18 fevral 2026 15:16
110

Atəşkəs rejiminə NECƏ NƏZARƏT EDİLƏCƏK? - ZELENSKİDƏN AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, İsveçrədə keçirilən Rusiya–Ukrayna danışıqları çərçivəsində hərbi nümayəndələr atəşkəs rejiminə nəzarət mexanizmini müzakirə ediblər və bu prosesdə ABŞ-ın iştirakı nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki,  Ukraynanın “Novosti.LIVE” nəşrinin yaydığı məlumata görə, Zelenski görüşün nəticələrini şərh edərkən hərbi məsələlər üzrə müzakirələri konstruktiv adlandırıb.

“Əgər siyasi iradə olsa, hərbçilər atəşkəsə necə nəzarət etməyi anlayırlar. Onlar demək olar ki, bütün məsələlər üzrə razılığa gəliblər”, – deyə o bildirib.

Zelenski əlavə edib ki, monitorinq mexanizmi birbaşa Vaşinqtonun iştirakı ilə həyata keçiriləcək. Onun sözlərinə görə, ABŞ tərəfinin prosesdə iştirakı dəqiqdir.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Cenevrədə keçirilən danışıqlarda müəyyən irəliləyişin əldə olunduğunu açıqlamışdı. O qeyd etmişdi ki, görüş iştirakçıları bir sıra məsələlərə aydınlıq gətirə biliblər.