19 fevral 2026 09:15
111

Britaniyada sosial şəbəkələrdə təhqiramiz məzmunu 48 saat ərzində silmək tələb olunacaq

Böyük Britaniyada fəaliyyət göstərən sosial media platformalarından şikayət alındıqdan sonra 48 saat ərzində təhqiramiz foto və videoları silmək tələb olunacaq, əks halda onlar böyük cərimələr və ya bloklanma ilə üzləşəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Hökumət hazırda parlament tərəfindən nəzərdən keçirilən cinayət və polisin fəaliyyəti haqqında qanun layihəsinə müvafiq düzəlişlər edib.

Tədbirlər əsasən keçmiş həyat yoldaşları və ya partnyorları tərəfindən ayrılıq üçün qisas almaq məqsədilə intim materialların dərc olunmasına aid olunacaq. Bundan başqa, süni intellekt vasitələrindən istifadə də daxil olmaqla, insanların razılığı olmadan seksual şəkillərinin yaradılması və yayılması prioritet cinayət kimi qiymətləndiriləcək.

"Bu o deməkdir ki, bu cür cinayətlərə uşaq istismarı və ya terrorizm qədər ciddi yanaşılacaq", - məlumatda deyilir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer xəbərdarlıq edib ki, bu cür məzmun müəyyən edilmiş müddət ərzində silinməlidir.

"Şirkətlərə xəbərdarlıq edirik ki, razılıq olmadan paylaşılan hər hansı şəkil 48 saat ərzində silinsin. Qadınlara və qızlara qarşı zorakılığın cəmiyyətimizdə yeri yoxdur və mən bu zorakılıq aradan qaldırılana qədər sakitləşməyəcəyəm", - o deyib.

Qaydalara əməl edilməməsi internet şirkətlərinin qlobal gəlirlərinin 10 %-ə qədər, milyardlarla funt sterlinqə bərabər məbləğdə cərimə ilə nəticələnə bilər.