ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin bugünlərdə ölkəmizə səfəri bir daha iki dövlət arasında siyasi dialoqun, qarşılıqlı hörmət və etimadın formalaşdığını göstərdi. Şübhəsiz, ABŞ Vitse-prezidentinin səfər çərçivəsində Prezident İlham Əliyevlə məhdud, həm də geniş tərkibli görüşlərdə, həmçinin mətbuat üçün bəyanatında nümayiş etdirdiyi mövqeni ötən ilin avqustundan Bakı və Vaşinqton arasında başlanan marafonun davamı kimi xarakterizə etmək olar. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”nın isə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatması deməkdir.

Milli Məclisin deputatı Tural Gəncəliyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bu səfərin böyük siyasi əhəmiyyət kəsb etdiyini bildirdi: “Bəri başdan deyim ki, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri tarixi səfər oldu. Bu səfər bir daha göstərdi ki, rəsmi Vaşinqton Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində çox maraqlıdır. Bunu, həm də ABŞ-ın Prezident İlham Əliyevin regiondakı aparıcı mövqeyini, qlobal proseslərdəki fəal iştirakını yüksək qiymətləndirməsi kimi dəyərləndirmək olar. Yeri gəlmişkən qeyd edim ki, Donald Tramp müxtəlif platformalardakı çıxışlarında Prezident İlham Əliyevin fəaliyyətini yüksək dəyərləndirib. Hətta onu böyük lider adlandırıb. Bəli, bu gün Azərbaycan Prezident İlham Əliyevin simasında etibarlı tərəfdaş kimi tanınmaqdadır. Bir məsələni də vurğulayım ki, ABŞ Prezidenti Tramp ölkəsinin Cənubi Qafqazdakı maraqlarının yalnız bölgədə söz sahibi olan, özünün yeni inkişaf dövrünü yaşayan Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq şəraitində daha effektiv formada təmin olunacağına tamamilə əmindir”.
Müsahibimiz daha sonra dedi: “Fevralın 10-da Bakıda Prezident İlham Əliyev və Vitse-prezident Cey. Di. Vens tərəfindən imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"na gəldikdə, bu sənəd iki dövlət arasında əməkdaşlıqla bağlı bir çox mühüm sahəni əhatə etməklə Azərbaycan-ABŞ tərəfdaşlığını tamamilə yeni mərhələyə yüksəldir. Dörd bölmədən ibarət olan bu sənəd Azərbaycan–ABŞ münasibətlərinin çox sahələrdə, eləcə də enerji, ticarət və tranzit, təhlükəsizlik sahələrində genişlənməsini nəzərdə tutur. Xəzər dənizində təhlükəsizlik infrastrukturunun gücləndirilməsi, minatəmizləmə sahəsində əməkdaşlığın nəzərdə tutulması isə olduqca önəmlidir. Ən əsası isə bu sənədlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə güclü dəstək verilir. Bu mənada Xartiyanı tarixi sənəd adlandırmaq olar”.
Müsahibimizin fikrincə, imzalanmış Xartiya çərçivəsində xüsusi diqqət çəkən istiqamətlərdən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir: “Xatırladaq ki, TRIPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini, eyni zamanda, Asiya ilə Avropanı birləşdirən multimodal logistika xəttinin yaradılmasını nəzərdə tutur. Bu baxımdan layihə qlobal əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, həm ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens, həm də Prezident İlham Əliyev bu layihənin sülhə xidmət edəcəyini vurğulayıblar.
Onu da qeyd edək ki, iki ölkə arasında indiyədək belə bir sənəd imzalanmamışdı. Hətta demokratların hakimiyyəti dövründə ABŞ ilə Azərbaycan arasında əlaqələr tamamilə sıfırlanmışdı. Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə geniş tərkibdə görüşü zamanı bu məsələyə toxunaraq demişdir: "Əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Biz Prezidentin rəhbərliyi ilə bunu düzəltdik. Buna görə mən çox minnətdaram".
Qvami Məhəbbətoğlu, “İki sahil”
Birinci Türkoloji Qurultay: Tük xalqlarının mədəni həyatında mühüm tarixi hadisə