşahidə vasitəsilə səhvlər müəyyənləşdirilir, rəqiblərin taktiki modelləri öyrənilir və təhlil olunur.
Psixoloji hazırlıq blokunda yarış həyəcanının idarə olunması, motivasiya və özünənəzarət bacarıqlarının inkişafı, psixoloji davamlılığın artırılması, komanda ruhunun formalaşdırılması və liderlik bacarıqlarının gücləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, bərpa və sağlamlıq yanaşması çərçivəsində yüklənmənin balanslaşdırılması, zədələrin profilaktikası, bərpa məşqləri və düzgün qidalanma vərdişlərinin formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılır.
Federasiya, həmçinin gənc idmançıların beynəlxalq təcrübə mübadiləsini təmin etmək üçün təlim-məşq toplanışları təşkil edir. Məsələn, Azərbaycan və Gürcüstan yığmalarının birgə toplanışları kimi düşərgələr onların bacarıqlarını və yarış hazırlığını artırır.
Bütün bu proqram və mexanizmlər Azərbaycan Karate Federasiyası tərəfindən vahid idarəetmə prinsipləri əsasında tətbiq olunur və gənc idmançıların “yarışa hazır” modelini formalaşdırmaq məqsədini daşıyır.
Regionlarda karate infrastrukturunun inkişafı
Azərbaycan Karate Federasiyasının
strateji prioritetlərindən biridir
- Federasiya regionlarda, xüsusilə kiçik şəhər və kəndlərdə karatenin inkişafı üçün hansı sosial və təhsil layihələrinə üstünlük verir?
-Regionlarda karate infrastrukturunun inkişafı Azərbaycan Karate Federasiyasının strateji prioritetlərindən biridir. Federasiyanın məqsədi yalnız yarış nəticələri əldə etmək deyil, həm də ölkə miqyasında sağlam həyat tərzinin təşviqi, gənclərin idmana cəlb olunması, sosial inteqrasiyanın təmin edilməsi və vətənpərvərlik dəyərlərinin gücləndirilməsidir.
Bu istiqamətdə Federasiya bir sıra mühüm addımlar atır. Bir çox bölgələrdə beynəlxalq və respublika səviyyəli turnirlər təşkil edilir, regionlarda yarışların keçirilməsi yerli idmançıların inkişafına stimul verir. Eyni zamanda, paytaxtda deyil, bölgələrdə də məşqçi və hakimlər üçün təlim-seminarlar keçirilir, bu da bölgələrdə peşəkar kadrların hazırlanmasını təmin edir.
Federasiya sosialyönümlü layihələrə də xüsusi diqqət yetirir. Məsələn, “Daun xəstəlik deyil, fərqlilikdir” təşəbbüsü vasitəsilə parakarateyə cəlb edilmə və inklüziv idman mühitinin genişləndirilməsi həyata keçirilir. Həmçinin məktəblərdə tanıtım günləri, valideynlərlə görüşlər və uşaqların idmana təhlükəsiz cəlb olunması ilə bağlı maarifləndirici tədbirlər təşkil olunur.Bu fəaliyyət nəticəsində regionlarda karate klublarına maraq artır, yeni istedadların aşkarlanması prosesi sürətlənir və ümumi idman mədəniyyəti daha geniş kütlələri əhatə edir.
-Federasiya yerli məşqçilərin peşəkarlığını artırmaq üçün hansı təlim və seminarlar təşkil edir?
-Məşqçi peşəkarlığı idman nəticələrinin əsas təməlidir və buna görə də AKF məşqçi və hakim heyətinin inkişafına xüsusi diqqət ayırır. 2025-ci il ərzində Federasiya müxtəlif istiqamətlər üzrə seminarlar, ustad dərsləri və imtahanlar təşkil etmişdir. Bu fəaliyyət çərçivəsində Ümumdünya Karate Federasiyası (World Karate Federation – WKF) metodikası üzrə təlimlər keçirilib, burada texnika, taktika və məşq planlaması üzrə biliklər gənc və təcrübəli məşqçilərə ötürülmüşdür. Eyni zamanda, hakimlik seminarları və imtahanlar təşkil edilərək qaydaların vahid tətbiqi və yarışlarda intizamın qorunması təmin edilir. Müxtəlif üslublar üzrə texniki seminarlar isə karate üslublarının vahid sistemə uyğun koordinasiyasını gücləndirir. Həmçinin beynəlxalq ustadların iştirakı ilə keçirilən seminarlar və ümumrespublika texniki imtahanlar məşqçilərin bilik və bacarıqlarını daha da artırır.
Federasiyanın rəsmi məlumatına görə, hazırda ölkə üzrə 354 lisenziyalı məşqçi fəaliyyət göstərir və onların sayının artması ilə yanaşı, peşəkarlıq və keyfiyyət meyarlarının yüksəldilməsi əsas məqsəd olaraq qalır.
-Qadın karateçilərin inkişafı üçün hansı təşəbbüslər həyata keçirilir?
- Son illərdə qadın karateçilərin beynəlxalq arenada qazandığı nəticələr həm kəmiyyət, həm də keyfiyyət baxımından nəzərəçarpacaq dərəcədə artmışdır ki, bu da görülən işlərin səmərəsini göstərir. Federasiya qadın idmançıların inkişafını təmin etmək üçün bir sıra təşəbbüslər irəli sürür. Qadın milli komandasının hazırlıq proqramları genişləndirilir, qız idmançılar üçün xüsusi təlim-məşq toplanışları və seçim mexanizmləri təşkil olunur. Eyni zamanda, regionlarda qızların idmana cəlb olunması məqsədilə maarifləndirici layihələr həyata keçirilir, qadın məşqçi və hakimlərin hazırlanması və idman prosesinə inteqrasiyası istiqamətində də işlər aparılır.
Federasiya 2026-cı ildə medal sayını artırmağı və sabit,
davamlı idman nəticələri əldə etməyi hədəfləyir
-Federasiya Azərbaycan karateçinin beynəlxalq arenada mövqeyini gücləndirmək üçün hansı strateji addımlar planlaşdırır?
-Azərbaycan karateçilərinin beynəlxalq arenada mövqeyinin gücləndirilməsi Azərbaycan Karate Federasiyası üçün əsas strateji prioritetlərdən biridir. Federasiyanın başlıca məqsədi Azərbaycan Respublikasının dövlət bayrağının nüfuzlu beynəlxalq yarışlarda layiqincə təmsil olunmasını təmin etməkdir. Qurum Ümumdünya Karate Federasiyasının (World Karate Federation -WKF) üzvü kimi fəaliyyət göstərərək hazırlıq, idarəetmə və yarış standartlarını beynəlxalq tələblərə uyğun şəkildə tətbiq edir.Bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan əsas addımlar beynəlxalq turnirlərdə iştirak coğrafiyasının genişləndirilməsi, Premyer Liqa, A Seriya və gənclər liqalarında davamlı iştirakın təmin olunması, seçim və hazırlıq mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə ehtiyat heyətin gücləndirilməsi, təlim-məşq toplanışlarının sayının artırılması və beynəlxalq düşərgələrdə fəal iştirakın təşkili, eləcə də elmi-metodik yanaşmanın — analitika, psixoloji hazırlıq və bərpa proseslərinin — daha da dərinləşdirilməsindən ibarətdir. Bu kompleks strateji yanaşma nəticəsində federasiya 2026-cı ildə daha çox final mərhələsinə yüksəlməyi, medal sayını artırmağı və sabit, davamlı idman nəticələri əldə etməyi hədəfləyir.
Yaqut Ağaşahqızı, “İki sahil”