18 fevral 2026 20:41
121

Ukrayna XİN: Danışıqlarda atəşkəsin texniki aspektləri razılaşdırılıb

Ukrayna, ABŞ və Rusiyanın danışıq qrupları texniki səviyyədə atəşkəsin və ona riayət olunmasının monitorinqinin necə həyata keçiriləcəyini müəyyənləşdiriblər.

“İki sahil” "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sədri Georgi Tixi bildirib.

"Qeyd edə bilərik ki, texniki səviyyədə atəşkəsin, onun monitorinqinin necə baş tutacağı ilə bağlı anlayış var. Həmçinin, artıq aydındır ki, monitorinq dəqiq olaraq ABŞ-nin iştirakı ilə olacaq. Bu, bizim üçün çox vacib konstruktiv və müsbət məqamdır", - o vurğulayıb.

Tixi əlavə edib ki, Ukrayna üçün humanitar məsələlər bloku, ilk növbədə, əsir mübadiləsi olduqca vacibdir: "Ukrayna nümayəndə heyəti bu mövzunu qaldırıb və gələcəkdə də qaldıracaq. İnsanlarımızı qaytarmaq və sülhü yaxınlaşdırmaq üçün hər bir, hətta ən kiçik imkandan istifadə edəcəyik".

Daha əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov bildirmişdi ki, Cenevrədə üçtərəfli danışıqların növbəti raundu yaxın vaxtlarda baş tutacaq. Onun sözlərinə görə, bugünkü danışıqlar mürəkkəb, lakin vacib olub.