18 fevral 2026 15:24
111

ABŞ-da restoranlar arıqlama trendi fonunda PORSİYALARI AZALDIR

ABŞ-da ictimai iaşə müəssisələri getdikcə “superböyük” porsiyalardan imtina etməyə başlayır.

“İki sahil” xəbər verir ki, bu barədə Financial Times yazır.

Nəşrin məlumatına görə, "Yum! Brands" şirkətinin baş direktoru Chris Turner ABŞ-dakı bütün şəbəkə üzrə porsiya ölçülərinin dəyişdiriləcəyini açıqlayıb. Şirkət ölkədə KFC brendi də daxil olmaqla 4 mindən çox restoran idarə edir.

Digər restoran şəbəkələri də porsiyaların kiçildilməsi və ya “snack size” (qəlyanaltı ölçüsü) formatının tətbiqi barədə məlumat verirlər.

Mütəxəssislər iki əsas səbəb göstərirlər: 1. Arıqlama trendi və GLP-1 preparatları
ABŞ-da arıqlama dərmanlarına, xüsusilə Ozempic kimi GLP-1 qrupuna aid preparatlara tələbat sürətlə artır. Analitiklərin məlumatına görə, hazırda amerikalıların təxminən 12%-i bu tip yeni nəsil arıqlama dərmanlarından istifadə edir. Bu isə iştahanın azalmasına və restoran porsiyalarına marağın zəifləməsinə səbəb olur.

2. İqtisadi disbalans və müştəri axınının azalması
Ekspertlər ABŞ iqtisadiyyatında “K-formalı vektor” adlandırılan disbalansı qeyd edirlər: varlı təbəqələrin gəlirləri və yüksək texnologiya şirkətlərinin mənfəəti artır, aşağı gəlirli əhalinin gəlirləri və pərakəndə ticarət şəbəkələrinin qazancı isə azalır. Nəticədə, restoranlara gələn müştəri sayı azalır.

Morning Consult araşdırmasına görə, istehlakçılar daha çox evdə yemək hazırlamağa üstünlük verir və restoran sifarişlərini azaldırlar. Məsələn, “sonsuz” şorba və salat təklifi ilə tanınan Olive Garden şəbəkəsi ötən ay ABŞ-dakı 900 restoranında menyunun yeddi mövqeyi üzrə kiçildilmiş porsiyalar tətbiq edib.

Beləliklə, həm sağlamlıq meyilləri, həm də iqtisadi amillər ABŞ restoran sektorunda porsiya ölçülərinə yenidən baxılmasına səbəb olur.