18 fevral 2026 22:29
104

Azərbaycanda dövlət zəmanətli borc ÜDM-in 8 %-nə düşüb

2025-ci ildə Azərbaycanda dövlət zəmanətli borcun məbləği 10 milyard 368,4 milyon manata və yaxud ümumi daxili məhsulun 8 %-nə düşüb.

“İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumda keçirilmiş növbəti Kollegiya iclasında məlumat verilib.

İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin ötən il gördüyü işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə də cari məsələlər müzakirə olunub.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verir. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradır.

S.Babayev qeyd edib ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyası ilə müəyyən edilən strateji məqsədlərə tam nail olunub, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 30 %-dən aşağı saxlanılması, xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi müəyyən edilən prioritet tədbirlər gözlənilib. Bununla yanaşı, 2025-ci ilin sonunadək faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 50 %-i keçməməsi, daxili borcalmanın genişləndirilməsi, bunun müqabilində xarici dövlət borcunun tədricən azaldılması, dövlət qiymətli kağızlarının orta ödəniş müddətinin mərhələli şəkildə uzadılması təmin edilib.