18 fevral 2026 01:30
100

“Zehni bulanıqlığın” səbəbi nədir?

Son dövrlərdə bir çox insanlar diqqət dağınıqlığı, unutqanlıq və zehni fəaliiyətlərdəki aktivliklərinin azalmasından şikayət edirlər. Mütəxəssislər bu vəziyyəti zehni bulanıqlıq adlandırırlar. Qeyd olunur ki, bu anlayış tibbi diaqnoz deyil, daha çox düşünmə sürəti və yaddaşla bağlı çətinlikləri təsvir edən əlamətlər toplusudur.

Türkiyəli nevroloq Nihal Işık bildirib ki, zehni bulanıqlıq təkbaşına xəstəlik hesab edilmir. Lakin müxtəlif sağlamlıq problemlərinin əlaməti kimi ortaya çıxa bilər. Onun sözlərinə görə, bu hal vaxtaşırı güclənərək gündəlik fəaliyyətə mənfi təsir göstərə bilər. Mütəxəssis qeyd edib ki, ən çox rast gəlinən şikayətlər adların və sözlərin unudulması, danışarkən uyğun ifadəni tapmaqda çətinlik çəkmək, diqqəti cəmləyə bilməmək və yeni məlumatları əvvəlki kimi tez qavramamaqdır. Bu vəziyyət eyni anda bir neçə işi idarə etməyi çətinləşdirir, nəticədə iş performansı və təhsil göstəriciləri zəifləyə bilir.

Araşdırmalara görə, zehni bulanıqlığın yaranmasında yuxu pozuntuları, xroniki stress, hormonal dəyişikliklər və həyat tərzi amilləri mühüm rol oynayır. Xüsusilə COVID-19 infeksiyasından sonra uzanan sağalma dövründə bu cür şikayətlər daha tez-tez müşahidə olunur.

Həkimlər bildiriblər ki, kifayət qədər su qəbul etməmək də zehni fəaliyyətə mənfi təsir göstərə bilər. Susuz qalmaq beyin hüceyrələrinin normal fəaliyyətini zəiflədir və diqqət azalmasına səbəb ola bilər. Bundan əlavə, fiziki hərəkətsizlik, balanssız qidalanma, uzun müddət ekran qarşısında qalmaq və alkoqol qəbulu da vəziyyəti ağırlaşdıra bilər.

Mütəxəssislər vurğulayıblar ki, əgər unutqanlıq və diqqət problemləri tez-tez təkrarlanır və gündəlik həyata təsir edirsə, mütləq tibbi müayinədən keçmək lazımdır. Müalicədə əsas məqsəd səbəbi müəyyənləşdirməkdir. Bununla yanaşı, yuxu rejimini normallaşdırmaq, balanslı qidalanmaq, kifayət qədər su içmək, müntəzəm fiziki aktivlik və zehni itiləşdirən məşqlər zehni aydınlığın bərpasına kömək edə bilər.

Şahnigar Əhmədova, “İki sahil”