19 fevral 2026 12:16
174

Aqrar Sığorta Fondu 54 rayonda sığorta ödənişləri həyata keçirib

Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən sərfəli aqrar sığorta mexanizmindən bütün ölkə ərazisindəki fermer və təsərrüfatlar faydalanır.

“İki sahil” xəbər verir ki, aqrar sığorta əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edir. Həmin risklər nəticəsində təsərrüfatlara dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır.

Aqrar Sığorta Fondunun məlumatına əsasən 2025-ci ilin nəticələrinə əsasən, Azərbaycanın 54 rayonunda ümumilikdə 9,2 milyon manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Ötən il bitkiçilik məhsulları ilə bağlı baş verən zərərlər üzrə ölkənin 51 rayonunda ümumi məbləği 8,8 milyon manat olan ödənişlər həyata keçirililib. Əvvəlki illə müqayisədə 2025-ci ildə Zərdab, Astara, Oğuz, Abşeron, Siyəzən, Xızı, Sabunçu və Cəbrayıl rayonlarında, eləcə də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında – Bəbək və Şahbuz rayonlarında sığorta ödənişləri edilib.

Eyni zamanda 2025-ci ildə heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə Aqrar Sığorta Fondu tərəfindən 21 rayonda təsərrüfatlara sığorta ödənişləri həyata keçirilib. Heyvandarlıq təsərrüfatları üzrə ödənişlərin ümumi məbləği 400 min manat təşkil edib.

Aqrar Sığorta Fondu tərəfindən sığorta ödənişlərinin davamlı artması və zərərləri qarşılaması nəticəsində fermerlərin aqrar sığorta mexanizminə marağı artmaqdadır.

Xatırladaq ki, aqrar sığotrta mexanizmi bitkiləri təbiət hadisələri – dolu, fırtına, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, yanğın, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair hadisələrdən qoruyur.

Kənd təsərrüfatı heyvanları isə yoluxucu xəstəliklər, yemdən və otdan zəhərlənmə, vəhşi heyvanların hücumu, ilan və həşərat sancması, yanğın, təbii fəlakətlər, avtomobillə vurma, qəza nəticəsində tələf olma, 3-cü şəxslərin hərəkətləri kimi risklərdən sığorta edir.

Fermerlərə dəstək üçün sığorta haqqının yarısını dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığortalaya bilirlər.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» və «Heyvandarlıq məhsulları» bölmələrində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» və «Heyvandarlıq kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.